Onlayn ictimai-siyasi qəzet
Politoloq: “Böyük ehtimalla həmin şəxslə bağlı illərlə sürən məhkəmə keçiriləcək və sonda da onun...”
Xəbər verdiyimiz kimi, İran prezidenti Məsud Pezeşkian Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevi qəbul edib. “Biz Azərbaycanla olan bəzi anlaşılmazlıqları və problemləri anlayırıq və dərk edirik. Hesab edirəm ki, burada bizim də bəzi səhvlərimiz olub. Azərbaycan qədər İrana yaxın olan ikinci ölkə yoxdur. Azərbaycanla bizi ortaq tarix, mədəniyyət birləşdirir. Biz Azərbaycanla daha yaxın olmalıyıq. Biz Azərbaycanla daha böyük işlər görməliyik. Düşmənlərin bizim münasibətlərə mane olmasına əsla imkan verməməliyik”- İran prezidenti deyib.
Pezeşkian qəbul zamanı Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxslə bağlı məhkəmə hökmünün icrasından danışıb.
“Azərbaycan Respublikasının səfirliyinə hücum edən şəxsin işi üzrə məhkəmə prosesi ilə bağlı biz hüquqi proseslərin tam həyata keçirilməsinə qədər bu məsələni izləyəcəyik”, - Məsud Pezeşkian qeyd edib.
Xatırladaq ki, 2023-cü il yanvar ayının 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Bundan sonra ölkəmizin Tehrandakı səfirliyinin fəaliyyəti dayandırılıb. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib.
Terror aktını törədən Yasin Hüseynzadə saxlanılıb. Onun haqqında ölüm hökmü çıxarılıb. Lakin hökmün nə vaxt icra ediləcəyi məlum deyil.
Bugünlərdə Azərbaycanın baş prokuroru Kamran Əliyev də bu barədə danışıb. “2023-cü il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə törədilməklə bir soydaşımızın ölümü, ikisinin isə yaralanması ilə nəticələnən hücumu həyata keçirmiş Yasin Hüseynzadə barəsində hökmün icrası müəyyən prosedurlar tələb edir. Biz İran tərəfi ilə bu istiqamətdə əlaqələrimizi davam etdiririk. Burada sadəcə prosessual məsələlərdən söhbət gedir. Bilirsiniz ki, birinci instansiya məhkəməsinin hökmü İranın Ali Məhkəməsində təsdiq olunmalıdır. Prosessual qayda odur ki, bu prosedur həyata keçiriləndən sonra hökm icraya yönəldiləcək”.
Azərbaycanda ictimai rəy bu fikirdədir ki, səfirliyə silahlı hücum qərarı İranın hərbi-siyasi rəhbərliyinin xeyir-duası, xüsusi xidmət orqanlarının təşkilatçılığı ilə baş tutub. Bu səbəbdən Yasin Hüseynzadə hətta illərlə bu hökm altında yaşaya da bilər.
İranın səfirliyimizə hücum edəni edam etməyə niyə “əli gəlmir”?
Anar Əliyev
Politoloq Anar Əliyev “Yeni Müsavat”a bildirdi ki, İran prezidenti Məsud Pezeşkian Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevlə görüşdə gərgin olan ikitərəfli münasibətlərin normallaşmasına xidmət edən müəyyən açıqlamalar səsləndirib. Azərbaycanı qardaş xalq adlandıran İran prezidenti iki dövlət arasında əlaqələrin normallaşmasına, yüksəlməsinə xidmət eləyən istənilən layihəyə dəstək verəcəyini bəyan edib. Eyni zamanda 2023-cü ilin yanvar ayında Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu ilə bağlı proseslərdən danışıb və terroru həyata keçirən şəxsin məhkəmə prosesinin nəzarətdə saxlandığını qeyd edib: "Hesab edirəm ki, bu, son dövrlər İran dövlətinin üzləşdiyi çoxistiqamətli təzyiqlər fonunda Azərbaycanla münasibətləri daim gərgin saxlamağa çalışdığı münasibətləri normallaşdırmaq ehtiyacını bir daha göstərir. Yəni Pezeşkian daxil olmaqla, İran rəsmilərinin Azərbaycanla münasibətlərə səmimi yanaşdığını təəssüf ki, qeyd etmək çox çətindir. Unutmayaq ki, Tehranda Azərbaycan səfirliyinə edilən hücum terror aktı idi və ictimai rəyinə əsasən bu terror aktını İranın siyasi rəhbərliyinin xeyir-duası ilə xüsusi xidmət orqanları, əsasən SEPAH-ın təşkil etdiyi fikri mövcuddur. Amma bu obyektiv mövqeyə İran rejimi bu günə qədər də bir aydınlıq gətirməyib, rəsmi qurumların bu proseslərdə hər hansı bir rolunun olub-olmaması ilə bağlı mövqe ortaya qoymayıb. Eyni zamanda bu qədər ciddi təşkil olunmuş, bir ölkəyə qarşı hücum kimi qiymətləndirilə biləcək terror hadisəsini məişət məsələsi kimi təqdim etməyə çalışan İranın məhkəmə prosesi dövründə də hadisələrə obyektiv yanaşacağını və ya məhkəmə qərarı ilə həmin şəxsin qanuni cəzasını alacağını düşünmək o dərəcədə inandırıcı deyildi. Diplomatik Fəaliyyətin Təşkili Haqqında 1961-ci il Vyana Konvensiyasına əsasən, dövlət öz ərazisində fəaliyyət göstərən səfirliklərin, konsulluqların təhlükəsizliyini təmin etmək məsuliyyətini daşıyır. Həmçinin həmin konvensiyaya əsasən, səfirlik və konsulluq binalarına hücum həmin səfirliyin, konsulluğun təmsil etdiyi dövlətə hücum kimi qiymətləndirilir”.
Politoloq qeyd etdi ki, bu qədər böyük bir diplomatik qalmaqalın obyektiv və aşkar araşdırılması istiqamətində İranın ciddi addımlar atmaması, Cənubi Qafqazda baş verən proseslərə obyektiv yanaşma nümayiş etdirməməsi, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə yekunlaşan Vətən müharibəsindən sonra belə, Ermənistanın mövqeyindən çıxış etməsi İran rəsmilərinin ölkəmizə münasibətdə səmimiyyətini ciddi şəkildə şübhə altına alır: “Bu mənada hesab edirəm ki, İranın birbaşa ali dini liderinin xeyir-duası, SEPAH kimi təşkilatın dəstəyi ilə həyata keçirilən bu qanlı terrorun əsl mahiyyəti çox təəssüf ki, nə istintaqda, nə məhkəmə araşdırmalarında üzə çıxaracaq. Cinayətkarın da layiqli cəza alacağı inandırıcı görünmür. Böyük ehtimalla həmin şəxslə bağlı uzun illər sürən bir məhkəmə prosesi həyata keçiriləcək və sonda da həmin şəxsin guya cəzalandığı, amma taleyinin necə olduğu ilə bağlı məsələlər gizlədiləcək”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
07 Noyabr 2024
06 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ