İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan Rusiyanı sülhməramlılar və KTMT ilə şantaj edir

Baş nazir Paşinyan və spiker Simonyan Moskvanı açıq mətnlə ittiham edən fikirlər səsləndiriblər, hətta Kremlin Ermənistanda çevriliş planı olduğunu da gizlətmirlər

Rəsmi İrəvanın Rusiya XİN sözçüsü Mariya Zaxarovanın bəyanatına bir neçə günlük susqunluqdan sonra cavab verməsi İrəvan-Moskva münasibətlərində hazırkı gərginliyi də üzə çıxarmış oldu.

Belə ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan erməni İTV-sinə müsahibəsində Zaxarovanın Laçın yolundakı hazırkı vəziyyəti “Ermənistanın Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanımasının nəticəsi” kimi qiymətləndirməsini absurd adlandırıb, Rusiyanı ittiham edib.  Simonyan öncə deyib ki, bəs təkcə İrəvan yox, Rusiya tərəfi də Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, bunu Putin müharibədən sonrakı müsahibəsində dilə gətirib. “Rusiya bununla deməyə çalışır ki, o, 9 noyabr bəyanatında nəzərdə tutulduğu kimi, artıq qarant deyil? Əgər belədirsə, o zaman bunu birbaşa söyləmək lazımdır”, - deyə Simonyan Moskvanı sözünü tutmamaqda qınayıb: “Deyək ki, erməni tərəfi hansısa bəyanatla çıxış edib, amma 9 noyabr 2020-ci il tarixli bəyanat var ki, orada üç ölkənin imzası var, orada Laçın yolunun eni 5 km olan ərazi olduğu, onun Rusiya sülhməramlılarının nəzarətində olduğu bildirilir. İndi sual olunur: bu ərazi kimin nəzarəti altındadır və Rusiya sülhməramlıları haradadır?” 

Simonyan Zaxarovanın “Qarabağı tanıdınız” açıqlamasını Paşinyan hakimiyyətinin devrilməsinin siqnalı kimi də qəbul etdiklərini məlum müsahibəsində gizlətməyib. O, Rusiyanın Ermənistanla niyə belə davranması sualına xeyli dağınıq cavab verib. Bunu həm “Rusiyanın Ukraynada çox çətin vəziyyəti, həm də Ermənistan ərazisindən keçən dəhlizlərin uzunmüddətli perspektivlərində geosiyasi maraqları olması ilə” izah edib. Spikerin Ermənistan hakimiyyətinin Rusiyanı regiondan sıxışdırıb çıxarmağa çalışması ilə bağlı ittihamlara cavabı da maraqlıdır. “Danışıq dili ilə desək, biz bunu deyirik, əgər sənin (Rusiya - red.) bizi qorumaq öhdəliyin varsa, o zaman bizi qoruyun və deməyin: siz bəyanat verdiniz, ona görə də sizi qoruya bilmərik”. Simonyan Paşinyan hakimiyyətinin istefaya getdiyi zaman Rusiyanın Ermənistana kömək edəcəyi iddiasına da çox iddialı reaksiya verib: “Bu gün Ermənistanda seçilmiş, demokratik hökumət var ki, bu, görünür ki, regionda "pis" nümunədir". Simonyan demək istəyib ki, guya regionda Ermənistan demokratik ölkə kimi pis nümunədir, onu bu səbəbdən yıxmaq istəyirlər.

Rusiya sülhməramlıları ilə bağlı tənqidləri əsassız hesab edirik - Rusiya  XİN - 11.08.2022, Sputnik Azərbaycan

Ermənistanın baş naziri Nikol Paşinyan da Rusiyanı yenə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxa biləcəyi ilə təhdid edib. Paşinyan “La Repubblica” qəzetinə müsahibəsində bir sıra sənədləri ratifikasiya etməməsini və ona qoşulmamasının səbəbini açıqlayıb: “Ermənistan ictimaiyyətində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) praktikası ilə bağlı dərin məyusluq yaranıb və cəmiyyət bunu yaşamaqda davam edir. Hesab edirəm ki, bu, göz qabağındadır”, - Paşinyan qeyd edib. “Ən azı deyə bilərəm ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi üzrə funksionallıq və danışıqların mümkünlüyü baxımından sizin təsvir etdiyiniz vəziyyət böhrandan xəbər verir. Düşünürəm ki, bu problem təkcə Ermənistanın deyil, Kollektiv Təhlükəsizlik Təşkilatınındır. İzahatlara gəldikdə, bunlar çox fərqli ola bilər, amma heç olmasa bizim nöqteyi-nəzərimizdən izahların vacib olmadığını və bu baxımdan Ermənistan ictimaiyyətinin KTMT praktikasına qarşı dərin məyusluq yaşadığını və bunun davam etdirdiyini düşünürəm”, - Paşinyan vurğulayıb. “Bu, həm də Ermənistanın 2022-ci ilin payızında İrəvanda keçirilən KTMT sammiti zamanı bir sıra sənədləri ratifikasiya etməməsinin və ya ona qoşulmamasının səbəbidir”, - baş nazir əlavə edib. Paşinyan “Bir gün yuxudan oyanıb görə bilərik ki, Rusiya bölgədə yoxdur” ifadəsini də işlədib. Yəni həm baş nazir, həm spiker ötən həftə Kremlə necə var “döşəməyə” çalışıblar. Bu da öz növbəsində Moskva-İrəvan xəttində gərginliyin daha da artmasını nümayiş etdirir. Qərbin qoruduğu Paşinyan iqtidarı Rusiya qarşısında nə qədər duruş gətirə biləcək, bu məsələnin özü də düşündürücüdür. Lakin fakt budur ki, müttəfiqlər artıq düşmənə çevrilirlər, bu da Azərbaycana irəliləmək üçün fürsət pəncərəsi açır...

Arzuxan Əlizadə: "Qısa müddətdə 4000-dən çox üzv cəlb etmək asan deyil"

Arzuxan Əlizadə

AMİP sədri Arzuxan Əlizadənin “Yeni Müsavat”a bildirdiyinə görə, Ermənistan Rusiyanın vaxtilə yaratdığı qondarma dövlətdir. Partiya sədri hesab edir ki, ermənilər buna görə ruslara minnətdar olmalıdırlar. “Sağ ol deməlidirlər ki, onlar üçün belə dövlət qurublar. Azərbaycan torpaqlarının işğal altında qalmasında da rusların uzun illər dəstəyinin böyük təsiri olub. Sadəcə, ermənilər xəyanətə vərdiş ediblər. Zamanında Osmanlıya, sonra Rusiyaya xəyanət etdilər. Paşinyan Qərbin dəstəyi ilə hakimiyyətə gələndə götürdüyü öhdəlik olub ki, Ermənistanı Rusiyadan uzaqlaşdıra bilsin. Amma Rusiyanın bu ölkəyə təsirləri çox güclüdür: iqtisadiyyat, sərhədlər, hərbi bazalar, dəmiryolları... Yəni Ermənistanın Rusiyadan tam qopması çox çətin görünür”.

 A.Əlizadənin fikrincə, son günlər Moskva Zaxarovanın timsalında İrəvana öz sözünü çatdırmaqdadır: “Bu məsələ getdikcə böyüyür və qarşıdurma dərinləşir. Ermənilər ruslara qarşı xəyanətkar içlərini ortaya qoyublar və bu da Rusiyanın xoşuna gəlmir. Ümumiyyətlə, Paşinyan hakimiyyətinin davranışları Ermənistan üçün faciələrlə nəticələnə bilər. Rusiyaya bu şəkildə arxa çevirmək İrəvana yaxşı gələcək vəd etmir. İki dövlətin əlaqələrinin pisləşməsi bizə bütün Qarabağda suverenliyi təmin etmək imkanı yaradır. Paşinyan Saakaşvilinin aqibətini yaşaya bilər”.

Oxu.az - Ramiyə Məmmədova: “Hələ ki heç bir qırıcı və Türkiyəyə  ekstradisiya edilən terrorçu görünmür” - MÜSAHİBƏ

 Ramiyə Məmmədova

Türkiyədə fəaliyyət göstərən “World Panorama” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Ramiyə Məmmədova Ermənistan hakimiyyətinin Rusiya və Türkiyə ilə münasibətləri qaydasına salmaqdan alternativ yolu olmadığını düşünür. Onun fikrincə, getdikcə yaxşılaşan Moskva-Ankara əlaqələri İrəvan üçün dəyərləndirilməli şansdır: “Biri müttəfiqdir, digəri müttəfiqlə dostlaşan ölkədir. Ermənistan Qərbə çıxış üçün Türkiyə ilə münasibətləri normallaşdırmalıdır ki, quru sərhədlər açılsın. Paşinyan hakimiyyəti rus-türk yaxınlaşmasında manevr edərək usta siyasət yürüdə bilsə, hazırkı böhrandan da çıxacaq, Putinin ona qəzəbi də soyuyacaq. Amma Simonyanın və Nikolun verdiyi açıqlamalarla irəli getmək mümkün deyil. Başa düşmək olar ki, Ermənistan hakimiyyətini buna Vaşinqton və Paris məcbur edir. Hazırkı ritorika Qərbdən gələn təlimatdır. Amma vaxtilə Avropanın və Amerikanın diktəsi ilə oturub-duran Sakaşavili hakimiyyətinin də sonu acınacaqlı oldu. Mən burada Rusiyanı böyütmürəm, Paşinyanın da yem ediləcəyini düşünmürəm, amma Ermənistan öz böyüyünün üzünə ağ olub. Onun da cəzasını hərtərəfli çəkməkdədir”. Ekspert düşünür ki, Rusiya və Türkiyə münasibətlərinin getdikcə daha da yaxınlaşması Azərbaycan üçün böyük imkanlar açdığı kimi Ermənistana da fayda verə bilər: “Hətta regionda 2+2 formatı mümkündür. Bu platformada bölgədəki problemləri asanlıqla yoluna qoya bilərik. Paşinyan komandası Laçın yoluna görə Rusiyanı ittiham etməkdənsə, KTMT-dən müdaxilə gözləməkdənsə, Moskva-Ankara-Bakı-İrəvan masası qurmaq olar. Gedib uzaq Paris merini Laçın-Gorus yoluna gətirməkdənsə, yaxın qonşulardan mədəd ummaq lazımdır. Zaxarova da açıq mesaj verdi ki, bölgəyə ikinci, üçüncü, hətta dördüncü oyunçuların cəlb edilməsi nizamlama prosesinə fayda verməyəcək”.

Emil SALAMOĞLU
“Yeni Müsavat” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR