İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın “uran qazanı” yenidən qaynayır - Azərbaycanın olduğu bölgəyə yeni təhlükə

Elxan Şahinoğlu: “Cənubi Qafqaza mənfi təsirləri olacaq”

İsrailin baş naziri Naftali Bennet İranın nüvə silahına sahib olmağa yaxın olduğunu bildirib.  Onun fikrincə, dünya İranın nüvə arsenalına malik olmasının qarşısını almalıdır. Həmçinin Britaniyanın “The Telegraph” qəzeti mənbələrə istinadən yazıb ki, İsrail Böyük Britaniyadan İranın nüvə silahı üzərində işləməyə davam edəcəyi təqdirdə ona qarşı daha sərt sanksiyalar ssenarisi hazırlamasını istəyib.

“İran misli görünməmiş sürətlə uranı zənginləşdirir və nüvə silahına sahib olmağa son dərəcə yaxındır. Qərbin təzyiqi olmasa, İrandakı İslam rejiminin ixtiyarında tezliklə nüvə bombası ola bilər. Dünya sərt mövqe tutmalı və İrandakı islam rejiminə ”Nüvə silahı, sanksiya yoxdur" deməlidir", - deyə Bennet “The Telegrap”a bildirib

Həmçinin nəşr mənbələrə istinadən yazıb ki, İsrail Böyük Britaniyadan İranda nüvə silahının görünməsinin qarşısını almaq üçün xüsusi mexanizm yaratmağı xahiş edib. Qəzetin yazdığına görə, hadisələrin inkişafı davam edərsə, dünya ictimaiyyəti İrana qarşı sanksiyaları sərtləşdirə bilər. Qeyd edək ki, Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İranı üç yerdə uran hissəciklərinin mənşəyini izah etməkdən imtina etdiyinə görə tənqid edən qətnamə qəbul edib. Qətnaməni 30 dövlət dəstəkləyib, Rusiya və Çin əleyhinə çıxıb, daha üç ölkə bitərəf qalıb. İran Xarici İşlər Nazirliyi bildirib ki, ölkə qəbul edilmiş sənədə “qətiyyətli və mütənasib cavab” verəcək.

Beləliklə, Rusiyanın Ukraynada başladığı müharibədən sonra Azərbaycanın olduğu və qonşusu olan daha bir ölkə ətrafında yenidən gərginlik tətiklənir. Bu, Azərbaycana hansı təhdidlər yaradır? Rusiya və İranın Qərblə savaşının qızışması bölgəyə nə vəd edir?

 

Elxan Şahinoğlu: "Paşinyan ordu daxilindəki vəziyyətdən narahatdır"

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, İsrail rəsmilərinin İran əleyhinə artan açıqlamaları, o cümlədən Qərbin İranla nüvə sazişi imzalaması ehtimalının azalmasının Cənubi Qafqaza mənfi təsirləri olacaq: “Birincisi, Azərbaycan həm İranla, həm də İsraillə əməkdaşlığı genişləndirmək istəyir. İsrail Azərbaycan-İran münasibətlərinə qarışmır. İranda isə Azərbaycanın İsraillə artan əməkdaşlığından narazı olanlar var və onlar bu narazılıqlarını daima səsləndirirlər. İranda bəziləri Azərbaycan-İsrail əməkdaşlığını yanlış olaraq İran əleyhinə siyasət kimi qiymətləndirirlər. Halbuki rəsmi Bakı dəfələrlə bildirib ki, heç bir ölkənin Azərbaycan ərazisindən İrana qarşı istifadə etməsinə imkan verməyəcək. Bu, Azərbaycanın təhlükəsizlik maraqlarına cavab vermir. Buna baxmayaraq, Azərbaycanın iki tərəfdaşının bir-birinə düşmən münasibət bəsləməsi bölgədə gərginliyin azalmasına xidmət etmir.

İkincisi, ABŞ-la İran arasında yeni nüvə sazişinin imzalanmaması da gərginliyin davamına şərait yaradır. ABŞ-ın İrana qarşı sanksiyaları davam edir. Bu sanksiyaların davamı bölgə ölkələrinin İranla genişmiqyaslı iqtisadi əməkdaşlığına ciddi əngəldir. Çünki İranla bank köçürmələrinə tətbiq edilən sanksiyalar ortaq layihələr üçün gərəkli olan kreditlərin ayrılmasına imkan vermir".

E.Şahinoğlu qeyd etdi ki, Rusiyanın Ukraynada apardığı işğalçı müharibə fonunda İran neftinə və qazına ehtiyac artıb. Ona görə də əslində İranla bağlı gərginliyin azalmasına ehtiyac var ki, bu ölkənin neftinin və qazının Azərbaycan və Türkiyə üzərindən dünya bazarlarına nəqli reallaşa bilsin. Ancaq bunun üçün İranın nüvə çalışmalarından imtinasına və bunu beynəlxalq aləmə sübut etməsinə ehtiyac var: “Bu olmadan nə yeni nüvə sazişi imzalanacaq, nə də İsraillə İran arasında gərginlik azalacaq. İran hakimiyyəti nüvə siyasətini dəyişmək istəmir. Odur ki, İran ətrafında gərginlik azalmayacaq. Gərginliyin artması isə qeyd etdiyimiz kimi, ümumən bölgəyə də təsirini göstərəcək”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR