Onlayn ictimai-siyasi qəzet
“Oğru elə çığırdı ki...” Kapitulyant ölkənin rəsmi şəxsləri ilsonu yenə ictimai rəyə və xaricdəki havadarlara xoş gəlmək üçün özlərinə əl qatıblar. Məsələn, ənənəvi erməni saxtakarlığı və sırtıqlığı ilə Azərbaycanı sülh anlaşmasını pozmaqda, qeyri-konstruktivlikdə ittiham etməkdədirlər.
“Azərbaycan pis ovqata köklənib, sülh müqaviləsi yəqin ki, Bakını qane etmir”.
Bu absurd fikrin müəllifi kim olsa yaxşıdır? Ermənistanda hakim “Mülki müqavilə” partiyasından olan deputat, parlamentin Müdafiə və Təhlükəsizlik daimi komissiyasının sədr müavini Armen Xaçatryan.
Armen ardınca öz fantaziyasına bir az da güc verərək bildirir: “Azərbaycan anlayır ki, sülh sənədindən sonra Ermənistan iqtisadiyyatı çox sürətlə inkişaf edə və ölkənin inkişafı üçün ciddi perspektiv açıla bilər. Onlar bütün bunları çox yaxşı təhlil edirlər və təbii ki, bundan qətiyyən məmnun deyillər. Azərbaycan sülh müqaviləsini imzalamamaq üçün hər şeyi edir”.
Erməni deputata görə, Bakı əlindən gələni edir ki, anlaşma imzalansa belə, o, 10 noyabr (2020) sənədi kim bir şey olsun ki, sonradan onu poza bilsin.
“Biz bunu artıq gördük və belə bir şeyə daha imkan verməyəcəyik. Üstəgəl, beynəlxalq birlik var, Qərb var, çoxlu ölkələr, maraqlar var. Bu gün Azərbaycana beynəlxalq diplomatik təzyiq kifayət qədər böyükdür. Bakını konstruktiv müstəviyə gətirmək lazımdır”, - deyə o sayıqlamasını bitirib.
Kim kimi? Bu yerdə “adımı sənə qoyum, səni də yana-yana” misalı necə yada düşməsin. Əgər Nikol Paşinyan komandasının içində bu cür zay təxəyyül sahibləri hələ də çoxluq təşkil edirsə, onda erməni xalqına gerçəkdən düşmən gərək deyil. Belə sərsəm, bölgədəki reallığa və şərtlərə daban-dabana zidd mövqe növbəti ildə də iqtidar komandasına hakim kəsiləcəksə, demək, Ermənistan adlı saxta dövlətin varlığı daha böyük sual altında olacaq...
Əvvəla, Azərbaycan sülhdə sazişində maraqlı olmasaydı, hamıdan əvvəl – hələ iki il yarım qabaq (!) sırf beynəlxalq hüquqa əsaslanan 5 baza prinsip irəli sürməzdi. Onları bir daha Xaçatryan və partiyadaşlarının yadına salırıq:
1. Dövlətlərin bir-birilərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;
2. Dövlətlərin bir-birilərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;
3. Dövlətlərarası münasibətlərdə bir-birilərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;
4. Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
5. Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.
İndi isə sual: görəsən sadalanan 5 prinsipdə qeyr-adi, Ermənistanın suverenliyi və ərazi bütövlüyünə təhdid və ya qəsd xarakterli nə var ki, rəsmi İrəvan üç ildir bu prinsiplər əsasında sülh sazişi imzalamaqdan “od sudan qorxan kimi” qorxur, min bir hoqqa ilə ondan yayınır? Sülhdən qaçan ölkə də rasional, ədalətli və obyektiv təklif verər?
İkincisi, cırtdan Ermənistan guya blokadadan çıxıb da inkişaf etməklə bizə hansı təhlükəni yarada bilər, əgər onun inkişafı müstəsna olaraq, Azərbaycan və Türkiyənin hesabına olacaqsa? Məntiq hanı? Yox, İrəvan özünü yenə yaxşı aparmaz, revanşist və aqressiv planlar qurar, onda sərhədi və kommunikasiyaları təzədən bağlayar, blokada rejimini bərpa edərik. Nə çətin iş...
Yeri gəlmişkən, Paşinyan hökumətinin iqtisadi sferaya cavabdeh olan üzvləri, özəlliklə iqtisadiyyat naziri Vahan Kerobyan da vaxtaşırı etiraf edirlər ki, ölkənin inkişafı yalnız iki mühüm qonşu – Azərbaycan və Türkiyə ilə əlaqələr tam qaydaya düşdükdən sonra mümkün olacaq. Elə isə “o nə pəhriz, bu nə turşu”?
Nəhayət, radikal erməni müxalifəti çoxdandır elə buna çalışır ki, bölgədə nə sülh, nə də iki qonşu xalq arasında barışıq olsun. O zaman “qara ilan”la “ağ ilan” arasında nə fərq qaldı? Olmaya iqtidarlı-müxalifətli anlaşmısınız?..
Və ən sonda: sülh sənədini hansı tərəf ləngidir – öz ərazi bütövlüyü və suverenliyini tam bərpa edən, heç kimə torpaq iddiası olmayan, müharibə istəməyən, revanşa lüzum görməyən Bakı, yoxsa keçmiş DQMV-ni günü bu gün də Ermənistan ərazisi sayan Ermənistan konstitusiyasını beynəlxalq hüquqa uyğunlaşdırmağa tələsməyən, altdan-altdan qisas planları quran İrəvan?
Bu da olsun sizə 2024-ün əsas sualı...
Siyasət şöbəsi,
Musavat.com
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ