Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqı (Aİ) ölkələri 2024-cü ildə ümumilikdə təxminən 313 milyard kubmetr qaz istehlak edib.
Musavat.com Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) hesabatına istinadən xəbər verir ki, ötən il Aİ-yə boru kəməri qazı idxalı Rusiya, Norveç və Azərbaycandan tədarüklər hesabına 3 faiz artıb.
Hesabata görə, 2024-cü ilin dekabr ayında Aİ-də qaz istehlakı ötən ilin eyni dövrü ilə müqayisədə 9,3 faiz artaraq 40 milyard kubmetrə çatıb: “Energetika və yaşayış sektorunda tələbin artması ilə bağlı göstəricinin artımı yeddi aylıq azalmadan sonra ardıcıl dördüncü dəfə müşahidə olunur. Külək və su elektrik enerjisi istehsalının azalması regionda elektrik şəbəkəsini sabitləşdirmək üçün qazla işləyən elektrik stansiyalarından istifadəni kəskin artırıb”. Bundan əlavə, soyuq hava istilik üçün qaza tələbatı artırıb və sənaye qazının istehlakı da artır.
2024-cü ilin dekabrında İttifaq üzvlərindən Almaniyada qaza tələbat 7 faiz artaraq 10 milyard kubmetrə, İtaliyada - 8,6 faiz artaraq 7,9 milyard kubmetr, Fransada - 3,5 faiz artaraq 4,3 milyard kubmetrə, İspaniyada – 16 faiz artaraq, 3,2 milyard kubmetrə qədər artıb. Böyük Britaniya isə qaz istehlakını 3,2 faiz artıraraq 6,8 milyard kubmetrə çatdırıb.
Ötən ilin dekabrında Aİ-yə boru kəməri qazının idxalı 13,7 milyard kubmetr təşkil edib. Bu, 2024-cü ilin noyabr ayı səviyyəsindən 2 faiz və 2023-cü ilin dekabrından 1 faiz çoxdur. Ümumilikdə, 2024-cü ildə Aİ-yə boru kəməri qazı tədarükü 3 faiz artaraq 157 milyard kubmetrə çatıb. Bu artım Rusiya, Norveç və Azərbaycandan tədarükün artması ilə əlaqədardır. Azərbaycan Energetika Nazirliyinin məlumatına əsasən Azərbaycan 2024-cü ildə Avropaya 12,9 milyard kubmetr qaz satıb.
GECF-in hesabatına görə, ötən ilin noyabr ayında Çinin ümumi qaz istehlakı illik müqayisədə 1,7 faiz artaraq 35,6 milyard kubmetrə çatıb. Ümumilikdə, 2024-cü ilin 11 ayı ərzində Çinin qaza olan tələbatı 9,3 faiz artaraq 392 milyard kubmetr olub.
Dekabrda Avropaya mayeləşdirilmiş təbii qaz (LNG) tədarükü illik müqayisədə 1,7 faiz azalaraq 11,06 milyon tona düşüb. LNG idxalının azalması ABŞ-dan tədarükün azalması ilə bağlı olub. Asiya ölkələrinin LNG idxalı 2,7 faiz azalaraq təxminən 25,6 milyon tona düşüb. Ümumilikdə, 2024-cü ildə Avropa 101,27 milyon ton, Asiya 283,98 milyon ton maye qaz idxal edib.
Qlobal LNG ixracı dekabrda illik müqayisədə 2,6 faiz artaraq rekord 38 milyon tona çatıb. Ümumilikdə, 2024-cü ildə qlobal LNG ixracı 414,28 milyon ton təşkil edib.
Dekabrda maye qazın ən böyük tədarükçüləri ABŞ, Avstraliya və Qətər olub. Dördüncü yerdə 3 milyon tona yaxın rəqəmlə Rusiya qərarlaşıb.
Musavat.com
16 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ