İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın Naxçıvana sərsəm iddiası: “Öncə İranın “Qüds”ünü azad edəcəyik”...

Ekspertlərdən tutarlı cavablar: “Molla rejimi diqqəti xaricə cəlb etməklə daxili problemlərdən sığortalanmağa çalışır”

Son günlər İrandan Azərbaycana qarşı mollaların hücumları aktivləşib, bunun fonunda Azərbaycanla sərhəd boyunca hərbi təlimlər keçirilir. Cənub qonşumuz Azərbaycana qarşı hətta ərazi iddiaları irəli sürür. Gah mollaların, gah “siyasətçilərin”, gah da “ekspertlərin” dili ilə Azərbaycanı təhdid edən bəyanatlar verirlər.

Oktyabrın əvvəlində beynəlxalq məsələlər üzrə ekspert, İranın nüvə danışıqları heyətinin keçmiş üzvü və bu ölkənin İtaliyadakı keçmiş səfiri Əbülfəz Zöhrəvənd Naxçıvanla Türkiyə arasında birbaşa quru yolunun açılması məsələsinə toxunaraq “bu yolun yaranması birbaşa bizim ziyanımızadır və bu bizim Türkiyəyə qarşı olan təzyiq vasitəmizin əldən çıxması deməkdir. İndi isə Zəngəzuru alıb və İranın Ermənistanla olan bir neçə kilometrlik quru sərhədini bağlamaq haqda düşünürlər”, - deyə o bildirib.

Naxçıvana qarşı ərazi iddiasını isə iki gün əvvəl “ekspert” Rza Abbasi dilə gətirib.

“İlk öncə Naxçıvanı - İranın Qüdsünü azad etməliyik” deyə, sərsəmləyib.

Abbasi öz Twitter hesabında Naxçıvandakı Cümə məscidinin fotosunu paylaşaraq yazıb: “Bura Naxçıvandır. Göründüyü kimi, ilk növbədə İranın "Qüds"ünü azad etməli olacağıq".

Rza Abbasi daim qatı anti-Azərbaycan çıxışları edir. Ermənistanın ərazi iddiaları hələ gündəmdən çıxmadan, İranın Azərbaycan torpaqlarına iddiasının arxasında nə dayanır? Bu iddialara Azərbaycanın cavabı olmalıdırmı? Olmalıdırsa, nə cür? Bütün bunların baş verdiyi bir zamanda Azərbaycanın içində boy qaldıran İran casus şəbəkələri ilə necə davranmalı? Bəlkə fürsətkən bu təhdid ünsürlərini, faktiki olaraq, Vətənə xəyanət yolu tutan vətəndaşlarımızı ifşa və təcrid edək? Çünki bu cür ərazi iddialarının arxasında adətən ölkədə xaos və qarşıdurma yaratmaq cəhdləri gəlir. İran Azərbaycanı qarışdırmadan, onun adamlarını “təmizləyək”mi?

Ceyhun Məmmədov: Azərbaycanda bütün addımlar düşünülmüş şəkildə atılır və  təsadüfi deyil ki, bir neçə ölkə təcrübəmizdən

Ceyhun Məmmədov

Deputat Ceyhun Məmmədov mövcud duruma təəssüflənir. O hesab edir ki, bu ilk belə hal deyil:  “Artıq son vaxtlar bu, ənənə halını alıb. İranın rəsmi şəxsləri Azərbaycanın ünvanına müxtəlif təhdidlər, bəyanatlar səsləndirirlər. Qeyd etdiyiniz şəxslər bütün diplomatik hədləri, etikanı, münasibətləri, əlaqələri açıq şəkildə keçərək, Azərbaycana ərazi iddiaları irəli sürürlər. İran bu yanaşmalara son qoymalıdır. Əgər İranın rəsmi şəxsləri, ayrı-ayrı anti-Azərbaycan mövqeyində olanlar düşünürlər ki, bu tipli məsələlərlə, bəyanatlarla ölkəmizə təzyiq edə bilərlər, onlar tamamilə yanılırlar. Bu mümkün deyil. Azərbaycan mütləq şəkildə Zəngəzur dəhlizinin açılmasına nail olacaq. Yekunda Ermənistan bu dəhlizin açılmasına razılıq verəcək. Hesab edirəm ki, bu gün bütün cəmiyyət, ziyalılar, din xadimləri, bütövlükdə hər kəs İranın rəsmi  şəxslərinin bu sərsəm fikirlərinə, bəyanatlarına sərt şəkildə reaksiya bildirməlidirlər. Eləcə də İranın uzun illər Azərbaycanda qurduğu casus şəbəkəsi tam şəkildə neytrallaşdırılmalı, zərərsizləşdirilməlidir. Qeyd etmək lazımdır ki, bu casus şəbəkəsi bir çox sahələri, istiqamətləri əhatə edir. Eyni zamanda din sahəsi də bura daxildir. Ona görə də fürsətdir. Bu şəbəkəyə aid bütün ünsürlər müxtəlif sahələrdə aşkarlanmalı, ifşa olunmalı, onlarla bağlı tədbir görülməlidir. Biz gecikməməliyik. Çünki bu şəbəkə daxildə hər an Azərbaycana qarşı güc nümayiş etdirmək istəyir. Təxminən məlumdur ki, bu insanlar kimdirlər. Bütün respublika üzrə bu şəbəkəyə daxil olanlar ifşa edilməlidir. Cəmiyyət bilməlidir ki, onlar kimdirlər. Hamı bilməlidir ki, bu, təkcə din sahəsinə aid deyil. Hətta media sahəsində belə onlardan olanlar var. Bəzən siyasi partiyalar arasında, siyasətçilərin fikirlərində bunun şahidi oluruq. Ona görə də mütləq şəkildə bu şəbəkə ilə bağlı sərt  addımlar atılmalıdır. Dini ibadət yerlərində, məscidlərdə bu şəbəkəyə xidmət edənlər dini fəaliyyətdən tamamilə uzaqlaşdırılmalıdır. Həmçinin İrandan maliyyələşərək, QHT və digər adlar altında fəaliyyət göstərən hər kəs üzə çıxarılmalıdır. Bu cür sərt addımlarla nəyəsə nail olmaq olar”.

Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşula bilər, bəs Azərbaycan...

Elşən Mustafayev

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev İranın riyakar siyasətinə xüsusi yer ayırdı. Onun sözlərinə görə, İranın növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini, milli təhlükəsizliyini təhdid edən addımlar atmasını, rəsmi Tehranın nəzarətində olan siyasi ekspertlərin, generalların təxribatçı açıqlamalarını artıq bütün qırmızı xətlərin keçilməsi kimi qiymətləndirmək lazımdır: “Son günlər olanlardan sonra İran rəhbərliyindən kimlərinsə Azərbaycanla dost, qardaş ölkəyik və s. deməsi isə riyakarlıqdan başqa bir şey olmayacaq. İran Azərbaycana nəinki dost, qardaş ölkə, heç normal qonşuluq münasibəti sərgiləyən bir ölkə olmayıb. Uzun illər ərzində ölkədə din pərdəsi altında gənclərimizin beynini yuyaraq, özlərinin dediyi kimi, X gününə hazırlaşmağa çalışıb. Ermənistana hər zaman dəstək olub. İşğal olunmuş ərazilərimizdə şəhərlərimizin, kəndlərimizin yağmalanmasında, dağıdılmasında, tikinti materillarının daşınmasında ermənilərlə eyni səviyyədə iştirak ediblər. Ümumiyyətlə, Azərbaycanın dövlətçiliyinin möhkəmlənməsini, iqtisadi cəhətdən güclənməsini isə heç vaxt həzm edə bilməyiblər. 44 günlük müharibənin ilk günlərində verdiyi aqressiv reaksiyaları unutmaq olmaz. O zaman Azərbaycanı hədələyici halda müharibəni dayandırmağa çağırırdı. Sonradan qələbəmizin qaçılmaz olduğunu, beynəlxalq güclərin neytral mövqeyini görəndən sonra tamam başqa cür davranmağa başlamışdı. Eyni zamanda iki ildir ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı etirazlarını bildirərək təhdidlərə keçməsini də unutmamışıq. Azərbaycanı Türkiyə ilə birləşdirəcək və regionun güclü və inkişaf edən ölkəsinə çevirəcək bir yolun açılmasına etiraz edərək, guya sərhədlərin dəyişməsinə imkan verməyəcəyini deməsi düşmənçilikdən başqa bir şey deyil. O səbəbdən zaman-zaman ayrı-ayrı televiziya kanallarında hazırladığı verilişlərdə Azərbaycana qarşı ərazi iddalarını açıq şəkildə bildirməklə hətta xalqımıza qarşı həqarətlərdən də çəkinməyib. Bütün bunlar İranın özünün siyasi sisteminin çöküşə başladığı gündən, əhalisi arasında narazılıqların artıq küçələrdə etirazlarla bildirildiyi andan daha da artıb. Elə bil ki, molla rejimi ölkədə diqqəti xaricə cəlb etməklə daxili problemlərdən sığortalanmağa çalışır. Amma ən böyük səhvi odur ki, belə planlar İranın vəziyyətini daha da ağırlaşdıracaq. Qərbdən, xüsusilə Amerikadan qazandığı öldürücü sanksiyaların daha da ağırlaşdırılacağı bir məqamda, müttəfiqi Rusiyanın başının özünə qarışdığı və Ukrayna bataqlığında boğulduğu bir vaxtda, İsrailin İran məsələsini birdəfəlik həll edilməsi üçün dünya güclərinin masasına təkidlə qoyduğu bir zamanda Azərbaycana qarşı bu cür siyasət intihara cəhd kimi görünür. Çünki Azərbaycanla bu ritorikada rəftarı ilk növbədə İran daxilində 35 milyon Azərbaycan türkləri özlərinə qarşı münasibət kimi hiddətlə qarşılayırlar. Onsuz da molla rejiminin bərbad idarəçiliyi səbəbindən İranda kütləvi etirazların baş verməsi adi hal alıb. Bu etirazlara Azərbaycan türkləri, kürdlər və digər xalqlarla yanaşı, artıq farslar da qoşulmağa başlayırlar. Belə bir vəziyyətdə olan rejimin əlaltılarının Naxçıvanla bağlı sərsəm acıqlamalar vermələri onların ayıq düşünmə reflekslərinin itməsi ilə əlaqəlidir”.

Ekspert fikirlərini pozitiv ruhda bu cür davam etdirdi: “Belə getsə, İrandakı qardaşlarımız Naxçıvana bitişik Culfadan Təbrizə qədər, hələ bir qədər sağa-sola əraziləri Azərbaycana birləşdirəcəklər. O səbəbdən hesab edirəm ki, son zamanlarını yaşayan bir rejimin bu şəkildəki fəaliyyətinə təəccüb etmək lazım deyil, amma son dərəcə ehtiyatlı və hazırlıqlı olmağımıza ehtiyac var. Bayaq dediyim kimi, İran uzun illər müxtəlif vasitələrlə Azərbaycanda öz sadiq nökərlərini yetişdirməyə çalışıb, xalqımız üçün həssas nöqtə olan din faktorundan istifadə edib. Həmin insanların içində bir hissəsi düşünülmüş şəkildə, digər hissəsi isə özləri də bilmədən molla rejiminin təsiri altına düşüblər. Görünən odur ki, belələrinin sayı çox deyil, eyni zamanda inanıram ki, onların əksəriyyəti xüsusi xidmət orqanlarımızın nəzarətindədir. Hesab edirəm ki, artıq bu insanların müəyyənləşdirilib neytrallaşdırılmasının zamanı çatıb. Belə görünür ki, Azərbaycan açıq düşmənçiliyi olan qonşusu Ermənistanla yanaşı, maskalanmağa çalışan və tez-tez maskasını çıxarıb əsl simasını göstərən digər qonşumuz İranın da düşmənçiliyi ilə üz-üzədir. O səbəbdən daxilimizdə İranın istinad edəcəyi bütün güclərin, hücrələrin müəyyənləşdirilməsinin və deaktiv elətdirilməsinin, daha təhlükəlilərinin təcrid olunmasının zamanının çatdığını düşünürəm”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR