İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan Moskvaya nədə “hə”, nədə “yox” deyir?..

Ötən həftə daha bir Brüssel görüşü baş tutmalı idi. Amma alınmadı, olmadı. Əvəzində Azərbaycanın, Ermənistanın və Gürcüstanın baş nazirləri Tiflisdə bir araya gəldilər. Düşünürük ki, bu, heç də pis nəticə olmadı. Məgər elə Brüsselin də missiyası tərəfləri bir araya gətirmək deyilmi?

Tiflis görüşü hələ də təhlilçilər tərəfindən analiz edilməkdədir. Bizə elə gəlir ki, o, Bakı üçün iki aspektdən önəmli oldu. Birincisi, Ermənistanın baş naziri bir daha bəyan etdi ki, özü və ölkəsi Azərbaycanın ərazi bütövlüyünü tanıyır, özü də ötən əsrin Almatı prinsiplərinə uyğun olaraq! Qeyd edək ki, erməni baş nazir birinci dəfə deyil ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Hər dəfə bu cür bəyanatlardan sonra o, başqa sözlər desə də, bütün bunlar qeyd olunur, yaddaşlarda qalır. Görüşün ikinci məqamı bu oldu ki, Paşinyan beynəlxalq dəhlizlər və kommunikasiyalarla bağlı hüquqi baza hazırladıqlarını, gələcəkdə hətta bununla bağlı xüsusi bölmə açaçaqlarını dedi. Erməni baş naziri dedi ki, o və ölkəsi Naxçıvana dəmir yolu xəttinin açılmasının heç də əleyhinə deyil. Amma baş nazirin sözlərindən belə anlaşıldı ki, İrəvan bu məsələdə Moskvaya güzəştə getmək fikrində deyil və gələcək dəhlizin və ya yolun təhlükəsizliyini özü təmin etmək fikrindədir...

Sonuncu məqam bir daha Rusiya ilə Ermənistan arasında dərin ziddiyyətlər yaşanmasına işarə oldu. Amma bunun ardınca, heç iki gün keçməmiş İrəvan Moskvanın Qafanda konsulluq açmaq təklifinə “hə” dedi. Bunu necə başa düşməli? Əslində bu, boş şeydir. Ermənistan daha çox Rusiyanın hərbi-təhlükəsizlik müstəvisindən uzaqlaşmağı nəzərdə tutur və KTMT-nin demək olar ki, bütün tədbirlərini boykot edir. Ötən həftə İrəvan Kremli Ermənistanla hərbi müqavilənin şərtlərinə bir daha baxmağa məcbur etdi və bildirildi ki, sonuncunun müqavilənin şərtlərini birtərəfli qaydada pozmaq hüququ yoxdur.

Amma bizə belə gəlir ki, Kreml bu məsələdə çox nikbindir. Birincisi, ona görə ki, biz çox müqavilələrin kağız parçasına çevrilməsinin şahidi olmuşuq. Bəli, bir vaxt möhtəşəm Varşava müqaviləsi vardı. İndi hanı o? Tarixdə qaldı və əvəzində həmin müqavilənin iştirakçıları rəqib blokun üzvü oldular. Ona görə də Kreml realist olsa, daha yaxşı olar.

İkincisi, Moskvada belə hesab edirlər ki, Ermənistanın siyasətindəki anti-Rusiya elementləri daha çox Paşinyanın apardığı siyasətin təzahürüdür. Amma belədirmi? Biz belə düşünmürük, çünki Paşinyana dəstək verən erməni cəmiyyəti də var və o, demək olar ki, hələ də baş naziri müdafiə edir. Düzdür, Rusiya belə hesab edir ki, bu məsələ də həll olunandır. Moskva vaxtaşırı Ermənistan siyasətçilərini bu ölkədəki səfirliyinə çağırır və onlardan hansının Nikol Paşinyana real rəqib ola biləcəyini aydınlaşdırmağa çalışır...

Paşinyan Tiflisdə onu da dedi ki, yaxın bir-iki ayda Azərbaycanla sülh sazişi imzalana bilər. Amma Moskva bu məsələdə tələsmir, çünki məsələnin tez bir zamanda həll olması Rusiyanın da tezliklə bölgədən getməsi demək olacaq. Bunu ona görə deyirik ki, hazırda Bakı sülh sazişi məsələsində Qərbdən çox Rusiya ilə əlaqələndirir öz səylərini. Biz belə hesab edirik ki, bu, bir o qədər də düzgün siyasət deyil.

Ermənistanın bu vaxta qədər gücü Rusiya ilə ittifaqında olubdur. Hazırda iki ölkənin münasibətlərində soyuq küləklər əsir. Biz bu prosesə mane olmamalıyıq, çünki Moskva ilə İrəvanın münasibətlərinin soyuqlaşması bizim maraqlarımıza cavab verir. Qoy, İrəvan bacardıqca Qərblə yaxınlaşsın, bu, bizim üçün elə bir təhlükə deyil, ona görə ki, Qərb erməni diasporlarının “ruhunu oxşamaq” üçün bəzən anti-Azərbaycan bəyanatları versə də, onun əlindən bir şey gəlməyəcək, ona görə ki, ortada Türkiyə faktoru var, hansı ki, Qərbə həm hərbi gücü, həm də müttəfiqliyi ilə mane olacaq...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR