İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvandan Cümhuriyyətlə bağlı həyasız İDDİA - Bakıdan sərt reaksiyalar

Tarixçi alimlərimiz erməni yalanlarını alt-üst etdilər; əslində ötən əsrin əvvəllərində Azərbaycan və Ermənistana münasibət necə olub?

“Azərbaycan da öz konstitusiyasında Müsavat Azərbaycanının (Azərbaycan Xalq Cümhuriyyəti - red.) varisi olmaq hüquq normasını təsbit edib. Lakin Birinci Ermənistan Respublikasından fərqli olaraq, Müsavat Azərbaycanı Millətlər Liqasının Baş Şurası tərəfindən müstəqil dövlət kimi tanınmadı. Beynəlxalq hüquq nöqteyi-nəzərindən Azərbaycan bu xoşagəlməz "bərabərsizliyi" və ondan irəli gələn bütün səbəb-nəticə hadisələrinin mümkünlüyünü aydın şəkildə dərk edir".

“Yeni Müsavat”ın məlumatına görə, belə bir iddianı Ermənistanın Dövlət Gəlirləri Komitəsinin keçmiş sədri David Ananyan rəsmi Bakının sülh müqaviləsi üçün Ermənistan qarşısında qoyduğu konstitusiya şərtindən danışarkən irəli sürüb. Ananyan facebook səhifəsində həmçinin yazıb: “Ermənistanın Müstəqillik Bəyannaməsində vurğulanır: "1918-ci il mayın 28-də yaradılmış müstəqil Ermənistan Respublikasının demokratik ənənələrinin inkişafı..." Əlbəttə ki, burada söhbət Birinci Ermənistan Respublikasından gedir. Birinci Ermənistan Respublikası beynəlxalq səviyyədə - hazırkı BMT-nin hüquqi sələfi olan Millətlər Liqasının Baş Şurası tərəfindən tanındı və beynəlxalq hüquq normalarına uyğun şəkildə (keçən əsrin 20-ci illərində bu proses yarımçıq qalsa da) öz sərhədlərini müəyyən etdi". Onun sözlərinə görə, Azərbaycan İrəvanı Müstəqillik Bəyannaməsindən imtina etməyə məcbur etməklə Birinci Ermənistan Respublikasının hüquqi varisi olmaq missiyasından da əl çəkməyə vadar etmək istəyir: “Bu da mahiyyətcə gələcəkdə tarixi vətənimizin, beynəlxalq hüquq əsasında bizə məxsus olan vətənimizin (?! - red.) ən ciddi hissəsinə nəzarət etmək üçün (oxu: ”miatsum" üçün! - red.) hüquqi imkandan könüllü imtina deməkdir". Yəni bir daha aydın olur ki, Ermənistanın Müstəqillik Bəyannaməsi konstitusiyaya məhz yeni ərazilərin işğalına əsas yaratmaq üçün salınıb. Son zamanlar Azərbaycan davamlı şəkildə Ermənistanı Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının əks olunduğu müstəqillik bəyannaməsini, həmçinin konstitusiyasını dəyişdirməyə çağırır. İrəvanda isə sülh prosesi üçün önəmli addım sayılan bu tələblərə əməl etməkdən boyun qaçırmaq üçün müxtəlif absurd iddialar səsləndirirlər. Bu xüsusda Azərbaycana analoji təklif verilməsi də əcaibdir. Ən əsası ona görə ki, ermənilərə dövlətlərini qurmaq imkanı yaradan, həmçinin paytaxt olaraq İrəvanı güzəştə gedən Azərbaycan Xalq Cümhuriyyəti olub. Özü də bu qondarma dövlət Azərbaycanın tarixi ərazilərində, İrəvan xanlığının mərkəzində yaradılıb. Eyni zamanda Azərbaycan Respublikası özünün dövlət müstəqilliyini bərpa edərkən tam məntiqli şəkildə, haqlı olaraq Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan edib. Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktında  “Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının varisidir” - yazılması Ermənistanı çox həyəcanlandırıb. Hesab edirlər ki, Azərbaycan bu müddəaya istinad edərək tarixi torpaqlarını geri tələb edə bilər. Azərbaycan dövlətinin rəhbərliyi hər hansı ölkənin ərazilərinə iddia irəli sürmək niyyətində olmadığını dəfələrlə bəyan etsə də, Ermənistanda sakitləşmək istəmirlər. O da istisna deyil ki, bununla sülh prosesini uzatmağa, qanunvericilik bazasındakı ciddi yanlışlıqları düzəltməkdən yayınmağa çalışırlar. Bəs reallıq nədən ibarətdir, 1918-20-ci illərdə nələr baş verib? Millətlər Liqasında Azərbaycan və Ermənistanın tanınma məsələsi əslində necə olub?

Milli ordu günü - Anar İsgəndərov yazır » Asiya.az

Anar İsgəndərov 

Deputat, tarix elmləri doktoru, professor Anar İsgəndərov bu mövzuda Musavat.com-a bildirib ki, o zaman Ermənistan Paris Sülh Konfransında de-fakto tanınmadı: “Azərbaycan Cənubi Qafqazdan gedən yeganə dövlət oldu ki, de-fakto tanındı. Paris Sülh Konfransının Ali Şurasının tövsiyəsi də oldu ki, gedin, üç respublika, üç xalq öz aranızda ərazi məsələsini həll edin, ondan sonra de-yure tanınmaq olacaq. Rusiyanın işğalının baş verməsi isə bölgədə vəziyyəti dəyişdi. Azərbaycan işğal olunandan sonra nə Paris Sülh Konfransı bu məsələyə qayıtdı, nə də biz bu məsələni həll edə bildik. Çünki sovet Rusiyası öz maraqlarına uyğun olaraq o əraziləri böldü və idarə etməyə başladı. Zəngəzur sovet Rusiyasının təkidi ilə Azərbaycandan qoparılaraq ermənilərə verildi”. Tarixçi alim təəssüflə bildirib ki, dünya bu gün Ermənistanın böhtanlarını “tarixi həqiqət” kimi qəbul edir, bizim haqqımıza girir: “Ədalətsiz dünya bizi ədalətsiz adlandırır, bizi etnik təmizləmədə günahkar bilir. Dünya əslində ermənilərin 30 ildə bizə qarşı etdiklərinin hansı birisinin üzərində dayanır? Heç birinin. Bu mənada Ermənistanın ərazisi də saxtadır. Verdiyimiz İrəvanın da haqqını tələb edə bilərik. Çünki biz insani hisslərə əsaslandıq, dostluq, normal qonşuluq, əmin-amanlıq olsun dedik. Hətta ümumi düşmənə qarşı mübarizədə ermənilərə federasiya təklif etmişdik. Amma ermənilər bizim xoş məramımızdan sonra nəinki geri çəkildi, artıq Qarabağla, Naxçıvanla bağlı iddialarını bir az da artırdı, sürətləndirdi”. Anar İsgəndərov bildirib ki, Paris Sülh Konfransının Ali Şurası o dövr üçün çox böyük təşkilat idi, qalib və məğlub dünyanı müəyyən edirdi: “Biz də sözün həqiqi mənasında böyük uğur qazandıq. Amma sonrakı dövrdə bolşevik işğalı bu hadisələrin sona çatdırılmasının qarşısını aldı, hər şeyi yarımçıq qoydu. Bir də fikirləşin, 23 ay bir dövlətin həyatında nədir ki? Bir an bir məqamdır. Ona görə dövlətin ordusu, ərazisi, iqtisadiyyatı ilə bağlı istədiyi, arzuladıqları hamısı yarımçıq qaldı, elə işlər var idi ki, heç başlanmadı. Amma bütün bunlara baxmayaraq, Cümhuriyyət tarixi Azərbaycanın tarixində şərəfli bir dövrdür, 23 aylıq hakimiyyəti dövründə 350 ilkə imza atıb. Bakının Azərbaycanın paytaxtı olması, Azərbaycan kimi coğrafi məfhum olan Azərbaycan ifadəsinin siyasi məfhuma çevrilməsi, parlamentli respublika, nələr-nələr, bütün bunlar hamısı Cümhuriyyətin xidmətin xidmətləridir. Azərbaycan Respublikasını onun siyasi varisi hesab edirik. Çünki hər şeyin bünövrəsi onda qoyulub”.  

Professor Musa Qasımlı: Azərbaycan dövlət suverenliyini bütün ərazilərində  qurdu - AZƏRTAC

Musa Qasımlı

Deputat, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı isə “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Ermənistanda səsləndirilən fikirlərin konkret məqsədi var: “Əvvəla, onlar sərhədlərin delimitasiyası, demarkasiyası və sülh sazişinin imzalanması prosesini uzatmaq istəyirlər. Ermənistan beynəlxalq hüququn əleyhinə gedərək 1991-ci ildə Almatı Bəyannaməsində tanınmış sərhədləri pozmaqla yeni şərait yaratdı. Deməli, artıq sərhədlərin sovet dövründəki kimi müəyyənləşdirilməsi məsələsi arxa plana keçə bilər, Azərbaycan bu məsələdə beynəlxalq hüquq və ənənə baxımından haqlıdır. Birincisi, çünki Ermənistan beynəlxalq hüququ pozmuşdu. İkincisi, 1991-ci ildə dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktında yazılıb ki, Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir”. Tarixçi alim Ermənistanda səslənən iddiaların hər hansı bir arqumentə söykənmədiyini və əsassız olduğunu tarixi dəlillərlə sübuta yetirdi: “Ermənistanda söylənilən fikirlərin heç bir əsası yoxdur. Birincisi, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin yanvar ayında de-fakto olaraq ərazisi təqribən 114 min kvadrat kilometr olmaqla Paris Sülh Konfransında tanınıb. Soruşulur: ərazisi olmayan bir dövləti Sülh Konfransına dəvətə edərlərmi və onu tanıyarlarmı? Bu ərazinin təqribən 97 min kvadrat kilometri mübahisəsiz olub. İndi isə Azərbaycan Respublikasının ərazisi 86,6 min kvadrat kilometrdir. Sual olunur: Azərbaycanın ərazisinin təqribən 10 min kvadrat kilometri haraya gedib? Ermənilər arxiv sənədlərinə baxa bilərlər. İkincisi, Azərbaycan nümayəndə heyətinin Paris Sülh Konfransında iştirakından ötrü ABŞ hökuməti o zaman üçün böyük məbləğ hesab edilən 1000 dollar vəsait verib. Bunlara dair sənədlər ABŞ arxivlərində var və kitablarımda da yazmışam. Üçüncüsü, Ararat - Ermənistan Respublikası qurulan zaman ərazisi təqribən 9 min kvadrat kilometr olub. İndi Ermənistan Respublikasının ərazisi təqribən 29 min kvadrat kilometrdir. Soruşulur: 1918-ci il mayın 28-də elan edilən bu respublikanın təqribən 9 min kvadrat kilometr ərazisi necə təqribən 29 min kvadrat kilometr olub? Torpaq da artıb-törəyirmi?” 

WhatsApp Image 2024-02-20 at 08.41.53.jpeg (92 KB)

M.Qasımlı qeyd edib ki, Ermənistanda səslənən bu iddialar onların uydurma soyqırımı qurbanları barədə səsləndirdikləri rəqəmlərə bənzəyir: “Əvvəlcə yazırdılar ki, 350 min, 500 min, 650 min, 1 milyon erməni ölüb. İndi isə bu rəqəmi 1 milyon 500 minı çatdırıblar. Belə çıxır, onların ölüləri də artıb-törəyir? Ciddi olmaq lazımdır”. Professor erməni yalanlarını alt-üst edən daha bir fakta diqqət çəkdi: “Tanınmayan bir dövlətə yardım edilməsi məsələsi necə beynəlxalq konfransda müzakirə edilə bilərdi? Parisdə Azərbaycan və Gürcüstan nümayəndə heyətləri birlikdə qəbul edilib və yardım məsələsi müzakirə olunub. Antanta ölkələrindən görkəmli dövlət adamları iclasda iştirak ediblər. Bununla bağlı qərar qəbul edilib. Bu barədə də ABŞ-da arxivlərdə rəsmi sənədlər var. Beşincisi, Azərbaycanın Millətlər Cəmiyyətinə üzv qəbul edilməsi məsələsi də müzakirə edilib. Lakin bu zaman Azərbaycan sovet Rusiyası tərəfindən işğal edildiyi və dövlət müstəqilliyini itirdiyi üçün Millətlər Cəmiyyətinə üzv qəbul edilməyib. Buna dair də Millətlər Cəmiyyətinin rəsmi sənədləri var. Əsassız iddialar, gerçək tarixi saxtalaşdırmaq lazım deyildir. Tarix olduğu kimidir”.

Bir zəruri əlavə: fotosunu təqdim etdiyimiz xəritə Azərbaycan Xalq Cümhuriyyətinin Millətlər Liqası tərəfindən tanınmış ərazilərini əks etdirir. Hazırda bu xəritə Millətlər Liqasının arxivindədir. Göründüyü kimi, xəritə fransız dilində çap olunub. Azərbaycanın güzəştə getdiyi ərazilərdə yaradılan, ancaq heç Parisdə də tanınmayan 9 min kv.km-lik Ermənistan ərazisi də aydın görünür...

Elşad Paşasoy,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR