Onlayn ictimai-siyasi qəzet
Qərbin anti-Rusiya addımları atmaq tələbi kiçik gedişlərlə inkişaf etdirilir - rus sərhədçilərin Zvartnots aeroportundan çıxarılması Kremlə “meydan oxumaqdır”, artıq Ermənistan Ukraynaya çevriləcəyi ilə hədələnir; analitiklərə görə, proseslər xeyrimizədir, tezliklə növbəti xoş xəbəri eşidəcəyik
Son günlər Ermənistanla Rusiya arasında siyasi gərginliyin dərəcəsi xeyli artıb. Rusiya xarici işlər naziri Sergey Lavrov Antalyada keçirilən diplomatik forumda xəbərdarlıq edib ki, Moskva Ermənistan rəhbərliyinin yeni mövqeyinə uyğun olaraq “siyasətini tənzimləyəcək”. Onun sözlərinə görə, Ermənistan nəhayət ki, KTMT-dəki statusunu dəqiqləşdirməlidir.
Görünür, Kreml Ermənistanın iki kresloya əyləşdiyinə indiki vəziyyətə uzun müddət dözmək niyyətində deyil və İrəvandan son seçim etməyi tələb edir. Paşinyanın komandasında isə tərəddüdlər davam edir və Ermənistan hələ də təhlükəsizlik zəmanəti almadan Rusiyadan qopmağın təhlükələrini anlayır. Ölkənin Baş Qərargah rəisi Edvard Asryan bildirib ki, KTMT-dən çıxmağın mümkün nəticələri hesablanıb, lakin bu məxfi saxlanılır. “Biz hələ KTMT-dən çıxmamışıq. Təşkilatdan çıxmağın nəticəsi necə olacaq - bu sualda dövlət sirri var”, - Asryan bildirib.
“İrəvan Rusiya sərhədçilərinin Zvartnots hava limanında fəaliyyətini dayandırması üçün Moskvaya rəsmi məktub göndərib”. Bunu isə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan açıqlayıb. “Hakimiyyətin mövqeyi ondan ibarətdir ki, Ermənistan sərhəd qoşunları hava limanında xidmət etməlidir. Ermənistanın bunun üçün bütün imkanları var”, - A.Qriqoryan əlavə edib. Bu açıqlamadan bir neçə saat öncə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Zvartnots sərhədçiləri ilə bağlı rəsmi kanallar vasitəsilə Moskvaya heç nə göndərilməyib. “Biz MDB strukturları, Avrasiya İqtisadi İttifaqı strukturları çərçivəsində və ikitərəfli münasibətlər səviyyəsində bütün istiqamətlərdə işləyirik”, - Peskov bildirib. Peskov qeyd edib ki, Rusiya və Ermənistan hazırda “bir sıra mühüm layihələri” həyata keçirir və onları həyata keçirməyə davam edəcəklər. Peskov həmçinin bildirib ki, Rusiya ilə Ermənistan arasında “münasibətlərdə çətinliklər” keçəcək, çünki iki ölkə arasında əməkdaşlıq qarşılıqlı faydalıdır. Peskov onu da deyib ki, Rusiyada Ermənistandan daha çox erməni yaşayır. “Onlar rusiyalıdır və Rusiyada onları sevirlər”, - deyə Peskov əlavə edib.
Moskvanın İrəvana “qamçı və kökə siyasəti”nin indi anlamı nədir? Ermənistanın Qərbin təhriki ilə Rusiyaya qarşı “ikinci cəbhə” açmasından ehtiyat edir, yoxsa ermənilərə tarixi bağlılıq özünü göstərir? Peskovun Rusiyada yaşayan ermənilərin sayı haqda dedikləri də maraqlıdır, hətta təhdid kimi görünür. Onun sözlərinə görə, Rusiyadakı ermənilər Ermənistanda olanlardan çoxdur. Yəni bu xatırlatma siyasi-iqtisadi mesajdır. Amma Rusiya sərhədçilərinin aeroportdan çıxarılması birbaşa “meydan oxumaqdır”. Elə Rusiya XİN rəsmisi Mariya Zaxarova da brifinqdə Ermənistanı Ukraynaya çevrilməklə hədələdi. “İstəməzdim ki, bu, Ermənistanın başına gəlsin”, - deyə rəsmi xəbərdarlıq olundu. Zaxarova yada saldı ki, Qərb Kiyevi də yalan vədlərlə inandırdı, indi başına gələnlər göz qabağındadır, yəni İrəvan da analoji taleyi yaşaya bilər. Artıq Qriqoriyanın açıqlamasından sonra Moskvadan reaksiyaların ardı-arası kəsilmir.
Misal üçün, ekspert Yevgeni Mixaylov görün nə deyib: “Ermənistan əsl üzünü göstərdi. Əslində keçmiş müttəfiqimizin bizə xəyanət etdiyini görürük. Bunun fonunda İrəvana səfərləri necə etmək olar? Hər gün Ermənistan mətbuatında Rusiya XİN-in, Zaxarovanın, Lavrovun hərəkətləri ilə bağlı tənqidlər görürük. Ermənilər əslində bizim üzümüzə tüpürürlər. Sözün əsl mənasında, bu yaxınlarda bildirdim ki, Ermənistandansa, Azərbaycana silah satmaq bizim üçün daha yaxşıdır”. Politoloq İqor Korotçenko da açıqlama yayıb. Sitat: “Rusiyanın İrəvana qarşı şifahi müdaxilələri hələ ki təsirini göstərməyib. Ermənistanın kursu hələ də Qərbə doğrudur. Bizim erməni "tərəfdaşlarımız" isə bu istiqamətdə hətta kəskin şəkildə sürətləniblər. Deməli, biz təsir üçün başqa variantları düşünməliyik. Və mümkün təsirləri əvvəlcədən hesablamalıyıq. Heç kim Paşinyanın çoxvektorlu yanaşmasının əleyhinə deyil: hamı yaşamaq istəyir. Amma Cənubi Qafqazda Ermənistanın Ukraynaya çevrilməsi - bağışlayın!" - Korotçenko bildirib.
Zaur Məmmədov
Siyasi analitik Zaur Məmmədova görə, maraqlı hadisələrdir. Onun fikrincə, baş verənlər aysberqin görünən hissələridir: “Beləliklə, Ukrayna, Gürcüstan, Moldovadan sonra Ermənistan da eyni ssenari ilə Rusiyadan qopmaq yolunu seçdi. Bu, kobud manevrdir. Lakin bizim lehimizədir. Yaxın vaxtlarda növbəti xoş xəbəri eşidəcəyik”. Ekspert Məhəmməd Əsədullazadə xatırladır ki, artıq İrəvan küçələrində “Rədd olsun Rusiya” şüarları səslənir. O hesab edir ki, Zvartnotsdan başlayan etirazlar Rusiyanın 102-ci bazasının yerləşdiyi Gümrüyə qədər davam edəcək. “Amma 102-ci baza ilə bağlı məsələ bir qədər problematikdir. Bu, Rusiyanın "qırmızı xətti"dir. İndi İrəvanın bu xətti keçib-keçməyəcəyi Ukrayna cəbhəsindəki durumdan asılıdır. Qərbin Ermənistanda yaratdığı anti-Rusiya atmosferi məqsədinə o zaman çata bilər ki, Moskva Ukraynada məğlubiyyətə uğradılsın". Siyasi şərhçi düşünür ki, Rusiya Ukraynada istədiyi irəliləyişə nail olarsa, Qərbin Ermənistan siyasəti iflasa uğrayacaq: “Paşinyan işini şansa buraxmaq istəmir, Ukraynada sular durulmamış Ermənistanı Rusiyadan qoparmaq istəyir. Lavrov bu təhlükəni anladığından Ermənistanla münasibətlərə yenidən baxacaqları və vəziyyətə uyğun olaraq, praktiki addımlar atacaqlarının anonsunu verib”.
Asif Nərimanlı
Siyasi icmalçı Asif Nərimanlının qənaətinə görə, rəsmi İrəvanın hərbi müstəvidə Moskvadan imtina xəttini seçdiyi aşkardır: “Fransa başda olmaqla, yeni hərbi müttəfiqlərə "yelkən açan" Ermənistanın Rusiya və KTMT-nin “təhlükəsizlik çətiri”ni əvəzləmək imkanları var. Çıxarmaq istədikləri Rusiya sərhədçilərinin yerini də erməni hərbçilər və Avropa İttifaqı müşahidəçiləri ilə doldura bilər. Mövcud vəziyyətdə 102-ci hərbi bazanın çıxarılmasını gündəmə gətirəcəkləri ehtimalı isə azdır, çünki bu, Rusiyanın “tarana getməsi” üçün “qırmızı xətti”dir. Bu baxımdan, İrəvan Moskvanın praktiki müdaxiləsinə qarşı “əl yeri” qoymaqla “təhlükəsizlik çətirinin” diversifikasiya edilməsi siyasətini izləyir. Bununla həm də Qərbin anti-Rusiya addımları atmaq tələbini kiçik gedişlərlə inkişaf etdirir".
Emil SALAMOĞLU
“Yeni Müsavat”
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ