İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan teatrında “artsax” tamaşası – Qərbi Azərbaycan mühacir hökuməti elan edilsə...

Əsasən Ermənistana cəm olan separatçı-revanşist ünsürlər öz miskin varlıqlarını sürdürmək üçün təzə hoqqaya əl atmaq üzrədirlər. Bu dəfə deyəsən “artsax” tamaşasına yeni “performans” vermək, “mühacir hökumət” oyunu oynamaq istəyirlər.

Odur ki, məntiqi sual ortaya çıxır: budəfəki siyasi şou ən çox kimə lazımdır – Qarabağda dayaqlarının sarsıldığını zənn edən, Nikol Paşinyan iqtidarından narazı Rusiyaya, yoxsa “erməni kartı” ilə Azərbaycana təzyiq edəcəyini düşünən, hərbi qələbəmizi tam “həzm edə” bilməyən” Qərbə (ABŞ-a)? Ya bəlkə elə sülhdən danışa-danışa sülhün əleyhinə olan, altdan-altdan Ermənistanı silahlandıran Paşinyan hökumətinə?

Cavab bir azdan məlum olacaq. Ancaq olsa da, olmasa da, gerçək belədir ki, Paşinyan hakimiyyəti Bakı ilə danışıqları bu il də imitasiya etdiyindən, qiymətli zamanı yelə verdiyindən, separatçı qüvvələrin “ikinci nəfəs”i üçün ümidləri xeyli artıb. Üstəgəl, onlar xarici havadarlarının və erməni lobbisinin dəstəyi ilə buna bir fürsət, həm də ola bilsin, axırıncı şans kimi baxmağa başlayıblar...

Son gəlişmələr fonunda ən qəliz durumda “Nobel” mükafatına iddialı Nikol Vovayeviç görünür. Çünki şübhəli nəzərlər əsasən ona ünvanlıdır. İndi o, əməldə bütün dünyaya nümayiş etdirməlidir ki, həqiqətən 86.6 min kv km-lik Azərbaycana qarşı Ermənistanın heç bir ərazi iddiası yoxdur. Yəni Nikol İrəvan teatrında “artsax tamaşası”nı “pərdəsi” açılmamış ləğv etməli, onun təşkilatçılarını və “aktyor-təlxəkləri”ni sərt şəkildə cəzalandırmalıdır.

Yox, durub bəyan etsə ki, “bu - demokratiyanın təzahürüdür, insan haqları məsələsidir”, o zaman bədəlinə hazır olsun. Onda “demokratiya, insan haqları” məsələsi avtomatik şəkildə Bakıda Qərbi Azərbaycan parlamenti və mühacir hökumətinin yaranmasını zərurətə çevirəcək. Baxaq görək, Paşinyan o halda nə mızıldayacaq?..

Hərgah, növbəti “artsax” tamaşasını boş zaman itkisi və maraqsız sayanlar da var. Məsələn, “Demokratik Alternativ” Partiyasının sədri Suren Surenyants hesab edir ki, Ermənistanın “artsax məsələsi”ni yenidən gündəmə qaytarmaq imkanı yoxdur.

“Artsaxın dağılması kağız üzərində olmayıb ki, kağızla da bərpa edilsin. Şahramanyanın onu buraxması haqda fərmanının “artsax”ın dağılması hekayətində heç bir rolu yoxdur. “Artsax” özü bir subyekt kimi, erməni qurumu kimi mövcud olmağı dayandırıb. Çünki Azərbaycanın aqressiv gündəmi var idi və hələ də var. Paşinyan Praqada “artsax”ın Azərbaycanın bir hissəsi kimi tanınması ilə bağlı razılığa gəlib və təəssüf ki, qurumun ləğvi ilə bağlı beynəlxalq aləmdə səssiz konsensus formalaşıb”, - partiya sədri bildirib.

Surenyants ardınca deyib: “Şahramyanın buraxılma barədə 26 sentyabr fərmanından imtinası yalnız mənəvi nöqteyi-nəzərdən dəyərli ola bilər. Çünki bunu o, güc və məcburiyyət hədəsi altında imzalayıb. Lakin fikrimcə, bizim “artsax məsələsi”ni təzədən gündəmə qaytarmaq üçün siyasi imkanımız yoxdur. Buna görə Paşinyana “minnətdar” olmalıyıq”.

Surenyants siyasi baxımdan “artsax mövzusu”nun artıq qapandığı qənaətindədir:

“Hökumət dəyişsə belə, Paşinyanın axmaq antierməni siyasətinin nəticəsi olaraq, geridönüş baş verməyəcək”.

“Status” qatarı doğrudan da gedib. Əgər Paşinyan hökuməti inadla bunun əksini düşünən pozucu qüvvələrə sarı boylanmağa davam edərsə, pisliyi yalnız özünə və xalqına edəcək. Bakının B planı da, C planı da çoxdan hazırdır...

Siyasət şöbəsi,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR