İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanda revanşistlər məğlub oldu - müxalifətin çadırlarını Rusiya sökdürdü?

Lavrovun səfərindən sonra erməni müxalifətinin geri çəkilmək qərarı təsadüf də ola bilər, amma...

Aprel ayından bəri İrəvan küçələrində Paşinyan hökumətinin istefası, sülh danışıqlarına və Qarabağın Azərbaycanın tərkibində olmasına etiraz edərək aksiyalar keçirən erməni müxalifəti məğlubiyyətini etiraf edib. Erməni müqavimət hərəkatının koordinatoru İşxan Saqatelyan bildirib ki, Fransa meydanındakı “çadır şəhərciyi” öz missiyasını yerinə yetirib.

Saqatelyan deyib ki, çadırlar sökülür, lakin zərurət yarandıqda istənilən vaxt “çadır şəhərciyi”ni bərpa edəcəklər. Onun sözlərinə görə, hakimiyyətə və baş nazir Nikol Paşinyana qarşı çıxan hər kəsi aksiyalara cəlb edə bilməyiblər.

“Onların hakimiyyətdən getmələri üçün hər şeyi etdik. İstənilən başqa güc gedərdi, amma bu güc qan istəyir. Biz artıq dedik ki, qan tökülməsini istəmirik və əgər bizi qətiyyətsizlikdə ittiham edirlərsə, bəli, erməniləri öldürmək əzmimiz yoxdur”, - deyə Saqatelyan uğursuzluğun səbəblərini izah etməyə çalışıb. O əlavə edib ki, mitinq və yürüşlər artıq həftədə bir dəfə olacaq.

Müxalifətin həqiqətən də Paşinyanı istefaya göndərmək üçün lazım olan qüvvəni küçələrə çıxara bilmədiyi səbəbindən geri çəkildiyini demək olar. Yay mövsümündə bu daha da çətindir və erməni müxalifəti bunu da anlamayacaq deyil. Amma gerçəklik budur ki, Sərkisyan və Köçəryanın ciddi dəstək verdikləri revanşistlər Paşinyan iqtidarına-demək həm də Azərbaycanla razılaşmaq yoluna üstünlük verən əksər erməni xalqına məğlub oldular. Amma diqqət çəkən nüans erməni müxalifətinin Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvana səfərindən sonra küçələrdən yığışmaq qərarını elan etməsidir.

Yada salaq ki, Lavrovun səfərindən əvvəl Ermənistanın müxalifyönlü “Past” nəşri yazmışdı ki, daxildəki vəziyyətdən narahat olan Paşinyan xarici işlər naziri Ararat Mirzoyan vasitəsilə Moskvaya unikal “sövdələşmə” təklif edib. Məlumatda qeyd olunurdu ki, Sergey Lavrov mövcud hakimiyyətə açıq şəkildə dəstəyini bildirsə, üstəlik, müxalifətin ünvanına tənqid səsləndirsə, Paşinyan amerikalıları “ataraq” bioloji laboratoriyaların qapılarını rusların üzünə açacaq. Mirzoyana başa salıblar ki, sövdələşmə baş versə belə, bunun əksi olmalıdır. “Əvvəlcə laboratoriyalar, sonra tənqidlər olmalıdır", - deyə nəşr bildirib. Lavrovun səfərindən sonra erməni müxalifətinin məğlubiyyətini etiraf edərək çadırları sökmək qərarı təsadüf də ola bilər, amma pərdə arxasında hansısa sövdəşmələr olduğuna da işarə edir.

Ağdamda görüşərik - Kənan Novruzov yazır

 Kənan Novruzov

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov mövcud durumdan xeyrimizə yararlanmağı vacib sayır: “Adətən siyasətdə təsadüf olmadığını düşünürəm. Bu, indi sizin qaldırdığınız məsələyə də aiddir. Bir çox ekspertlər kimi, mən də düşünürdüm ki, Ermənistandakı aksiyalarda Rusiyanın ”əli" var. Belə ki, İrəvanın Avropa İttifaqının vasitəçiliyi ilə rəsmi Bakı ilə təmasları, baş nazir Nikol Paşinyanın Qərbə tərəf addımlaması, əlbəttə, Moskvanı narahat edirdi. Ona görə çox güman ki, Kreml rəhbəri daxildəki əlaltılarının, o cümlədən müxalifət nümayəndələrinin vasitəsilə Paşinyana başa salmaq istəyirdi ki, Ukrayna ilə müharibə aparmağım sənə nəzarət etmədiyim mənasına gəlmir və dəyənəyim başının üstündədir. Ola bilsin ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvana səfəri zamanı bu məsələ ətrafında da danışılıb və Ermənistan iqtidarı durumun ciddiliyini anlayıb. Başa düşüb ki, bir az da belə davam etsə, çevriliş ola bilər. Beləliklə, İrəvanda Ermənistan və Rusiya nümayəndələri arasında hansısa gizli razılığın əldə olunması istisna deyil. Ehtimal var ki, Paşinyan Kremlin şərtlərini qəbul edib və nəticədə aksiyalar dayandırılıb. Amma Saqatelyanın dediklərindən belə məlum olur ki, gələcəkdə aksiyaların bərpası istisna deyil. Bu da, əlbəttə, Ermənistan iqtidarı üçün xəbərdarlıq kimi qiymətləndirilməlidir. Yəni əgər Paşinyan Kremlə verdiyi vədlərdan imtina etsə, mitinqlər yenidən başlayacaq. Ümumiyyətlə, diqqət edirsinizsə, Rusiya son vaxtlar Cənubi Qafqaz məsələsində fəallaşıb. Çünki Avropa İttifaqının vasitəçiliyi ilə Bakı və İrəvan arasındakı təmaslar Moskvanı narahat edir. Kreml əvvəlki təsir mexanizmlərini bərpa etməyə çalışır. Ola bilsin ki, bunun üçün Azərbaycanla Ermənistan arasında müəyyən anlaşmaların əldə olunmasına da razıdır. Təbii ki, proseslər öz nəzarətində olsun və istədiyi vaxt tormozlaya bilsin. Rusiya xarici işlər naziri Sergey Lavrovun Türkiyə və Ermənistandan sonra Azərbaycana səfəri, həmçinin XİN sözçüsü Mariya Zaxarovanın Moskvanın Azərbaycan və Ermənistan sərhədinin delimitasiyası ilə bağlı ikitərəfli komissiyanın iclasının keçirilməsinə hazır olduğunu bildirməsi bu fikri təsdiqləyir. Yəni bəlkə də Rusiya “hansısa daşların yerinə oturmasını” istəyir. Bunun birinci səbəbi Aİ-ni oyundankənar vəziyyətdə qoymaq və regiondakı nüfuzunu qorumaqdır. İkincisi isə bəlkə də, Moskva müharibə ilə bağlı Bakının neytral mövqeyinin dəyişəcəyinə ümid edir. Çünki Rusiya artıq Azərbaycanın aparıcı geosiyasi aktyor olduğunu bilir. Bir sözlə, Ermənistandakı aksiyalar böyük ehtimalla Rusiyanın məqsədlərinin tərkib hissəsidir. Amma heç bir halda şimal qonşumuzun səmimiliyinə inanmaq olmaz. Sadəcə, biz bu fürsətdən, yəni Rusiyanın öz ambisiyalarını həyata keçirmək istiqamətindəki addımlarından xeyrimizə yararlanaraq öz maraqlarımızı təmin etməliyik. Elə etməliyik ki, Moskva nə vaxtsa prosesləri tormozlamağı qərara alanda, bu, regional sabitliyə zərbə olmasın".

Tural İsmayılov: Gənclərin könüllülük hərəkatı sıralarında təmsil olunmağı  ölkəmizə böyük bir gələcək vəd edir - AZƏRTAC

Tural İsmayılov 

Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, siyasi ekspert Tural İsmayılov hesab edir ki, revanşistlər getdikcə daha çox güc itirəcəklər: “Ermənistandakı aksiyaların rəngli inqilabla nəticələnəcəyini gözləmək absurd idi. Çünki Ermənistan xalqı ötənilki növbədənkənar parlament seçkilərində pis və ən pis arasında qalaraq Paşinyanın hakimiyyətdə qalmağını dəstəklədi. Məsələ odur ki, Paşinyanın avantüraları Ermənistanın məğlubiyyətini şərtləndirsə də, erməni xalqı Köçəryan və Sərkisyanın Ermənistanı illərlə çapıb-talamağından cana doyub. O baxımdan Köçəryanın bütün Rusiya tərəfindən aldığı media, siyasi və bütün dəstəklərə rəğmən hakimiyyətə gəlməməsi də revanşistlər üçün dərs olmadı. Bu gün Ermənistan hakimiyyəti nə qədər maşa rolunda çıxış edirsə, regionda, Ermənistan müxalifəti də daxildə hakimiyyəti kloun kimi nəzarətdə saxlamaq vasitəsidir. Ermənistanın bütün müxalif qüvvələri hazırda Rusiyanın rəsmi mediası tərəfindən dəstəklənir. Revanşistlər bir aydan çox davam edən aksiyalarda hakimiyyəti yenidən qəsb etmək istəsə də, İrəvanda qurulan çadırlara heç yüzlərlə insan maraq göstərmədi. Mitinqlərdə böyük insan kütlələri də gözə dəymədi. Bu baxımdan İşxan Saqatelyan, Köçəryan, Sərkisyan, Vantesyan və digər bütün siyasi kuklalar aksiyaların son günlərində iqtidar çevrilişinin xam xəyal olmağını dərk etdilər. Həmçinin yay aylarında aksiyaların dayanacağı da əvvəlcədən proqnozlaşdırılırdı. Eyni zamanda son dövrlər Rusiya hakimiyyətinin Ermənistan iqtidarından istədiyi açıqlamaları aldığı da göz önündədir. Bu baxımdan Paşinyanın Rusiya ilə hansısa sövdələşmələrə girərək revanşistlərin aksiyalarını dayandırdığını da güman etmək olar. Həm də Ermənistan dərk edir ki, Azərbaycan və Türkiyə ilə münasibətləri nə qədər dalana dirəsələr, o qədər çox çətinliklərlə üzləşəcəklər”.

Cavanşir ABBASLI
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR