Onlayn ictimai-siyasi qəzet
Zümrüd Paşkinin İsraildən birinci yazısı burada
İsraildə olarkən Qəzza ilə yaxın sərhəddə yerləşən, 1940-cı illərdə salınmış qəsəbə Kibbutz Beeriyə də baş çəkdim. Kibbutz Beeri Tel-Əvivdən 1 saat yarımlıq məsafədədir.
“Kibbutz” sözü ivrit dilində "toplanmaq" deməkdir. Kibbutzlar İsrailə xas kommunal yaşayışdır. İsraildə təxminən 270 kibbutz var. Adətən 100-dən 1000-ə qədər sakini olan bu kiçik şəhərlər tarixən kolxozların ətrafında yerləşir.
Məni müşayiət edən İsrail XİN rəsmisi hətta zarafatla dedi ki, İsraildəki kibbutzlar Çindən, Şimali Koreyadan daha çox kommunistdir. Bu icmalarda hər kəs vahid büdcə - icmanın büdcəsi üçün çalışır.
İsrail və HƏMAS arasında zaman-zaman yaranan gərginliyinə baxmayaraq bu illər ərzində əhali evlərini tərk etməyib və gündəlik həyatlarını bu şəraitin tələblərinə uyğunlaşdırıblar.
Doğrusu kibbutza getməzdən əvvəl orda görəcəyim ürəkağrıdıcı mənzərəni gözləmirdim. Bir zamanlar sakit həyatın olduğu, kiçik gözoxşayan bir qəsəbənin elementlərini hələ də özündə saxlamış amma eyni zamanda viran edilmiş bir yer təsəvvür edin. Raket zərbələrinin nəticəsində evlərin müəyyən qismi dağılıb. Pəncərələri, qapıları sındırılmış evlərin əşyaları çölə səpələnib. Bəzi evlərdə his, yanıq izləri var, aydındır ki, evlərə 7 oktyabrda od vurulub. Hər evin qarşısında bir zamanlar orada yaşamış və 7 oktyabrda ya qətl edilmiş və ya girov götürülmüş sakinlər barədə məlumatlar vardı. Bəzi evlərin qarşısında yalnız qoca qadın və ya kişi şəkillərini gördüm. Bəzi evlərin qarşısında isə daha çox fotolar, 4- 5 nəfərlik ailələr, uşaqların fotoları vardı.
Bu kiçik qəsəbəyə daxil olarkən küçənin başında bir ev vardı. Evin qarşısında çox sayda dibçəklər olsa da dibçəklərdəki güllərin hamısı qurumuşdu. 7 oktyabrdan əvvəl bu həyətin necə gözəl göründüyünü gözümdə canlandırdım... Amma gül-çiçəyə qayğı göstərən Yossi Aptalo artıq yox idi. Daha sonra Yossi haqqında internetdə məlumat tapdım. Ailə üzvlərinin dediyinə görə 77 yaşlı Yossi incəsənəti, təbiəti sevirmiş. Belə bir adamın həyəti necə ola bilərdi ki... Yossi Aptalo 7 oktyabrda iti Elvislə birgə evində HƏMAS silahlıları tərəfindən güllələnmişdi.
Qeyd edim ki, indi Kibbutz Beeriyə gəlmək üçün xüsusi icazə alınmalıdır və evlərə girməyə icazə verilmir. Qəsəbədə məni Miri Qad Mesika müşayiət edirdi. O, Kibbutz Beeridə doğulub burada yaşadığını və buranın üçüncü nəslinin nümayəndəsi olduğunu dedi.
Onun sözlərinə görə ortaq icma olan Kibbutz Beerinin 7 oktyabradək 1200 nəfər əhalisi vardı. 6 oktyabrda icmanın 76 yaşı tamam olub və icma üzvləri oktyabrın 7-də bununla bağlı şənlik keçirəcəkmişlər. “Oktyabrın 7-si saat 09:00-da bizim ziyafətimiz olacaqdı. Əslində, bir mənada biz şanslıyıq, əgər terrorçular saat 07:00-dan sonra gəlsəkdi, bəlkə də hadisələr daha fərqli bitəcəkdi, daha ağır, qanlı”.
Kibbutz Beerinin 7 oktyabrda ən çox itki verən icmalardandır, belə ki, icmanın ümumilikdə 102 üzvü qətlə yetirilib.
Söhbət zamanı biz bir evin qarşısında dayanmışdıq, Mirinin sözlərinə görə, bu ev sentyabrın əvvəlində Qəzzada girovluqda öldürülən Karmel Qadın valideynlərinə məxsus idi. Tel-Əvivdə yaşayan və yoqa terapisti olan Karmel hücumdan sadəcə bir gün əvvəl valideynlərini ziyarətə gəlibmiş.
“Oktyabrın 7-də HƏMAS terrorçularının hücumu zamanı onun anası Kinneret öldürülüb. Karmel həmçinin onun qonaq gələn qardaşı Alon, onun arvadı Yarden Roman-Qat və qızları Geffen də əsir götürülüb. Ancaq Alon və onun üç yaşlı qızı Geffen sonra qaça biliblər, 36 yaşlı arvad Yarden də qaçsa da, o, yenidən ələ keçirilib. O, Qəzzada girov saxlanılıb və ötən il noyabrın 29-da Qətərin vasitəçiliyi ilə əldə edilən atəşkəs razılaşması zamanı azad edilib. Ancaq Karmel keçən 11 ay ərzində Qəzzada girovluqda qalıb. Sentyabrın əvvəllərində İsrail əsgərləri Qəzzada tuneldə Karmel və beş girovun cəsədini tapdılar. Karmel 11 aydan sonra Qəzzada edam edildi”, - Miri əlavə etdi.
Bu qırğından sağ çıxan biri kimi əsas missiyasının baş verənlər barədə hər kəsi məlumatlandırmaq olduğunu deyən Miri bunun hələ də girovluqdakı şəxslərin azadlığı üçün çox vacib olduğunu vurğuladı.
“Biz icmanın üzvləri olaraq Kibbutz Beeriyə gələn hər kəsə bu barədə deyirik. Hər kəsdən rica edirəm, bu məsələni gündəmdə saxlasın, dostlarımızın azad olunması üçün bizə yardım etsinlər. Həmin gün 30 nəfər Kibbutz Beeridən oğurlanaraq Qəzzaya aparılıb. Onlardan 20 nəfər qaytarılıb, bəziləri sağ şəkildə, bəzilərinin meyitləri. Amma hələ 10 dostumuz girovluqdadır. Təəssüf ki, onların 7-si artıq sağ deyil. Onların bəziləri elə 7 oktyabr günü qətl edilib və cəsədləri Qəzzaya aparılıb. Bir neçə nəfər isə elə Qəzzada edam edilib. Biz inanırıq, dua edirik ki, üç nəfər hələ sağdır”.
O, hələ də girovluqda olan şəxslərin evlərini göstərdi. Məni müşayiət edən Miri Qad Mesika özü də bu hücumdan sağ qurtulanlardan idi. Qəsəbə daxilində dağılmış evlərin arası ilə gəzərkən o, həmin günlə bağlı başına gələnləri nəql etdi. Dörd ailə ilə birgə iki mərtəbəli evdə yaşadığını deyən Miri Qad Mesika:
“Biz ikinci mərtəbədə qalırdıq. Həmin gün biz raket siqnalının səsini eşidib, gizləndik. Qonşumuz isə pilləkəndə dayanmışdı, gizlənməmişdi. Ətrafda sakitlik olduğu üçün biz çöldən gələ danışıq səslərini eşidirdik. Terrorçular onunla ərəbcə danışırdı, çünki o, misirli idi və ərəbcə bilirdi. O, son cümləsini həm də ivritcə dediyi üçün başa düşürdüm. O yalvarırdı: “nə istəyirsiniz götürün, amma yalvarıram, mənə mərhəmət edin”.
Ona mərhəmət etmədilər, biz güllə səsləri eşitdik. Artıq anlamışdıq ki, o, sağ deyil, güllə səsindən sonra danışıq kəsilmişdi. Sonra onlar bizim evimizə yaxınlaşıb qapımızı qırmağa çalışırdılar. Qapıya əl qranatı da atmışdılar. Lakin qapını aça bilmirdilər, çünki həyat yoldaşım bizim qapımızı möhkəm düzəltdirmişdi. Amma o anda artıq ölümün yaxınlaşdığını hiss edirdik, bilirsinizmi bu necə dəhşətlidir. Anlayırdıq ki, qapını aça bilsələr bizi dərhal güllələyəcəklər. Biz şanslı idik terrorçular qapını aça bilmədi”.
Amma hücum edən şəxslər binaya od vuraraq oranı tərk edib:
“Artıq biz tüstünü hiss edirdik və boğulurduq. Mən həyat yoldaşıma tüstüdən boğularaq ölmək istəmədiyimi ona görə də pəncərədən tullanmağı təklif etdim. Onsuz da onlar bir yolla içəri girsələr bizi güllələyəcəkdilər. Nəhayət o, mənimlə razılaşdı. Yoldaşım dedi ki, nə zaman ki dəmir qapımız isinəcək o zaman artıq alovun bizim evimizə çatdığı deməkdir, onda tullanacağıq. Mən üzü qapıya tərəf oturmuşdum və qızımın metal qapıya yapışdırdığı maqnitlərin əriyib axdığını gördüm, artıq alov bizim evimizi əhatə etmişdi tullanmalı idik, amma həm də bilirdik ki, terrorçular pilləkənlərdə, pəncərələrin altında və ya binanın damında dayanıb çölə çıxıb qaçanları güllələyir, ona görə də tullanmazdan əvvəl mən pəncərədən telefonumu çıxardaraq ətrafın videosunu çəkməyə başladım, görüntülərdə heç kim yox idi, anladıq ki, terrorçular binamıza od vurub uzaqlaşıblar”.
O, telefonunu çıxardıb həmin görüntüləri göstərdi. İkinci mərtəbədən tullananda əzilməmək üçün Miri həmin an buna həll yolu da tapıb. O, çarpayının üzərindəki qalın matrası yerə atmış və ailə üzvləri matrasın üzərinə tullanmışdı. Böyük oğlu tullanarkən ayağını sındırmışdı. Mirinin ailəsinin pəncərədən tullandığını görə qonşular öz həyatlarını riskə ataraq, gəlib onlara kömək edib və daha təhlükəsiz yerə aparıblar. O əlavə etdi ki həmin gün axşam saatlarına qədər gizlənməyə məcbur olublar və saat 19:00 iradələrində xilasedici avtobuslarla təxliyə olunublar.
“Bu, sadəcə çox kiçik bir hekayədir, mənim hekayəmdir. Amma həmin gün 1200 nəfər bu əzabı yaşayıb, hər kəsin bu günlə bağlı acı bir hekayəsi var”.
7 oktyabrdan əvvəl də qəsəbəyə raketlərin atıldığını deyə Miri bu zaman təhlükəsiz otaqlara sığındıqlarını belə yaşamağa öyrəşdiklərini dedi.
“Bəzən gərginlik çox artanda bir neçə günlük digər şəhərlərə təxliyə olunurduq”.
Biz yolumuza davam edir, viran olmuş evlərin qarşısından keçdikcə o, burada yaşayan şəxslər barədə məlumat verirdi.
“Bilirsinizmi, bu qonşuluqda yaşayan insanların 70 faizi ya öldürülüb ya da girov götürülüb. Keçdiyimiz bu küçə hücumdan ən çox itki verən küçədir”.
O, başqa bir qurban, Ofra barədə məlumat verməyə başladı. Ofra səhər tezdən yürüşdən qayıdarkən vurulmuşdu.
“O, yolda oğlu ilə telefonla danışırmış və oğluna deyib ki, bədəvilər mənə atəş açır. O elə bilib ki, hücum edənlər bədəvilərdir çünki heç kim belə bir şeyin olacağını gözləmirdi. Terrorçular onu güllələyib daha sonra onun cəsədini oğurlayıblar”.
Miri ilə söhbət edə-edə onun valideynlərinin evinin önünə çatmışdıq. Onun Kibbutz Beeridə yaşayan ata-anası xilas olunsa da evləri tamamilə yararsız hala düşmüşdü. Pəncərələri divarları raket hücumunda dağılan evə daxil olduq Miri evin birinci mərtəbəsindəki bağlı artırmanı göstərərək “Ailə üzvlərimiz toplaşıb burda nahar edərdik, indi görürsünüz necə vəziyyətdədir”, - deyə gileyləndi.
Artırmadan əsər-əlamət qalmamışdı. Daha sonra evin ikinci mərtəbəsinə qalxdım buradan Qəzza görsənirdi. Fotoaparatımla “zoom” edib foto çəkməyə çalışarkən, fikrimdən keçirdi ki, “kaş üstümdə binokl olardı”... Miri məni gecikdiyimizə görə tələsdirdiyi üçün bir neçə foto kadr götürüb evi tərk etdim.
Evdən çıxanda o, inamla dedi,- “biz Beerinin bərpasını gözləyirik ki, yenidən geri qayıdıb evimizdə yaşayaq”.
Başqa bir evin önündə dayandıq qarşısında çoxlu fotolar vardı...Bu evdə ailənin bütü üzvləri girov götürülmüş, ata isə öldürülmüşdü. Miri girov götürülən qadınların azad edildiyini, lakin ailənin bir üzvü Tal Şoamın hələ də girov olduğunu əlavə etdi,- “Şahidlər onu girovluqda görməyib amma 7 oktyabrda girov götürülərkən o, sağ olub. Biz hələ də ümid edirik ki, o yaşayır. Bütün girovların həmçinin Talın sağ-salamat qayıdıb ailələrinə qovuşması üçün gücümüz çatan hər şeyi edirik”.
Biz Talın yaşadığı evə yaxınlaşarkən onun yaxın qohumunun xarici mediaya müsahibə verdiyini gördüm. Talın qohumu həmin ailənin başına gələnlər barədə danışırdı. O, hər kəsi girovların azad olunmasına yardım üçün çağırdı. Xarici jurnalist evin içərisində çəkiliş aparmaq üçün həmin şəxsin onlarla bərabər içəri girməsini rica etsə də Talın yaxın qohumu olan şəxs jurnalistə bildirdi ki, o mənzərəni görmək ona ağır təsir edir. Jurnalistlər içəri daxil oldu, Talın qohumu isə kənarda gözləyirdi. Doğrusu ona yaxınlaşmaq istəsəm də sonra fikrimdən vaz keçdim. Hiss olunurdu ki, baş verənləri xatırlamaq, bu barədə danışmaq ona çətindir. Ona görə də bir neçə foto çəkib oradan uzaqlaşdım.
Miri mənə aktivist Vivian Silverin də evindi göstərdi. Sülh aktivisti olan və Qəzzada Yordan çayının Qərb sahilində fələstinlilərlə işləyən Vivian barədə xarici mediada oxumuşdum. “Terrorçular onu da qətlə yetirdi. Bu qırğından sadəcə bir neçə ay əvvəl Qəzzada fələstinlilər onun adına mərkəz açmışdılar, humanitar fəaliyyətlərinə görə. Mən düşünürəm ki, 7 oktyabrda törədilənlərə görə hamı günahkardır. Burda adam qətlə yetirməyənlər belə bura gəlib evlərdən oğurluq etdilər, onlar bu hücumun, qətllərin qarşısını almağa cəhd etmədilər”,- Miri təəssüflə dedi.
Biz söhbətləşərək tikanlı məftillərlə əhatə olunmuş qəsəbənin kənarına gəldik. Tikanlı məftillərdən ibarət hasarı xatırlayıram. 7 oktyabr hücumunu əks etdirən görüntülərdə HƏMAS silahlıları bu tikanlı məftilləri kəsib doğrayaraq qəsəbənin ərazisinə daxil olmuşdu. “O videolardakı “Beeri” deyə qaçan terrorçular, onların motosikletlərini xatırlayırsınızmı?”, -deyə Miri soruşur. Həmin görünütülər yadıma düşür. “Terrorçular bax bu yol boyu hərəkət edib”,- deyə o sözünü tamamladı.
Söhbət əsnasında icmanın qətlə yetirilən üzvlərinin harada dəfn olunması ilə bağlı suala cavab verən Meri bildirdi ki, qətl edilənlərin dərhal Kibbutz Beeridə dəfn etmək mümkün olmayıb. “Həmin vaxt bura təhlükəli idi, amma daha sonra biz qətlə yetirilən icma üzvlərimizin çoxunun qəbirlərini bura gətirə bildik.
Miriyə verdiyi məlumatlar üçün təşəkkür etdim. O bir daha rica etdi ki, Qəzzadakı israilli girovların azad olunması məsələsini hansı ölkənin vətəndaşı olmağından asılı olmayaraq hamı gündəmdə saxlasın. “ Onlar analar, atalar, övladlardır, onlar bizim əzizlərimizidir, onlar günahsızdır”,- o, titrəyən səsi ilə vurğulayırdı. Onunla sağollaşdım.
Beynəlxalq Qırmızı Xaç Qəzzadakı israilli girovların taleyinə laqeyddir
İsrail cəmiyyətində ən çox müzakirə olunan məsələlərdən birincisi 7 oktyabrda HƏMAS tərəfindən girov götürülən şəxslərdir. Elə bir adam yoxdur ki, söhbət zamanı bu məsələyə toxunmasın, girovların taleyi bütün israilliləri narahat edir.
İsrailin müvafiq orqanlarının məlumatına görə, 7 oktyabr hücumunda ümumilikdə 251 israilli və əcnəbi əsir götürülmüşdü. İndiyə qədər onlardan 117 nəfər sərbəst buraxılıb. Eyni zamanda İsrail hərbi qüvvələri Qəzzada hərbi əməliyyatlar vaxtı bir neçə girovun meyitini tapıblar.
Tel-Əvivdə olarkən Girovlar və İtkin Ailələri Forumunun qərargahına da baş çəkdim. Bu Forum 7 oktyabr hücumu zamanı girov götürülən şəxslərin ailələri tərəfindən yaradılıb. Girovlar və İtkin Ailələr Forumu girov saxlanılan bütün İsrail vətəndaşlarının təhlükəsiz qayıtmasını hədəfləmiş mülki, könüllü əsaslı təşkilatdır. Bu Forum həm İsrail daxilində, həm də beynəlxalq səviyyədə məsələnin gündəlikdə qalması və girovların qaytarılması istiqamətində səyləri təşviq edir.
Forumun ətrafında girovların qohumları ilə yanaşı keçmiş diplomatlar, ictimai fiqurlar da toplanıb. Qərargahda İsrailin keçmiş diplomatları və artıq sərbəst buraxılmış girovun yaxını ilə görüşdüm.
Keçmiş diplomatlardan biri bildirdi ki, artıq Forumda itkin ailələr yoxdur, bütün itkinlərin taleyi məlum olub, ancaq girovlar hələ də qalır. Onun sözlərinə görə, hücumdan dərhal sonra hökumət girov və itkinlərin taleyinin müəyyənləşdirilməsi ilə bağlı prosesdə iştirak etməyib.
“Hökumət bu prosesdə yox idi, hökumət baş verənlərdən şoka düşmüşdü. Və ya bəlkə də hökumətin görəcək başqa işləri vardı, bunu bilmirəm amma bizim üçün ən vacibi girovlar idi həmin vaxt 200-dən çox girov vardı. İlk vaxtlar İsraildə düşünürdülər ki, bu proses müvəqqətidir və bir neçə gün içərisində bütün girovlar qaytarılacaq ancaq artıq bir il keçib, Qəzzada hələ də girovlarımız var. Tel-Əvivdə həyat öz axarına qayıdıb. Ancaq girovların doğmaları üçün hələ də çətindir, onlar bura gəlir eyni nigaranlığı bölüşən digər şəxslərlə söhbət edir yüngülləşirlər. Burada artıq geniş bir ailə yaranıb”.
O bildirdi ki, Forum həm yerli, həm də xarici media ilə işləyir, məsələnin gündəmdə olması üçün səylər göstərir.
“Girovların birinci düşməni HƏMAS-dırsa, ikincisi də unutqanlıqdır. Biz girovların ailələrini müxtəlif ölkələrə göndəririk ki, öz hekayələrini çatdırsınlar. Mərkəzimizdə xarici qonaqlar, yüksək səviyyəli rəsmilərlə görüşmüşük. Girovların səsi olmaq, onların geri qaytarılması üçün əlimizdən gələni edirik”, -keçmiş diplomat vurğuladı.
7 oktyabrda girov götürülənlərin bir qismi Qətərin vasitəçiliyi ilə baş tutan mübadilədə HƏMAS tərəfindən qaytarılanda onların arasında 3 yaşlı bir qız vardı, Abgeil. Bəlkə də bu prosesi yaxından izləyənləriniz onun ürəkparçalayan hekayəsini bilir, çünki xarici media onun barəsində yazırdı. Abgeilin ata-anası 7 oktyabr hücumunda qətlə yetirilmişdi. Onun 6 və 10 yaşlı bacı qardaşı 14 saat paltar şkafında gizlənərək xilas olmuşdu. Abgeil isə qonşuları ilə birgə girov götürülmüşdü. Əvvəlcə onun da qətlə yetirildiyi düşünülsə də daha sonra Qəzzada girov qaldığı məlum olmuşdu. Mərkəzdə Abgeilin yaxın qohumu Noa Naftali ilə də görüşmək imkanım oldu. O, Abgeilin indi daha yaxşı olduğunu, öz qardaş-bacısı ilə birgə yaxın qohumunun himayəsində yaşadığını bildirdi. Bəlkə də Abgeilin uşaq olması bir avantajdır, böyüdükcə yaşadığı travmanı unudar...
Keçmiş diplomatlarla söhbətimdə onlar beynəlxalq təşkilatların girovlarla bağlı laqeydliyindən şikayətləndilər.
“Biz anlayırıq ki, Beynəlxalq Qırmızı Xaç kimi humanitar təşkilatlar girovlarla bağlı məsələlərdə fəal rol oyansa da onların da üzləşdiyi məhdudiyyətlər var. Əgər HƏMAS girovlarla görüşə yox desə təşkilat nə heç nə edə bilməz, onların ordusu, gücü yoxdur ki, HƏMAS-ı buna məcbur etsin. Biz bunları başa düşürük amma onlar ailələrlə görüşməli, girovlarla bağlı ümumi siyahı hazırlayıb təqdim etməli və girovlarla görüş üçün ən azı cəhd etməli və bəyanat verməli idilər. Amma bunların heç birini etmədilər. Bir daha vurğulayıram ki, indiki situasiyada Qırmızı Xaçın həqiqətən edəcəyi bir şey yoxdur bunu diplomat kimi anlayıram, amma bizim problemimiz onların məsələ ilə bağlı ciddi mövqe ortaya qoymaması, bununla bağlı kampaniya aparmamasıdır. Girovlarla bağlı onların bizim regiondakı fəaliyyəti və digər münaqişələrdə girovlarla bağlı fəaliyyətini müqayisə edərkən fərqi görürük ki, bu da həqiqətən qəbuledilməzdir. Onlar sözün əsl mənasında biz məcbur etdikdən sonra girovların ailələri ilə görüşdü. Qırmızı Xaçın yerli bürosu əməkdaşlıqda maraqlı deyil”.
Keçmiş diplomatlar bildirdi ki, İsrail vətəndaşları hər şənbə günü aksiyalar keçirir çünki, onlar hesab edir ki, hökumət girovların qaytarılması ilə bağlı bütün imkanları yoxlamır.
“Ancaq artıq şimal sərhədlərində vəziyyət gərginləşəndən sonra insanlar belə mitinqlərə getməyə qorxur, çünki düşünürlər ki, “Hizbullah” insanların bir yerə toplaşmasını fürsət bilərək ora raket atar”.
O bildirdi ki, İsrail vətəndaşlarının əksəriyyət girovların azad olunmasını hər şeydən vacib prioritet hesab edir. “Artıq neçə aydır ki aparılan sorğular göstərir ki, əhali müharibənin dayandırması və girovların hamısının qaytarılması seçiminə “hə” deyir. Sorğulara görə əhali hökumətə təzyiq edir, lakin bu təzyiqlər kifayətdirmi? Mən təəssüflə deyərdim ki, indiyə qədər “yox”.
Yaşlı diplomat Qəzzada müharibənin dayandırılması və girovların azad olunmasının bir-birilə bağlı olduğunu dedi. “Siz girovlar azad olunmadan müharibəni dayandıra və müharibəni dayandırmadan girovları azad edə bilmirsiniz. Yəni biri digərini müdafiə edir.
Təbii ki, əgər sual versək ki, girovların azad olunması üçün başqa imkanlar varmı? Təbii ki, bunun cavabı “hə” olar çünki hələ də 100 artıq girov azad olunmalıdır”.
Söhbət zamanı keçmiş diplomat digər ölkələrin, xüsusilə də ABŞ-ın prosesə necə yardım edə biləcəyi məsələsinə də toxundu. O bildirdi ki, ABŞ bu məsəldə Qətərə, Misirə daha çox təzyiq edə bilər.
“Amma təbii ki, biz ABŞ-ın da maraqlarına hörmətlə yanaşırıq, ABŞ yalnız İsrailin maraqlarında çıxış edə bilməz. ABŞ-ın yeganə problemi girovlar deyil, onların milli maraqları da var. Etiraf edim ki, mən ABŞ-ı tənqid edərkən özümü narahat hiss edirəm, çünki onlar bizim üçün hamıdan çox iş görüb”.
Keçmiş diplomat əlavə etdi ki, illər ərzində İsrail XİN HƏMAS-ın təcrid olunması üçün səylər göstərib ona görə də bu gün HƏMAS terrorçu təşkilat kimi tanınır.
“Hesab edirəm ki, HƏMAS-ı terrorçu kimi tanıyıb əlaqələri kəsən ölkələr bizə vasitəçi qismində kömək edə bilməz, amma bir neçə ölkə prosesdə vasitəçi qismində rol oynaya bilər. Qətər və Misirin rolunu bu kontekstdə dəyərləndirərdim. Amma Misir və Qətər arasında bu məsələdə sanki rəqabət var, halbuki ki bu prosesdə hər iki ölkə vasitəçi kimi tanınır. Bəziləri Türkiyəni təklif edir, amma mənə görə bu mümkün deyil, çünki mən Türkiyə rəhbərliyinə güvənməzdim. Rusiya nəsə edə bilərmi? Bəli. Amma nəsə edirmi? Yox. Sadəcə bu, bir dəfə bu olub, noyabrda azad olunanlar arasında Rusiya vətəndaşı da vardı. O, azad olunan şəxslərin kateqoriyasına daxil deyildi, amma HƏMAS Putinə bir jest olaraq onu da azadlığa buraxdı. Amma ümumi olaraq deyim ki, Rusiya tərəfi bu məsələdə maraqlı tərəf kimi görünmür, indiyə qədər müxtəlif ölkələrin diplomatlarının girovların ailələri ilə görüşlərinin heç birində Rusiya səfiri iştirak etməyib. Həmçinin Çin səfiri də”.
Keçmiş diplomat bildirdi ki, o, əlindən gələn səyləri göstərir: “Deyərdim ki, 30 illik diplomatik karyeramda etmədiyimi son bir ildə etmişəm. Əlimdən gələni edirəm, çünki vəziyyətin necə həssas olduğunun, şansların necə az olduğunun fərqindəyəm”.
O, ABŞ-dakı seçkilərin nəticəsinin prosesə necə təsir edəcəyi barədə də maraqlı nüansı qeyd etdi.
“Əgər mən Netanyahunun yerinə olsaydım Trampın yardımına çox da ümid etməzdim. Tramp artıq siqnallar verib ki, o seçiləcəyi təqdirdə bu məsələ onun gündəliyində olmayacaq”.
Girovların azad olunması ilə bağlı İsrail hökumətinin bütün addımları atıb-atmaması ilə bağlı sualıma da yaşlı diplomat maraqlı cavab verdi. “Ölkə vətəndaşları arasında Netanyahunun girovların azad olunması ilə bağlı razılığın əldə olunmasında maraqlı olmadığı barədə fikirlərin olmadığını iddia etsəm bu doğru olmaz. Bu yanaşma mövcuddur. Çünki bəzi vətəndaşlar düşünür ki, bu halda Netanyahu müharibəni bitirməli və nəticə etibarı ilə hakimiyyətdən getməli olacaq. Digər bir yanaşma mövcuddur ki, Netanyahu müharibənin bitməsini istəmir, çünki araşdırmaların başlamasını istəmir. Və yaxud o, müharibəni bitirmək istəmir, çünki siyasi karyerasından narahatdır. Bütün bu yanaşmalar cəmiyyətdə var. Mən bilmirəm Netanyahu nə fikirləşir, amma əgər siz məhz mənim yanaşmamı soruşursunuzsa mənim üçün motivasiya vacib deyil, önəmli olan addımların atılması girovların qaytarılmasıdır. O və onun hökuməti girovların sağ qaytarılması üçün bütün addımları atmalı, bütün fürsətlərdən istifadə etməlidir”.
Keçmiş diplomat bəzi dövlət rəsmilərinin girovların girovların geri qaytarılmasının bədəlindən danışdığını bunun qəbuledilməz olduğunu dedi. “Onlar bir faktı undur ki, 2023-cü ilin 7 oktyabrında dövlət bir institut kimi bu vətəndaşlarını qoruya bilmədi, bu məsələdə uğursuzluğa düçar oldu. Əhəmiyyəti yoxdur ki, burda hansı individual şəxsin məsuliyyəti var və ya yoxdur, kollektiv olaraq dövlət burada günahkardır.
Onlar hansısa bədəldən danışır, amma heç kim uzun müddətdə İsrail cəmiyyətinin travmasından danışmır”.
Zümrüd Paşkin, xüsusi olaraq Musavat.com üçün
Tel-Əviv, İsrail
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ