Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan sülh müqaviləsinin imzalanmasına hazır olduğunu bəyan etsə də, rəsmi İrəvanın digər yüksəkvəzifəli rəsmiləri və diplomatları tamamilə fərqli ritorikadan istifadə edirlər. Ermənistan Xarici İşlər Nazirliyinin müavini Azərbaycanı açıq şəkildə ittiham edən, aqressiv və qarşıdurmaya yönəlmiş açıqlamalar səsləndirir. Bu, rəsmi İrəvanın siyasətində ciddi ziddiyyətlərin olduğunu və Ermənistan hakimiyyətinin daxilində vahid mövqeyin formalaşmadığını göstərir.
Eyni zamanda Ermənistanın müxtəlif ölkələrdəki səfirləri də fərqli və bir-birini təkzib edən bəyanatlar verirlər. Bəzi diplomatlar Ermənistanın sülhə sadiq olduğunu vurğulasa da, digərləri açıq şəkildə Azərbaycanı günahlandıran və danışıqlar prosesinə mane ola biləcək açıqlamalar səsləndirirlər. Bu ziddiyyətli mövqelər Ermənistanın xarici siyasətində koordinasiyanın olmadığını və müxtəlif dairələrin fərqli maraqlar güddüyünü göstərir.
Paşinyanın sülh müqaviləsinin imzalanmasına hazır olduğunu elan etməsi rəsmi İrəvanın dünyaya təqdim etdiyi görüntüdür. Lakin digər dövlət rəsmilərinin sərgilədiyi aqressiv mövqe Ermənistanın daxili siyasi proseslərində xaosun davam etdiyini və sülh danışıqlarına mane olan daxili qüvvələrin hələ də aktiv olduğunu sübut edir. Bu vəziyyət Cənubi Qafqazda uzunmüddətli sabitliyə nail olmaq üçün Ermənistanın daxilində ciddi siyasi dəyişikliklərin və aydın xarici siyasət strategiyasının formalaşmasının vacibliyini ortaya qoyur.
Politoloq Elxan Şahinoğlu mövzu ilə bağlı Musavat.com-a danışıb:
"Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya, İran və Fransa Prezidentlərinə tələsik zəng edərək İrəvan və Bakı arasında saziş bağlanması ilə bağlı danışıqların başa çatdığını bildirdi. Görünən odur ki, Paşinyan sülh sazişini qısa müddətdə imzalamaq istəyir. Azərbaycan rəsmiləri sülh sazişinin mətninin razılaşdırıldığını bildirsələr də, Ermənistan Konstitusiyasında dəyişiklik tələbini də səsləndirirlər. Paşinyan Konstitusiya dəyişikliyini sülh sazişinin imzalanmasından sonraya saxlamağa çalışır. Rəsmi Bakı bununla razı deyil. Bu səbəbdən Paşinyan müxtəlif dövlət başçılarına zəng edib “sülh sazişinin imzalanması üçün heç bir maneə qalmayıb” deməklə rəsmi Bakının sülh sazişini imzalamaqdan başqa alternativinin qalmayacağınıı düşünür. Çünki əgər hər iki tərəf mətnin razılaşdırıldığını vurğulayırsa və müxtəlif ölkə liderləri əldə olunan razılaşmanı alqışlayırlarsa, sazişin imzalanması üçün heç bir əngəl qalmamalıdır.
Paşinyanın “Konstitusiya dəyişikliyini də həyata keçirəcəyik” vədinə inanmaq olarmı? Ermənistanda keçirilən son sorğular göstərir ki, ermənilərin əksəriyyəti Konstitusiya dəyişikliyinin əleyhinədir. Digər tərəfdən Paşinyanın reytinqinin aşağı düşdüyünü göstərən sorğular da var. Bu baxımdan Konstitusiya dəyişikliyinin sonraya saxlanılmasının riskləri mövcuddur. Paşinyan sülh sazişinin imzalanmasında maraq olduğunu söyləsə də, bunun reallaşması üçün Konstitusiya dəyişikliyini iki il sonraya, yəni parlament seçkilərindən sonraya saxlamaq istəyir. Paşinyan Konstitusiyada Azərbaycana ərazi iddiasını əks etdirən bəndin çıxarılacağına eyham vurub. Ancaq bu İlham Əliyevi qane etmir. Dünyada və bölgədə hadisələr sürətlə dəyişir. İki il böyük müddətdir. Ona görə Paşinyan sülh sazişini qısa müddətdə imzalamaq istəyirsə, Konstitusiya dəyişikliyini bu il ərzində həyata keçirməlidir. Digər tərəfdən Paşinyan özü sülhdə maraqlı olduğunu vurğulasa da, erməni rəsmiləri qızışdırıcı açıqlamalar verir və addımlar atırlar. Misal üçün mart ayında Azərbaycanla Ermənistan arasında təmas xəttində atəşkəsin pozulması halları oldu. Azərbaycan Müdafiə Nazirliyi bu haqda açıqlamalar verdi. Ermənistanın Müdafiə Nazirliyi isə atəşkəsin pozulması hallarının olmadığını iddia etdi. Bu arada Nikol Paşinyanın sosial şəbəkədəki bir cümləsi diqqəti çəkdi.
O yazdı ki, “Müdafiə Nazirliyinə tapşırmışam ki, atəşkəs rejimini pozmasınlar”. Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Müdafiə Nazirliyinin Ermənistanın atəşkəsi pozduğu məlumatlarını təkzib etməyə çalışsa da, Paşinyanın “tapşırmışam ki, atəşkəs rejimini pozmasınlar” cümləsi atəşkəsin Ermənistan tərəfdən pozulduğunu açıq etirafı idi. Paşinyan illər öncəki açıqlamasında “Ermənistan ordusunda beşinci kolon mövcuddur” demişdi. Görünür, Paşinyan atəşkəsi pozan həmin beşinci kolonu ordusundan təmizləyə bilmir ki, “atəşkəsi pozmayın” müraciəti ilə çıxış etməli olur. Belə çıxır ki, Paşinyan öz komandasına tam nəzarət edə bilmir. Belə olan halda iki ölkə arasında sülhün əldə olunması problematikdir. Paşinyanın parlamentdəki son çıxışındakı bəzi məqamlar sülhə əngələ işarədir. O çıxışında “Qarabağ hərəkatı erməni dövlətçiliyinin formalaşmasına mane olur” deyərkən ölkəsinin üzləşə biləcəyi təhlükəyə işarə edib. “Qarabağ hərəkatı davam etməməlidir” deyən Paşinyan parlamentdəki müxalifət təmsilçilərindən fərqli olaraq anlayır ki, bu “hərəkatın” davamı Azərbaycanla sülhə əsas əngəllərdən biridir. Sülh sazişi ilə “Qarabağ hərəkatı” bir araya sığmır. Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalandıqdan sonra qonşu ölkədə “Qarabağ hərəkatı” fəaliyyətini davam etdirərsə, bu həmin sənədin əhəmiyyətsiz olacağına dəlalət edəcək. Belə çıxacaq ki, Ermənistan bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq, digər tərəfdən qonşu dövlətdə ölkəmizin ərazisinə iddia edən “hərəkat” fəaliyyətini davam etdirəcək. Bu qarşıdurmanın davamı demək olacaq. Bunu anlayan və Azərbaycanla yeni müharibədən qorxan Paşinyan “Qarabağ hərəkatının” fəaliyyətini qadağan etməlidir".
Xalidə Gəray
Musavat.com
31 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ