İnsanlara hürriyət, millətlərə istiqlal!

İranla Ermənistanın hərbi təlimləri - Pezeşkianın səfəri də hədəfə alınıb?

9-10 aprel tarixlərində Ermənistan silahlı qüvvələri və İran İslam Respublikası silahlı qüvvələrinin xüsusi təyinatlı qüvvələri birgə təlimlər keçiriblər. Ermənistan ordusunun bölmələri Ermənistan ərazisində, İran ordusunun bölmələri isə İran ərazisində təlimlərdə iştirak ediblər. Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunub ki, “təlimlər şərti terrorçu qrupların Ermənistan-İran dövlət sərhədində yerləşən sərhəd nəzarət-keçid məntəqələrinə hücumlarının neytrallaşdırılmasını nəzərdə tutub”.

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov Musavat.com-a bildirib ki, İranın məhz indi Ermənistanla birgə hərbi təlimlər keçirməsi Azərbaycanla bağlı son həftəllərdə verdiyi isti mesajlara uyğun gəlmir. İran bir tərəfdən Azərbaycanla əlaqələrində yaranmış soyuqluğun aradan qaldırılmalı olduğunu deyir, digər tərəfdən də Azərbaycanın ərazisinin 20 faizini 30 il müddətində işğal altında saxlamış Ermənistanla hərbi təlimlər keçirir:

“Ermənistan son bir ayda demək olar ki, hər gün Azərbaycanla şərti sərhəddə Azərbaycan ordusunun qanuni mövqelərini  atəşə tutur, müxtılif təxribatla həyata keçirir. İran tərəfi bölgədə həqiqi sülh, əminamanlıq, təhlükəsizlik istəyirsə Ermənistana bu təxribatlara son qoyması üçün təsir göstərməlidir. Lakin bu gün biz İrandan bunun əksini görürük. Ermənistan silahlı qüvvələri ilə birgə təlimlərin keçirilməsi Ermənistanı bir qədər də arxayınlaşdırır və Azərbaycana qarşı revanşa həvəsləndirir. İranın Ermənistanla hərbi təlimləri ilk dəfə deyil və bu təlimlər birbaşa və ya dolayısı ilə Azərbaycanın əleyhinədir. İşğalçılıq mövqeyindən bu gün də əl çəkməyən bir ölkənin ordusunu gücləndirmək istiqamətində atılan istənilən addım işğalçılıq mövqeyində olan ölkənin hədəfindəki ölkəyə qarşı atılmış addım kimi qəbul olunur. Bunun başqa adı yoxdur.

Bu addımlarla İran sübut edir ki, regionda sülhə deyil, konfrantasiyaya xidmət edir. Təəssüflər olsun ki, İran bölgədə yaranmış hərbi, siyasi reallıqları qəbul etmək istəmir. Qəbul etsəydi Ermənistanla hərbi təlimlərə nə lüzum var idi. Özü də bu təlimlərin İranın yeni prezidentinin Azərbaycana səfəri ərəfəsində həyata keçirilməsi sanki aranı qatmağa, münasibətləri korlamağa hesablanıb. İstisna deyil ki, məhz bu ərəfədə ermənilərlə birgə təlimlər həm də elə İranın Azərbaycan əsilli prezidentinin səfərinə kölgə salmaq üçün də atılmış addımdır. Yəni təlimlərdə məqsəd həm Ermənistan ordusuna ənənəvi dəstək vermək, həm də prezident Pezeşkianın səfərinin gərgin atmosferdə keçən səfərə çevrilməsinə nail olmaqdır”.

R.Məhərrəmov onu da deyib ki, bu addımı atan İran tərəfindən eyni zamanda İslam həmrəyliyi və İslami dəyərlər bir yana, məntiq, rasional siyasət belə nümayiş etdirilmir.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

18 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR