Onlayn ictimai-siyasi qəzet
Məlum olduğu kimi, “Avropa üçlüyü” (Britaniya, Fransa, Almaniya) BMT-yə rəsmi şəkildə müraciət edərək İrana qarşı “Snapback” mexanizminin işə saxlamağa hazır olduğunu bildirib. Bəyanata əsasən, İranla avqustun sonuna qədər razılaşma əldə olunmayacağı təqdirdə, Tehrana qarşı sanksiyalar tətbiq ediləcək .
Xatırladaq ki, ötən ayın 25-də İstanbulda İran İslam Respublikası ilə Avropa “üçlüyü”nə (E3 – Böyük Britaniya, Fransa, Almaniya) daxil olan ölkələr arasında nüvə proqramına dair danışıqların növbəti raundu keçirilib. Görüş son aylarda bölgədə artan gərginlik, xüsusilə də iyun ayında İranın nüvə obyektlərinə edilən hərbi hücumların ardınca baş tutduğu üçün diplomatik müstəvidə mühüm dönüş nöqtəsi hesab olunurdu. Diplomatik mənbələrin məlumatlarına görə, avqustun sonuna qədər ciddi nəticə əldə olunmayacağı təqdirdə, E3 ölkələrinin BMT səviyyəsində İrana yeni sanksiyalar tətbiq edəcəyi gözlənilirdi.
İranın xarici işlər naziri Abbas Araqçi isə sözügedən təhdidlərlə bağlı açıqlamasında bildirib ki, “Snapback” mexanizmi İranın nüvə məsələsində Avropanın rolunu bitirəcək. SİTAT: ““Snapback” mexanizmi işə salınarsa, İran və Avropa üçlüyü arasında əlaqələrin ən qaranlıq dövrü başlaya bilər. Böyük ehtimalla dəyən ziyan o qədər böyük olacaq ki, əlaqələrimizi bərpa edə bilməyəcəyik”.
Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə Musavat.com-a açıqlamasında qeyd edib ki, Donald Tramp ABŞ-də hakimiyyətə “Amerikanı yenidən ən böyük edək!” şüarı ilə qayıtdı və iqtisadi təzyiq alətlərini elan etdi:
"Beləliklə, hazırda ABŞ öz iradəsini bütün dünya üzərində iqtisadi təzyiq aləti olan tariflər və ya sanksiyalarla təmin etməyə çalışır. Lakin İranın dini rejimi 1979-cu il inqilabından bəri sanksiyalar altında mövcudiyyətini qorumaq üçün özündə iqtisadi immunitet yaradıb. Odur ki, ABŞ İsrailin əli ilə İrana qarşı hərbi təzyiq üsuluna əl atdı. İyunda baş tutan 12 günlük müharibədə İran ciddi zərbələr aldı. Bunun ardınca 2015-ci ildəki nüvə sazişi ilə ləğv olunan sanksiyaların təkrar bərpa edilməsi ilə, o cümlədən razılıq əldə olunmazsa, müharibənin ikinci raundunun başlaması ilə təhdid İranı çıxılmaz vəziyyətə salıb. Beləliklə, İran bu təzyiqlər altında Atom üzrə Beynəlxalq Agentliklə əlaqələri müəyyən səviyyədə bərpa etməyə razılıq verib. Agentlik nümayəndələri bu günlərdə İranda səfərdə oldular. Məhdud səviyyəli səfər olsa da bu, İranın danışıqlar üçün vaxt qazanmasına şərait yaratmaq üçün atılmış addım sayıla bilər. İran Qərbin tələb etdiyi kimi uranın zənginləşdirilməsindən imtina etməzsə, yaxud məhdud səviyyəli zənginləşdirmə üçün Qərbin razılığını ala bilməsə, müharibə qaçılmazdır. Xüsusilə, bu ərəfədə “Tramp Yolu” barədə regional razılaşma İranın mühafizəkar dairələrində İrana gələcək hərbi təzyiqlər üçün vasitə hesab olunur. Bütün bunlar İranın manevr imkanlarını azaldır, “Müqavimət Oxu” ilə yaratdığı təhdidi neytrallaşdırmağa xidmət edir”.
Qeyd edək ki, Snapback” mexanizmi 2015-ci il Nüvə Razılaşması çərçivəsində əvvəlki sanksiyaların avtomatik bərpasını nəzərdə tutur. Bu, İran üçün çox ciddi iqtisadi və diplomatik nəticələrə yol aça bilər, çünki “Snapback” BMT-nin legitimliyi altında tətbiq edilən sanksiyalar paketidir.
Nigar HƏSƏNLİ,
Musavat.com
15 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ