İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvana davam edən hərbi yardımlar – Ermənistanı müharibəyə hazırlayırlar

Rəsmi İrəvan dörd ilə yaxındır yalan danışır, avantüra ilə məşğuldur. Elə Azərbaycanla sülh sazişinin imzalanmasını təşviq və təbliğ edən qərblilər, İran da ondan geri qalmırlar. Ermənistan və havadarları haqqında belə qənaətə gəlməyi təsdiqləyən faktlar var, hadisələr baş verir.

Bu yaxınlarda Avropa İttifaqının Avropa Sülh Fondu bu ölkəyə hərbi məqsədlə on milyon avro ayırması haqqında qərar qəbul edib.

Belə bir qərarın qəbul edilməsi işğalçı düşüncədən xilas olmayan Ermənistanın təcavüzkar ruhunu, əməlini dirçəltməkdir. Çünki rəsmi İrəvana Azərbaycan və Türkiyəyə torpaq iddiası, saxta soyqırımın tanınması iddiasını özünə ehtiva edən konstitusiyasını dəyişmək istiqamətində hələ də real addım atmayıb. Avropa İttifaqı Şurasının bu qərarı Ermənistan hakimiyyətinə, şimalyönümlü sayılan ictimai-siyasi qüvvələrə və maliyyə boslarına, cəmiyyətin yalan, xülya ilə uydurulmuş təbəqəsinə Azərbaycana qarşı savaşa ruhlandırmaq, təhrik etmək cəhdidir.

MUHAR.jpg (110 KB)

Ehtimal etmək olar ki, Fransanın liderlik etdiyi bu qurumun Ermənistana hərbi məqsədli ilk qərarı olmayacaq. Çünki Yelisey sarayının bu ölkəyə nəzarəti əldə etmək üçün belə aksiyaları davam etdirəcəyi də gözləniləndir. Rəsmi İrəvana birtərəfli qaydada Azərbaycan-Ermənistan sərhədyanı ərazisinə Avropa İttifaqının mülkü monitorinq məntəqəsini yerləşdirib. Əvvəllər onların sayı və hərbi-texniki təchizatı da zəif olub. Ancaq indi “müşahidəçi”lərin sayı 200-ü keçib. Ermənistanın Fransadan da hərbi texnika və silah aldığını, Aİ-nin Sülh Fondunun isə xərcləri ödədiyini də nəzərə alsaq, bu qərarların ardının olacağı istisna edilmir.

EDİLMİ.jpg (45 KB)

Azərbaycan torpaqları işğal altında olduğu illərdə də beynəlxalq vasitəçilər rəsmi İrəvanın törətdiyi əməllərə görə sanksiyalar tətbiq etməyib, əksinə, müxtəlif məqsədlər adı altında ona maliyyə yardımları edib. 44 günlük müharibədən sonra məlum oldu ki, ermənilər həmin maliyyə yardımlarını işğal etdikləri Azərbaycan torpaqlarında hərbi istehkamlar tikməyə sərf edib.

Odur ki, Qərbin Ermənistanı slilahlandırması İrəvanın Azərbaycana qarşı ərazi iddialarından imtina etdirməyəcək. Onun təyinat üzrə, yəni fövqəladə vəziyyətdə mülki vətəndaşların təxliyəsinin təşkilinə xəclənməyəcəyi də sirr deyil. Həmin maliyyə vəsaitini Fransadan və Hindistandan öldürücü hücum silahlarının alınmasına yönəldəcəyi gözlənilir.

GOZLE.jpg (68 KB)

Ermənistanda hələ də Azərbaycana qarşı ərazi iddiası irəli sürən fəaliyyət göstərir. Onlar çıxışlarında davamlı şəkildə bu istiqamətdə açıqlamalar yayır, müsahibələr verirlər.

Bu ölkənin ərazisində separatçıların tör-töküntülər “Artsax nümayəndəliyinin” təmsilçisi kimi fəaliyyət göstərir. Rəsmi İrəvan və havadarları buna da göz yumurlar. Həmin “təmsilçilərin” Ermənistanda saxlanılıb, fəaliyyətlərinə və açıqlamalarına görə tənbeh edilməməsi istər-istəməz Azərbaycan torpaqlarının işğal altında olduğu dövrü yada salır. Onda da həmin qüvvələr Rusiyada daxil olmaqla Ermənistanın güclənməsinə yardım edirdi.

Qeyd edək ki, 2017-ci ildə Rusiya hərbi texnika almaq üçün Ermənistana 100 milyon dollarlıq kredit ayırmışdı. Kredit Ermənistana illik 3 faizlə 20 il müddətinə verilmişdi. 2015-ci ilin iyununda da Rusiya ilə Ermənistan arasında 200 milyon dollarlıq kredit müqaviləsi imzalanmışdı. Həmin kredit Ermənistanın Rusiyadan silah alınmasına xərclənib.

Yəni qərbə, yaxud şimala sığınmasından asılı olmayaraq bu ölkəyə hərbi yardımlar edilib.

Əvvəllər Rusiyanın Azərbaycana qarşı istifadə etdiyi Ermənistandan oxşar manevr, maliyyə yardımı, hərbi dəstəklə Qərb yararlanır.

Belə qənaətə gəlmək olar ki, beynəlxalq ictimaiyyət Ermənistanın sülh sazişi imzalamasına başlıca maneədir. Onların bu kimi fəaliyyəti iki ölkə arasında görüşlərin keçirilməsinə, sərhədlərin müəyyənləşməsinə, normallaşma prosesinə və sülh sazişinin imzalanmasına böyük maneədir. Bu isə bəhs etdiyimiz istiqamətdə razılaşmanın əldə edilməsini istəməyən başlıca qüvvənin elə Qərb olduğu qənaətinə gəlməyə əsas verir. Əks halda, Avropa İttifaqı Sülh Fondu Şurası 10 milyon avro ilə nəbzi yoxlamazdı.

YOXLAMA.jpg (40 KB)

Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasına əsasən, Ermənistanın son günlərdə Kəlbəcər istiqamətində ağır silahlar və Tovuz istiqamətində kvadrokopter tətbiq etməklə təxribatlar törədib. Onun bu təxribatı ABŞ ilə birgə hərbi təlimləri, Fransanın Ermənistanı öldürücü silahlarla təchizi və Avropa İttifaqı tərəfindən "Avropa Sülh Fondu" adı altında Ermənistana ilkin mərhələdə on milyon avro dəyərində hərbi yardımın göstərilməsi qərarı ilə eyni vaxta təsadüf edir.

Bu da Ermənistanın Azərbaycanı müharibəyə təhrik etmək cəhdlərindən sayıla bilər. Nə dərəcədə təzadlı da olsa, Ermənistanının silahlanmasında həm də İran İslam Respublikası fəal rol oynayır. Ötən gün onun İrəvanla hərbi texniki əməkdaşlığa dair 500 milyon dollarlıq gizli razılaşma imzalandığına dair xəbərlər yayılıb. Azərbaycan qarşı çıxışları ilə seçilən Tehranın İrəvandakı səfiri Mehdi Sübhani bunu təkzib edib. Ancaq onun Azərbaycana məlum münasibət onun açıqlamasının da doğruluğa şübhə yaradır. Bir də 44 günlük müharibə zamanı Rusiyadan Ermənistana silah, hərbi texnika İran ərazisindən ötürüldüyünə dair də faktlar var. Bu da səfirin təkzibinə inamsızlığa əsas verir. İranın Ermənistana tədarük etmək niyyətində olduğu hərbi texnikanın təxminin siyahısı belədir: “Shahed 136”, “Shahed 129”, “Shahed 197”, “Mohajer”, habelə “3rd Khordad”, “Majid”, “15th Khordad” və “Arman” hava hücumundan müdafiə sistemi kompleksi. Ermənistanın Qərb və İranın yardımı ilə sürətlə silahlanması region üçün arzuolunmaz nəticələr səbəb ola bilər. Davranışı, ermənilərə dəstəyi isə onların buna cəhd göstərdiklərini ehtimal etməyə əsas verir. Odur ki, sülhdən, təhlükəsizliyin vacibliyindən, önəmindən danışan Avropa İttifaqı və İranının Ermənistanı müharibəyə hazırladığı qənaətinə gəlmək olar.

Sədrəddin İsmayılov,
Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Noyabr 2024

09 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR