İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvana aparan ən qısa yol: Qayıdış Konsepsiyamız nə vaxta hazır olacaq?

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycandan olan ziyalılarla görüşü zamanı Qərbi Azərbaycana Qayıdış Konsepsiyası ilə bağlı təklif irəli sürüb.

Sitat: “Biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da işləməliyik. Qarabağ münaqişəsi həll olunandan sonra indi bizim gündəliyimizdə duran məsələ budur. Əlbəttə ki, Qarabağ münaqişəsi həll olunmayana qədər bu haqda danışmaq bəlkə də tez idi. Ancaq məncə, bu gün biz vaxt itirməməliyik. Qayıdış Konsepsiyası hazırlanmalıdır. Yenə də bu, necə deyərlər, sülhsevər konsepsiya olmalıdır. Biz bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaları götürüb bunun əsasında öz hüququmuzu tələb etməliyik. Qayıdış Konsepsiyası olmalıdır”.

Bəllidir ki, Prezidentlə görüşün elə ertəsi günü qayıdışla bağlı konsepsiya hazırlığına başlanıb. Bunu Qərbi Azərbaycan İcmasının mətbuat katibi Ülviyyə Zülfiqar bildirib. “İcma olaraq bu Konsepsiyanı   vaxtında   yekunlaşdırmağa çalışacağıq. Konsepsiya hazır olandan sonra Qərbi Azərbaycan İcması fəaliyyətini bu sənədə əsasən davam etdirəcək”, - Ü.Zülfiqar qeyd edib.

Naqif Həmzəyev: Cənub Qaz Dəhlizi Azərbaycanın qlobal müstəvidəki mövqeyini  daha da möhkəmləndirir - Yeni Gəncə

Naqif Həmzəyev: “Sənədin hazırlanmasında beynəlxalq hüquqa, konvensiyalara əməl etməli, sülh prinsipini əsas götürməliyik”

Millət vəkili Naqif Həmzəyev “Yeni Müsavat” a şərhində Prezident İlham Əliyevin görüş zamanı qərbi azərbaycanlıların tarixi torpaqlardan didərgin düşməsinin səbəbləri barədə açıqlamasına diqqət çəkdi: “Prezident Xalq Cümhuriyyəti dövründə İrəvan şəhərinin Ermənistana dövlət yaradılması üçün güzəştə gedilməsi faktını bir daha səsləndirərək bunun çox böyük xəyanət olduğunu bildirdi. Heç kəsə sirr deyil ki, Cənubi Qafqazda ermənilər gəlmə xalqdır. Əslində Osmanlı ərazisində yaradılması planlaşdırılsa da, Ermənistan Cənubi Qafqazda  böyük dövlətlərin layihəsi olaraq qurulub.

1918-ci ildə Gürcüstan və Azərbaycan torpaqlarında İrəvan paytaxt olmaqla Ararat dövləti yarandı. Daha sonra bu ərazilərdə Ermənistan SSR formalaşdırıldı. İlk mərhələdə İrəvan və onun ətrafındakı 9 min kvadrat kilometr ərazi, sonradan isə Qərbi Zəngəzur Ermənistan ərazisinə birləşdirildi. Qərbi azərbaycanlılar 1905-ci ildən başlayaraq mərhələli şəkildə deportasiyaya məruz qaldılar. Bununla yanaşı, azərbaycanlılara qarşı xüsusi siyasət yürüdülürdü. Hədəf azərbaycanlıların bu əraziləri tərk etməsi idi. 1988-ci ildə yenidənqurma bəhanəsi ilə sonuncu deportasiya reallaşdı. 300 mindən çox qərbi azərbaycanlı doğma yurdlarından didərgin düşdü.

Təəssüf ki, ovaxtkı rəhbərlik Qərbi Azərbaycandan gələn soydaşlarımızın Qarabağda yerləşməsinə icazə vermədi, çünki məqsəd onların Qərbi Azərbaycandan qovulması, növbəti mərhələdə isə Qarabağ ərazisinin Ermənistana birləşdirilməsi idi. Bu baxımdan da Qərbi Azərbaycandan didərgin düşmüş soydaşlarımızın Qarabağda yerləşdirilməsinə icazə verilmədi. Onlar çox çətinliklə müxtəlif rayonlarda yerləşdilər. 1993-cü ildə ulu öndər Heydər Əliyev siyasi hakimiyyətə gəldikdən sonra Qərbi Azərbaycanlıların problemlərinə  diqqət çəkməyə başladı, problemə siyasi qiymət verildi. Qarabağ müharibəsinin başlanması ilə bütün diqqət ora yönəldi. 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuz Qarabağı işğaldan azad etdi. Zəfərdən sonra Azərbaycan regionda yeni reallıqlar yaratdı.

Prezidentin doğum günündə qərbi azərbaycanlılarla görüşü rəmzi məna daşıyır. Ölkə başçısı qərbi azərbaycanlıların doğma yurdların qayıtması ilə bağlı Qayıdış Konsepsiyasının hazırlanması ilə bağlı tapşırıq səsləndirdi. Bu baxımdan prosesə daha real yanaşmalıyıq. Prezidentin çıxışından belə anlaşılır ki, konsepsiya hazırlanan zaman mütləq yeni reallıqlardan çıxış etmək lazımdır. Qərbi azərbaycanlıların doğma yurdları mövcud Ermənistanın sərhədləri daxilindədir. Bu baxımdan beynəlxalq hüquqa və konvensiyalara mütləq əməl etməliyik. Konsepsiyanın hazırlanması prosesində sülh prinsipini əsas götürməliyik. Qərbi azərbaycanlıların qaçqınlıq statusundan istifadə edilməsi və doğma yurdlarına qayıtması üçün əsaslar formalaşdırılmalıdır. Bunun üçün bütün dünyada qəbul oluna biləcək dəlillər bazasının yaradılması şərtdir. Eyni zamanda, tarixin xarici auditoriya üçün yenidən işlənməsinə ehtiyac var. Toponimlərin dəyişdirilməsini sübut edən arxiv materialları yenidən nəzərdən keçirilməlidir. Xarici ekspertlərin, tarixçilərin bu məsələlərə rəy verməsinə çalışmalıyıq. Sülh müqaviləsi imzalandıqdan sonra azərbaycanlıların doğma yurdlarına qayıtması üçün lazımi addımlar atılmalı, bunun üçün zəmin formalaşdırılmalıyıq. Qərbi azərbaycanlıların arxiv materialları mövcuddur. Biz qərbi azərbaycanlıların birliyini formalaşdırmalıyıq".

Deportasiyaya məruz qalmış qərbi azərbaycanlılar siyahıya alınır - AZƏRTAC

Ülviyyə Zülfiqar: “İcmanın xaricdə açılması nəzərdə tutulan nümayəndəlikləri vasitəsilə beynəlxalq əməkdaşlığı daha da genişləndirəcəyik”

Qərbi Azərbaycan İcmasının mətbuat katibi Ülviyyə Zülfiqar prosesin gedişatı ilə bağlı bunları dedi: “Qayıdış Konsepsiyası ilə bağlı Qərbi Azərbaycan İcmasında dərhal hazırlıqlara başlanıb. Bunu ən qısa zamanda yekunlaşdırmağa çalışacağıq. Fəaliyyətimizi bu Konsepsiyaya uyğun quracağıq. Konsepsiya üzərində həm tarixçilər, həm də hüquqşünaslar birgə işləyir. İstənilən beynəlxalq konvensiyada qayıtmaq hüququ ilə bağlı maddələr var. Biz sülh yolu ilə geri qayıdaraq dinc, yanaşı yaşamağı nəzərdə tuturuq. Bir sözlə, Qayıdış Konsepsiyasında sülh yolu ilə geri qayıtma məsələsi vurğulanacaq. Onu da qeyd edim ki, Qərbi Azərbaycan İcmasının saytı hazırlanır. O ki qaldı beynəlxalq fəaliyyətə, beynəlxalq ictimaiyyətin Qərbi Azərbaycanla bağlı məlumatlılığının artırılması istiqamətində addımlar atılacaq. Məsələni insan hüquqları, eləcə də geri qayıtma hüququ əsasında beynəlxalq təşkilatların nəzərinə daşımağı düşünürük. Bununla yanaşı, xarici ekspertlər, beynəlxalq hüquqşünaslarla fikir mübadiləsi aparılacaq. Qərbi Azərbaycanda dağıdılan mədəni irsimiz, toponimlərlə bağlı davamlı olaraq UNESCO ya sənədlər göndərəcəyik. Bundan başqa, icmanın xaricdə açılması nəzərdə tutulan nümayəndəlikləri vasitəsilə beynəlxalq əməkdaşlığı daha da genişləndirəcəyik”.

Nigar HƏSƏNLİ,
“Yeni MÜSAVAT”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR