İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanın növbəti diplomatik iflası: kapitulyant Azərbaycandan daha bir qapaz yeyə bilər!

Ermənistan köhnə iddialarını gündəmə qaytarmaq cəhdlərindən əl çəkmir; Bakı isə sülh üçün heç kimə yalvarmayacaq, çünki...

Ermənistanın Azərbaycanla sülh istəyində səmimi olduğunu hələ ki söyləmək mümkün deyil. Bunu ötən həftəsonu kapitulyant ölkənin xarici işlər naziri Ararat Mirzoyanın İrəvanda rusiyalı həmkarı Sergey Lavrovla birgə brifinqdə, az sonra isə KTMT XİN rəhbərləri Şurasının toplantısında söylədiyi təxribatçı fikirlər, ölkəmiz əleyhinə oxuduğu köhnə bayatılar bir daha təsdiqlədi.

Belə ki, Mirzoyan yenə Qarabağdakı “Fərrux kəndi problemi”ni Rusiya tərəfinin diqqətinə çatdıraraq aranı qatmağa çalışdı, bunu Bakının “işğalçı siyasəti”nin davamı kimi qələmə verərək (sən demə, Azərbaycan öz kəndini işğal edibmiş), Rusiya “sülhməramlı” kontingentini “ədaləti hələ də bərpa eləmədiyi” üçün dolayısı ilə qınamağa cəhd elədi. Növbəti dəfə Bakını 10 noyabr üçtərəfli sazişini pozmaqda suçladı.

KTMT XİN başçıları Şurasının İrəvan sammitində isə A.Mirzoyan “barıtı” bir az da çoxaltdı. İddia elədi ki, Azərbaycan hərbçiləri iki ildir həmsərhəd “Sünikin” (Qərbi Zəngəzurun) bir hissəsində qalır. Yəni guya ordumuz Ermənistan ərazisinə girib. Başqa sözlə, bu dəfə Rusiya daxil, faktiki KTMT-ni Ermənistanın “ərazi bütövlüyünə” laqeydliklə ittiham elədi. 

*****     

Burda deyiblər, “Adımı sənə qoyum, səni də yana-yana”. Əvvəla, Azərbaycan əsgəri Ermənistan ərazisinə girməyib. 30 illik işğal dövründə qarşı tərəfin qanunsuz zəbt elədiyi həmsərhəd torpaqlardan (sovet xəritəsi əsasında təbii ki) onu vurub çıxarıb. Düz də edib.

İkincisi, Azərbaycanla Ermənistan arasında sərhədlərin  delimitasiyası və demarkasiyası başlamayıb. O zaman Mirzoyan hansı legitim sərhəddən və ya “Ermənistanın qanuni ərazisi”ndən dəm vurur? Hələ heç bilmək olmaz, sərhədlər dəqiqləşəndən sonra Ermənistan sərhədçiləri indi dayandıqları mövqelərdə də qala biləcəklər, ya yox.

Üçüncüsü, Mirzoyan nə üzlə Azərbaycanı işğalçılıqda suçlayır ki, onun quldur ölkəsi hələ də Naxçıvanın və Qazağın üst-üstə 8 kəndini (ümumi sahəsi 100 kv km) işğal altında saxlayır və Qarabağdan silahlı dəstələrini bu günədək çıxarmayıb?! Bura Zəngəzur dəhlizinin və kommunikasiyaların açılmasına, habelə keçmiş azərbaycanlı köçkünlərin geri dönməsinə yaradılan əngəlləri də əlavə eləsək, 10 noyabr 2020 (4, 6, 8 və 9-cu bəndlər), 11 yanvar 2021 üçtərəfli yazılı anlaşmaları pozan kimdir?!

*****

Əlbəttə ki, İrəvanın bu qəbildən əsassız ittihamlarını Moskva da, KTMT də görür. Onu da yaxşı bilirlər ki, Azərbaycan Ermənistanın bir qarış torpağını da işğal eləməyib. Azərbaycan əsgəri, sərhədçisi öz ərazimizdədir. Hərçənd “Ermənistan” adlı saxta, baş tutmamış dövlətin özü tarixi Türk-Azərbaycan torpaqlarında yerləşir. Buna əmin olmaq üçün cəmi 104 il öncəki, Rusiya arxivlərində də qalan legitim xəritələrə baxmaq kifayətdir.  

Bu səbəblərdən rəsmi İrəvanın cığallığı yenə özünə dəstək qazanmadı. Eləcə də Mirzoyanın artıq çoxdan murdar olmuş ATƏT-in Minsk Qrupu həmsədrliyini “diriltmək” səyləri iflasa uğradı. Lavrov bu haqda heç danışmadı da. Həmçinin KTMT XİN başçıları Şurasının İrəvan sammitində qəbul elədiyi yekun sənəddə İrəvanın Azərbaycana qarşı hər hansı iddia yer almadı.

Fury in Moscow After Air Closures Block Lavrov Trip to Serbia - The Moscow  Times

Bu, “izqoy” Ermənistanın İrəvanın növbəti diplomatik iflasıdır. Eyni zamanda ona növbəti və aydın mesajdır: köhnə əyyamlara, köhnə iddialara qayıdış və dəstək olmayacaq! Qatar gedib. Odur ki, Ermənistan rəhbərliyi, xüsusən də onun sülh prosesinin bombalamaqla məşğul olan XİN-i, konkret olaraq nazir Ararat Mirzəyan vaxtaşırı suyu bulandırmqdansa, nəhayət, göydən yerə enib nə qədər tez mövcud reallıqla yaşasa, bir o qədər onun özünün də, bütövlükdə erməni xalqının da faydasına olar. Ona görə ki, status-kvo başqadır və Ermənistanın köhnə kaprizləri üçün zərrəcə yer qoymur. Azərbaycan da sülh üçün Ermənistana yalvarmaq niyyətində deyil. Həm də o səbəbə ki, zaman artıq kapitulyant ölkənin ziyanına işləyir, Azərbaycanın yox.       

*****

Ermənistanda radikal-revanşist qüvvələrin hakimiyyəti ələ keçirib əldə olunmuş anlaşmaları sıfırlamaq ehtimalına gəlincə, bunun da bədəlini şübhəsiz ki, hamıdan çox yenə özləri, erməni xalqı ödəyəcək. 

“Bizim üçün Ermənistanda millətçilərin hakimiyyətə gəlməsi ilə bağlı haray-həşir salmağa ehtiyac yoxdur. İmkan verək ki, onlar hakimiyyətə gəlib səhvlər etsinlər ki, biz də bu səhvlərdən özlərinə qarşı istifadə edək. Çünki onlar növbəti səhvlərində Azərbaycandan daha bir sərt qapaz alacaqlar”.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov: “...Rusiya Azərbaycanın cavab  zərbəsinə daha mülayim yanaşa bilər" - BBC News Azərbaycanca

Bunu Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov söyləyib (Teleqraf.com).

O, baş nazir Nikol Paşinyanın özünün də sülh prosesinə destruktiv baxışdan hələlik tam xilas olmadığını düşünür. “Paşinyan erməni millətçiliyini kənara qoyub proseslərə soyuq başla yanaşa bilmir. Sadəcə olaraq, onun digər erməni millətçilərdən fərqi odur ki, real imkanları nəzərə alaraq nəsə bəyanatlar verir. Bu sadəcə belədir. O, prosesin irəliləməsi üçün hansısa addımlar atmağa da tələsmir. Amma buna baxmayaraq, bizim üçün Ermənistanın ziyanına siyasət aparan bir tərəf lazımdır. Çünki Azərbaycanın hərbi, iqtisadi, siyasi üstünlüyü həddindən artıq çoxdur. Əgər qarşı tərəf bundan sonra da qeyri-adekvat siyasət aparsa, bizim üçün bəhanə olar ki, ona qarşı sərt addımlar ataq”.

Bakı və İrəvan arasında Rusiya və Qərbin vasitəçilik uğrunda rəqabətindən danışan politoloq belə bir rəqabətin olduğuna inanmadığını deyib: “Rusiya onsuz da Ermənistanı qucağında elə saxlayıb ki, onların tərpənmək imkanları belə yoxdur. Sadəcə, Avropa İttifaqı böyük maliyyə imkanlarına malik bir qurumdur. Tərəflər, yəni Azərbaycan və Ermənistan da daha çox maraqlıdır ki, bu mənbədən istifadə etsin. Başqa-başqa layihələrin maliyyələşməsi məhz bu istiqamətdən olsun deyə belə yanaşmalar var. Bundan başqa burada ayrı bir məsələ görünmür”.

Azərbaycan üçün isə sülh prosesinə kimin daha çox irəli aparmasının xüsusi önəmi yoxdur. Hərçənd Moskvanın buna daha çox imkanı var, nəinki Avropanın. Çünki Kremlin İrəvana təzyiq rıçaqları ciddi olaraq qalır. Hələ ki...   

Siyasət şöbəsi,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR