İnsanlara hürriyət, millətlərə istiqlal!

“İranın ac insanları ölümə tərk etməsi elə soyqırımdır”- ŞƏRH

“İran dünyada “izqoy” dövlət kimi tanınır. ABŞ Dövlət Departamenti uzun müddətdir İranı beynəlxalq terrorizmi himayə edən, maliyyələşdirən dövlət kimi tanıyıb. BMT Təhlükəsizlik Şurası da İranın fəaliyyətini bu cür qiymətləndirib. Buna görə də İrana qarşı çoxsaylı sanksiyalar tətbiq edilib”.

Millət vəkili Elman Nəsirov Musavat.com-a açıqlamasında İran hakimiyyətinin yardım təkliflərini rədd etməsini terror siyasətinin bir hissəsi kimi dəyərləndirib:

“İranda təxminən 40 milyon soydaşımızın olmasını, qonşu olduğumuzu nəzərə alaraq Azərbaycan hər zaman İranla dostluq, qonşuluq münasibətlərinin saxlanmasında maraqlı olub. Təəssüf ki, Vətən müharibəsi öncəsi və sonrakı dövrdə İranın anti-Azərbaycan siyasəti tam çılpaqlığı ilə özünü göstərib. Müharibədəki qələbəmizdən sonra kimin dost, kimin dost olmadığı üzə çıxdı. Bizim dostluq münasibətinə qarşılıq İran Ermənistanın yanında dayandı. Prezident İlham Əliyev də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Sammitində çıxışı zamanı qeyd etdi ki, türk dünyası təkcə, bu təşkilatdan ibarət deyil. Ölkə başçısı xatırlatdı ki, 40 milyonluq güney azərbaycanlılar hüquqlarından, dil, mədəniyyət, ədəbiyyatından məhrum olub. Onlara qarşı diskriminasiya siyasəti həyata keçirilir. Türk Dövlətləri Təşkilatı da soydaşlarımızın yanında yer almaqla bağlı çağırış etdi. Azərbaycan soydaşlarımıza dəstək olmağa təbii ki, hazırdır. Zəlzələdən əziyyət çəkənlər minimal lazımi imkanlardan məhrum ediliblər: istiliklə, ərzaqla təminatla bağlı problemlər var. İran dövləti isə xoşməramlı yardımların qarşısını alır. Məlumdur ki, İran Türkiyənin də yardımından imtina edib. Görünən odur ki, öz əhalisinə qarşı açıq-aşkar terror siyasəti həyata keçirir. Terrorçu dövlətlər daxili siyasətdə də terror həyata keçirirlər. Azərbaycan diplomatik kanallar vasitəsilə xoşməramlı niyyətini beynəlxalq ictimaiyyətə də çatdıracaq”.

Millət vəkili vurğuladı ki, İran hökumətinin lazımi tədbirləri həyata keçirməməsi, buna baxmayaraq yardım təklifləri də rədd etməsi dünyada analoqu olmayan hadisədir.

Nəsirov İranın yardıma möhtac insanlara laqeyd qalması ilə qəsdən soyqırım törədilməsi fikirlərini də şərh etdi: “İranda daxili vəziyyət çox kritikdir. İran inqilaba “hamilədir”. Əslində, şərait yetişib. Yuxarı və aşağı zümrələr böhran keçirir. Əhali molla rejimindən bezib. Görünən odur ki, insanlar hətta dar ağacı təhdidindən çəkinmirlər. Zəlzələ nəticəsində evsiz-eşiksiz qalmış, ac insanları ölümə tərk etmək soyqırımın əsas elementlərindən biridir. Əhali sayının süni şəkildə azalmasına şərait yaratmaq da soyqırım halını ehtiva edir. Soyqırım təkcə, qətliamla həyata keçirilmir. İnsanların ölümünə səbəb ola biləcək şərait yaratmaq da bir növ soyqırımdır. Terror siyasətini həyata keçirən dövlətlər üçün soyqırım həyata keçirmək asandır. Ermənistan Xocalıda soyqırım həyata keçirdi, eyni zamanda beynəlxalq terror əməlinə imza atdı. Ermənistan və İranı birləşdirən əsas amillərdən biri də siyasi baxışlarının üst-üstə düşməsidir”.
 

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR