İnsanlara hürriyət, millətlərə istiqlal!

İŞİD-in İranda “xortlaması”nın səbəbi

Nədən Şiraz şəhərindəki ziyarətgah hədəfə alındı?

Xəbər verildiyi kimi, İranda ziyarətgahda baş verən məlum terror aktına görə məsuliyyəti İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşması öz üzərinə götürüb.

İranın Fars əyalətinin Şiraz şəhərində yerləşən “Şah Çıraq” ziyarətgahında terror aktı oktyabrın 26-da baş verib. 3 nəfər silahlı şəxs ziyarətgaha daxil olaraq avtomat silahlardan hər kəsə atəş açıblar. Nəticə 15 nəfər ölüb, 40 nəfər yaralanıb.

Hücumçulardan iki nəfəri dərhal saxlanılıb, bir nəfər isə qaçıb. Hadisədən bir gün sonra İŞİD terror təşkilatı hücuma görə məsuliyyəti öz üzərinə götürüb. İran hüquq-mühafizə orqanları isə hücumu həyata keçirənlərin əcnəbi olduğunu bildirsə də, ölkə adı çəkməyiblər. Sosial şəbəkələrdə isə terrorçuların əfqan əsilli olması ilə bağlı xəbərlər yayılır. Ancaq bu xəbərlərin rəsmi mənbəyi yoxdur.

Qeyd edək ki, bir neçə ay əvvəl İranın şərqində Məşhəd şəhərində 8-ci İmam Rzanın (ə) ziyarətgahında əfqan əsilli şəxsin hücumu nəticəsində 3 din xadimi həlak olmuşdu. Bu baxımdan hadisənin əfqan əsilli şəxs tərəfindən törədilməsi bir neçə ay əvvəlki hadisə ilə bağlamaq cəhdi də ola bilər.

İŞİD-in Şiraz terrorunu öz üzərinə götürməsi də birmənalı qarşılanmayıb. Bir çox Qərb media orqanları İŞİD-in açıqlamasını şübhə altına alır. Çünki son illərdə fərqli ölkələrdə baş verən bir neçə terror hadisəsini İŞİD öz üzərinə götürsə də, sonradan bu iddia təsdiqini tapmayıb. Buna görə də bir çox ekspertlərə görə, İŞİD sadəcə, adını gündəmdə saxlamaq, hələ də çox güclü olduğunu göstərmək üçün bir qayda olaraq bu cür hücumların məsuliyyətini üzərinə götürür. O zaman Şah Çıraq terrorunun əsas şübhəliləri kim(lər)dir?

İranda son illərdə baş verən terror hücumlarında iki əsas qruplaşmanın adı hallanır. Birincisi hazırkı hakimiyyətə qarşı silahlı mübarizə aparan “Xalqın Mücahidləri” qruplaşmasıdır. Uzun illərdir müxtəlif ölkələrdə mənzillənən bu qruplaşma İranda bir sıra terror aktları törədib. Onlardan ən böyükləri 1981-ci il parlament terroru və 1996-cı il Məşhəd ziyarətgahında törədilən terror aktıdır.

İŞİD-in İran ərazisində fəaliyyət göstərməsi ilə bağlı fakt olmasa da, bu qruplaşma 2017-ci il iyunun 7-də İran Parlamenti və Ayətullah Xomeyninin türbəsini hədəf alan hücumlar təşkil edib və bu hücumlarda azı 18 nəfər ölüb. Həmin hücumları da xaricdən ölkəyə daxil olmuş şəxslər həyata keçirmişdi.

İran yarı-rəsmi mediası isə terror hücumlarının arxasında xarici ölkələrin durduğunu, sifarişçilərin İranda xaos və qarışıqlıq yaratmaq istəyən dövlətlər olduğunu bildirir. Artıq ölkə rəhbərliyi, o cümlədən prezident İbrahim Rəisi və dini lider Ayətullah Əli Xameneyi baş verən hadisəyə münasibət bildirib, qisasın alınacağı bildiriblər. Dini lider ölkənin müvafiq qurumlarının səfərbər olunmasını istəyib.

President of Iran blames ISIS attack on hijab protests in chilling moment  of desperation | World | News | Express.co.uk

Rəsmi media bu hadisəni İranın müqəddəslərinin təhqir olunması kimi qiymətləndirir. Şiraz şəhərində yerləşən bu ziyarətgahda 7-ci İmam Musa əl-Kazimin (ə) oğlanları Əhməd və Məhəmmədin dəfn olunduğu məkandır. Tarixi mənbələrə görə, hər iki şəxs həmin vaxt İranın şərqində Xorasanda olan 8-ci İmam Rzanı (ə) görmək üçün indiki İraq ərazisindən Xorasana gedərkən yolda hücuma məruz qalaraq öldürülüb. Hər iki qardaş Şiraz şəhərində dəfn olunub. Ancaq bu qəbirlər bir müddət gizli qalıb, daha sonralar qəbirdən işıq yüksəldiyi üçün adına “Şah Çıraq”, (“İşığın şahı”) adı verilir. Qəbirlərdən birindən üzərində “Əl-izzəti Lillah, Əhməd ibn Musa (ə)” yazılmış üzük tapılır.

İlk dəfə Atabəylər dövründə qəbirlərin üzərində məqbərə-ziyarətgah inşa edilib, 1508-ci ildə Səfəvi dövləti ziyarətgah binasını təmir etdirib. Sonrakı illərdə Nadir şah və Qacar sülaləsinin nümayəndələri bu ziyarətgahı təmir etdirib. Hazırda müxtəlif ölkələrdən və İranın fərqli regionlarından bu ziyarətgaha insanlar gəlir. Şiraz İranın cənubunda, mərkəzdən xeyli uzaqda yerləşən sakit şəhərdir.

Terrorçuların niyə bu şəhəri və ziyarətgahı hədəfə almasının bir açıqlaması yoxdur. Mümkündür ki, Qum, Məşhəd və Tehrandakı dini ziyarətgahlardan fərqli olaraq “Şah Çıraq” xüsusi mühafizə olunmayıb və buna görə də nisbətən asan hədəf olub. Terror aktının bomba vasitəsilə deyil, avtomat silahlarla həyata keçirməsi onu göstərir ki, İran daxilində terrorçuları təmin edən və dəstəkləyən şəxslər olub. Çünki aydın məsələdir ki. ölkə daxilində dəstəkçilər olmasa, xarici ölkədən İrana silah keçirmək mümkün deyil.

15 killed, 40 injured in terrorist attack claimed by ISIS in Iran | CNN

Bu terror hadisəsi dindar kütləni hədəfə alıb. Və güman ki, ölkədə hakimiyyət zəifliyi, hüquq-mühafizə orqanlarının nüfuzunu zədələməyə hesablanıb. Terrorun məhz ziyarətgahı hədəf alması, qadın, hətta azyaşlı uşaqların güllələnərək öldürülməsi terrora təkfirçi obrazı bürüməyə xidmət edə, İŞİD versiyasını gücləndirməyə xidmət edir. Lakin hazırda İraq və Suriyada ciddi şəkildə sıxışdırılmış, Əfqanıstanda isə Talibanla savaşan İŞİD-in İranın mərkəzi rayonlarında terror törətməyi planlaması inandırıcı görünmür. Çünki bu hadisəyə qisas əməliyyatı adı vermək üçün İran və İŞİD arasında 5 il əvvələ qədər olduğu kimi birbaşa toqquşmalar demək olar ki, yoxdur. İkincisi, aktiv olduğu regionlarda ciddi güc itkisi yaşayan İranın İraq, Suriya, Əfqanıstan kimi regionları qoyub İranın mərkəzində heç bir hərbi-siyasi əhəmiyyəti olmayan ziyarətgaha hücum hazırlaması üçün əsaslı səbəb yoxdur. Bu da hadisənin sifariş olduğunu və daha çox İran daxilindəki siyasi situasiya ilə bağlı olduğu şübhələrini artırır.

Kənan RÖVŞƏNOĞLU

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR