İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanın Avropa ilə riskli “bacı-bacı” oyunu - Qarabağda antiterror əməliyyatı an məsələsi!

Rusiyanın Ermənistanı Azərbaycanın əli ilə cəzalandıracağı ehtimalı günbəgün artır; ekspertlərdən ilginc proqnoz və faktlar...

Fevralın 20-də Avropa Birliyinin (AB) uzunmüddətli yarım-hərbi missiyası Ermənistanda işə başlayıb. Missiya əsasən Azərbaycanla dəqiqləşməyən sərhəddə 2 il müddətində birtərəfli qaydada monitorinq aparacaq. Çünki Bakı buna razılıq verməyib. Ona görə ki, Avropa rəsmilərinin gəlişigözəl bəyanatlarına rəğmən, sülh müqaviləsi imzalanmadan, belə bir missiyanın obyektivliyi və effektliliyi böyük sual altındadır.

Üstəlik, bu təşəbbüsün arxasından qatı ermənipərəst Fransanın iri “qulaqları” aydın görünür. Başqa sözlə, missiya Azərbaycana qarşı hansısa təxribatçı planın da içində yer ala bilər. Odur ki, Bakının monitorinqi diqqətlə izləməklə yanaşı, lazım gələrsə, ona adekvat reaksiya verəcəyi şübhəsizdir.

Hadisənin yaratdığı başqa bir maraqlı məqam tərkibində fransız və alman polislərinin də yer alacağı avropalı müşahidəçilərin Ermənistandakı (Gümrü hərbi bazası, Türkiyə və İranla sərhəddə) Rusiya hərbi qüvvələri ilə toqquşma ehtimalı ilə bağlıdır. Gözlənildiyi kimi, Rusiya XİN AB-nin missiyasına sərt reaksiya sərgiləyib. Bunu Moskvanı regiondan sıxışdırıb çıxarmaq cəhdi kimi qiymətləndirib. Necə deyərlər, “iki qoçun başı bir qazanda qaynamaz”.

İrəvan-Moskva münasibətləri kəskinləşib

“Region” deyərkən, əlbəttə ki, rəsmi Kreml ən əvvəl forpost Ermənistan nəzərdə tutur. Rusiya uzun on illər özünün “oylağı” saydığı bir əraziyə düşmən münasibətdə olduğu blokun qüvvələrinin gətirilməsindən məmnun olmayacaqdı və olmadı da. Artıq Moskvadan İrəvanın ünvanına hədələri də artıb. Bəzi təhlilçilərə görə, başı Ukraynaya qarışsa belə, Rusiya “cızığından çıxan” satellitini tezliklə cəzalandırmaq imkanındadır, həm də Azərbaycanın əli ilə...

*****

“Ən vacib məsələ odur ki, AB-nin sözügedən missiyası Azərbaycanın yox, Ermənistanın ərazisinə gəlir. Yəni baş verənlər birbaşa Moskva və İrəvan münasibətləri ilə bağlıdır. Hazırda Ermənistanın açıq şəkildə qərbyönümlü siyasət yeritdiyi görünsə də, Rusiya buna qarşı hələ ki heç bir şey edə bilmir. Rusiyanın əsas niyyəti Ermənistanı itirməməkdir”.

“Yeni Müsavat”ın məlumatına görə, bunu Axar.az-a AB-nin Ermənistandakı missiya və Rusiyanın məsələyə verəcəyi cavab haqqında danışan politoloq Toğrul İsmayıl deyib.

Ekspertə görə, belə bir vəziyyət Rusiyanın Azərbaycanın haqlı tələblərinə müsbət cavab verməməsi nəticəsində yaranıb: “Bildiyimiz kimi, orada Rusiyanın hərbi bazası, eyni zamanda dəstəklədiyi siyasi qruplar var. Paşinyanın apardığı siyasət yaxın gələcəkdə Rusiyanın müəyyən məsələlərə açıq müdaxiləsinə gətirib çıxara bilər”.

Toğrul İsmayıl: "Ailəm, əzizlərim məni itirəcəklərindən çox qorxublar"

Toğrul İsmayıl 

Politoloqun fikrincə, ikinci vacib aspekt Azərbaycan ərazisinə müvəqqəti yerləşdirilən rus sülhməramlıların məsuliyyət zonasına kənar şəxslərin istədikləri kimi giriş-çıxışıdır: “Əgər Moskva vaxtında sülhməramlıların fəaliyyəti ilə bağlı Bakının xəbərdarlıqlarına əməl etsəydi, situasiya belə həddə gəlməzdi. Çünki Rusiya dövləti Azərbaycan və Ermənistan arasında birbaşa vasitəçidir. Moskva və onun göndərdiyi sülhməramlı kontingent öz vəzifələrində yetərincə məsuliyyətli olmalı idi. Fikrimcə, Rusiya nə qədər gec deyil prosesləri və Azərbaycanla bağlı siyasətini yenidən nəzərdən keçirməli, düzgün addımlar atmalıdır”.

*****

Yeri gəlmişkən, Rusiya hərbi kontingentinin özünün 10 noyabr üçtərəfli sənədindən irəli gələn vəzifələrinə, xüsusən də erməni silahlı dəstələrinin Qarabağdan çıxarılmasını ehtiva edən 4-cü bəndə laqeyd yanaşdığına dair növbəti ilginc fakt. Belə ki, hərbi ekspert Ədalət Verdiyev İrəvanın bəyanatlarına rəğmən, Qarabağda, sülhməramlı qüvvələrin məsuliyyət zonasında hələ də Ermənistana məxsus hərbi obyektlərin olduğunu bildirib.

“Rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında Ermənistan ordusunun qalıqlarının hərbi obyektlərinin əsasən Sırxavənd-Qarakənd-Şuşakənd üçbucağında yerləşdiyi məlum olur. Məhz bəhs etdiyimiz istiqamətdə onlara aid 13 hərbi obyekt aşkarlanıb. Hərbi obyektlərin ikisi Çıldıran və İmarət Qərvənd istiqamətindədir. Onlar böyük ehtimalla, Sərsəng su anbarının hava hücumundan müdafiəsini təşkil edirlər. Siyahıda həmçinin Çardaqlı-Papravənd istiqamətində yerləşən üç hərbi obyekt, Təpəkənd-Ağdərə istiqamətindəki dörd hərbi obyekt, Turşsuda isə bir hərbi obyektin koordinatı var. Görünən odur ki, Ermənistan ordusunun qalıqları əsasən Şuşa-Ağdam və Xocavənd istiqamətində yerləşdirilib”, - deyə ekspert qeyd edib.

Ermənistan ordusunun acınacaqlı aqibəti: otuz illik böyük yalan və terror

Onun sözlərinə görə, istənilən halda dərc olunan xəritə böyük ehtimalla doğrudur. “Fikrimcə, Qarabağda ermənilərə aid olan hərbi obyektlərin sayı siyahıda göstəriləndən daha çoxdur. Ölkəmizin güc strukturlarının və xüsusi xidmət orqanlarının da sözügedən məsələ ilə bağlı təfsilatlı şəkildə məlumatlı olduğuna əminəm. Bu siyahı rus sülhməramlıların öz vəzifələrini yerinə yetirmədiklərini bir daha sübut edir. Eyni zamanda ekofəalların Laçın yolunda aksiyaya başladığı 12 dekabr 2022-ci il tarixinədək bölgəyə qanunsuz şəkildə külli miqdarda silah-sursat daşındığını təsdiqləyir. Əks təqdirdə, bu hərbi obyektlərin qurulması və fəaliyyət göstərməsi qeyri-mümkündür. Baş verənlər, bölgədəki mövcud vəziyyət Azərbaycana adekvat, təsirli və səmərəli addımlar atmaq üçün əlavə imkanlar yaradır”, - hərbi analitik əlavə edib.

Hazırkı situasiya həmçinin Qarabağ anklavında antiterror əməliyyatını qaçılmaza çevirir. Özü də tezliklə. Rusiya buna etiraz edə bilməz. Üstəlik, Ukraynaya görə indi istər Azərbaycan, istərsə də Türkiyə ilə qarşıdurma şimal qonşumuza gərək deyil. Amma Ermənistanı bu yolla cəzalandırmaq istəməsi tamamilə mümkündür...

Analitik xidmət,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR