İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanda sülh sazişinə qarşı çıxanların yeni bəhanəsi - Kuril adaları...       

Revanşist qanad indiki halda sülh sənədini zərərli sayır, Rusiya ilə Yaponiya arasında hələ də saziş olmadığını göstərir

Məlum olduğu kimi, ötən həftəsonu Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş nazirləri müavinlərinin birgə sədrliyi ilə üçtərəfli İşçi Qrupun iclası keçirilib. “Yeni Müsavat” xatırladır ki, Şahin Mustafayev, Mher Qriqoryan və Aleksey Overçuk “sərhəd, gömrük və digər nəzarət növləri, habelə Azərbaycan və Ermənistan ərazilərindən avtomobil və dəmir yolları ilə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsiz keçməsi məsələlərini müzakirə edib və mövqelərini yaxınlaşdırıblar.

Bu barədə Rusiya hökumətinin mesajında deyilir. Həmçinin görüş zamanı Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat əlaqəsini təmin edən avtomobil yolunun Ermənistandan keçməsi üçün mümkün marşrutlar barədə fikir mübadiləsi aparılıb. ”Tərəflər Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında regionda nəqliyyat əlaqələrinin  açılması ilə bağlı razılaşmaların həyata keçirilməsi üzərində işi davam etdirəcəklər", - deyə məlumatda bildirilir.

Təmasların davam etdirilməsinə baxmayaraq, Ermənistanda revanşist qanada yaxın olan siyasilər hər vasitə ilə Azərbaycanla sülh sazişinin imzalanmasını əngəlləmək istəyirlər. Bu məsələdə əsas tezis ondan ibarətdir ki, hazırkı dövrdə saziş Ermənistanın maraqlarına uyğun deyil.  Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyandan sonra  keçmiş baş nazir Vazgen Manukyan da bəyanatla çıxış edərək belə bir çağırış edib. Manukyan qeyd edib ki, tələsik imzalanan istənilən yekun sənəd indi Ermənistanın ziyanına olacaq.

O, bir sıra ölkələri misal gətirərək qeyd edib ki, sülh sazişi imzalanmasa  da olar: “Sərhədlərin müəyyən edilməsi, sülh müqaviləsinin imzalanması kimi proseslər bir çox ölkələr arasında onilliklərdir davam edir. Məsələn, Rusiya ilə Yaponiya arasında sülh müqaviləsi (Kuril adaları səbəbindən-red.)  hələ də imzalanmayıb. Bir çox başqa ölkələr var ki, sərhədləri dəqiqləşdirilməyib. Lakin bu, onların sülh münasibətlərini saxlamasına mane olmur. Bizi həmişə mövqelərimizi yumşaltmağa, qarşı tərəfi isə şərtlərimizi qismən qəbul etməyə çağırıblar. Amma indi situasiya fərqlidir. Başa düşmək lazımdır ki, indiki şəraitdə istənilən konkret sənəd Ermənistanın ziyanına olacaq”.

Qəribədir, Ermənistanda sülh müqaviləsindən niyə bu qədər qorxurlar? Bu çağırışlar Paşinyan hökumətinin maraqları ilə üst-üstə düşürmü? İrəvan revanşistlərinin yadına niyə Yaponiya-Rusiya nümunəsi düşüb? Məlumdur ki, iki ölkə arasında mübahisəli Kuril adaları var. Ancaq ermənilər buna işarə etməklə nə demək istəyirlər?

Toğrul İsmayıl: “Düşmən yenidən müharibəyə can atsa, hədəf Ermənistan  olacaq”

Toğrul İsmayıl

Ankara Universitetinin professoru Toğrul İsmayılın “Yeni Müsavat”a bildirdiyinə görə, revanşistlərin nə istədiyi bəllidir, tarixi həqiqətləri və reallığı qəbul etmirlər: “Amma onlar beynəlxalq münasibətləri bilməyəcək səviyyədə danışırlar. Kuril adaları İkinci Dünya müharibəsindən sonra zorla alınıb, Qarabağ isə Azərbaycanın ayrılmaz parçasıdır. İkincisi, sülh müqaviləsinin imzalanmaması Ermənistanın əleyhinə olan prosesdir. Sülh olmasa, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanımayacaq və 1918-ci ildə ərazilərimizin ermənilərə peşkəş edilməsini mübahisələndirmək beynəlxalq hüquqda bizim üçün imkanlar yaradır. Ona görə Ermənistana dalandan çıxmaq lazımdır və bu anlaşmanı imzalayacaqlar”.

T.İsmayıl hesab edir ki, bütün revanşist çağırışlar Azərbaycana yeni fürsətlər qazandırır: “Azərbaycan Ermənistana əl uzadır ki, onu xilas etsin. Sülhün alternativi yoxdur və Azərbaycan bu məsələdə haqlıdır, beynəlxalq qurumlar da artıq real vəziyyəti qəbul edirlər. Ermənistan isə əvvəllər əlində olan ərazilərlə özünü güclü göstərməyə çalışırdı, indi yoxdur, beynəlxalq aləm də bu reallığı görür. Digər tərəfdən, Qərb Rusiya-Ukrayna müharibəsi fonunda yeni cəbhə açmaq istəməz”.

Arzuxan Əlizadə: “Səhiyyə təşkilatları vaksinləmədə çox zəif təbliğat  aparıb”

Arzuxan Əlizadə

AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a qeyd etdi ki, sülh müqaviləsi üçün ən birinci şərt tərəflərin bir-birinin ərazi bütövlüyünü tanımasıdır. Partiya sədrinin sözlərinə görə, ortada 1918-ci il və 1920-ci il, o cümlədən sovet xəritələri mövcuddur. “Paşinyan fərqindədir ki, bu xəritələrə istinad edilərək sərhədlər müəyyən olunarsa, Ermənistan böyük ərazi itkilərinə məruz qalacaq. Erməni baş nazir də bu şəkildə sülh müqaviləsini imzalamaqla ”torpaq verən" siyasətçi kimi tarixdə qalmaq istəmir. Çünki Zəngəzur ərazisi gündəmdədir, Göyçə Azərbaycana aiddir. Ona görə hansı xəritələr əsasında delimitasiyanın aparılacağı dəqiqləşməyib. Ermənistanda hakimiyyətin və revanşistlərin dirənişinin arxasında məhz bu faktorlar dayanır".

AMİP sədrinin fikrincə, eyni zamanda Qarabağın Azərbaycana aid olmasını da erməni siyasətçilər həzm edə bilmirlər: “İndi Kuril adalarını analogiya gətirirlərsə, növbəti erməni hiyləgərliyini görmüş oluruq. Amma bu prosesin də bir həddi var və Azərbaycan ”Dəmir yumruq" ortaya qoyaraq yerinə yetirilməmiş məsələləri də kökündən həll etməlidir. Əgər İrəvan müqaviməti davam etdirəcəksə, bizim alternativlərimiz var. Misal üçün, kommunikasiyaların açılması geciksə belə, İranla bağlanmış memorandum əsasında Naxçıvana quru yolu təmin edəcəyik. O baxımdan Ermənistan “çox istəyən azdan da qalar” misalına uyğun olaraq daha çox şey itirəcək".

Siyasi dialoqun davamlılığının tərəfdarıyıq- Fuad Əliyev - "İki sahil"

Fuad Əliyev

ALDP sədri Fuad Əliyevin fikrincə, erməni revanşistlərin mitinqləri də sönməyə doğru gedir və danışıqları pozmağa fundamental şəkildə heç bir təsirləri olmadı: “Ermənistan-Azərbaycan danışıqlarını tormozlaya bilmədilər. Hətta Strasburqda azərbaycanlı və erməni gənclərin sülh naminə görüşləri keçiriləcək. Erməni cəmiyyəti seçkidən sonra bu mitinqlərlə bir daha revanşist qüvvələrə siqnal ötürdü ki, sizə inanmırıq, arxanızca gəlmirik, sülh tərəfdarıyıq. Erməni xalqı Paşinyandan da məmnun deyil, amma cinayətkar qrupun vədlərinə də güvənmir. Çünki gördüyünü görüb. Ona görə onların sülh əleyhinə çıxışları, keçirdiyi aksiyalar prosesə aneə ola bilmir. İyul-avqustda Brüsseldə yenidən görüş keçiriləcək və mənə elə gəlir ki, biz kommunikasiyaların açılmasında müsbət addımlara şahid olacağıq”.

Partiya sədri güman edir ki, Rusiya da Brüssel formatından geri qalmamaq üçün nəqliyyat xətlərinin açılmasına tələsir: “Amma sərhədlərin dəqiqləşdirilməsi işi uzanacaq, çünki ağır və texniki prosesdir. Sülh müqaviləsi isə sərhədlər tam bəlli olmadan imzalana bilməz. Ona görə böyük sülh müqaviləsindən danışmaq hələ tezdir, amma gec-tez olacaq. Buna qədər kommunikasiyalar işləməli, ən azı delimitasiya sürətli getməlidir. Burada Ermənistana zərərli heç nə yoxdur, amma müxalifət xalqı inandırmağa çalışır ki, Paşinyan Azərbaycanla təslimçi sazişə gedir. Biz revanşistlərin nə dediklərinə yox, Qərbin və Rusiyanın mövqeyinə baxmalıyıq. Hər iki tərəf istəyir ki, kommunikasiyalar işə düşsün, amma bunun kimi moderatorluğu ilə gerçəkləşməsi üstündə rəqabət gedir. Köçəryan və Sərkisyan anlayır ki, onların imkanlarından kənarda məsələlər həll olunur. Hətta hakimiyyətə gəlsələr belə, nə müharibə apara bilərlər, nə erməni xalqı onların sözünü eşidib silaha sarılar”.

Emil SALAMOĞLU  
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR