Onlayn ictimai-siyasi qəzet
“İsrail İranın uranın zənginləşdirilməsi və neft istehsalı mərkəzlərinə zərbə vurmayıb. Digər tərəfdən, itkilər barədə dəqiq məlumat yoxdur. Bu o deməkdir ki, İsrail ABŞ-ın məsləhətini nəzərə alaraq İrana məhdud zərbə vurub və Yaxın Şərqdə indiki şərtlər altında bu ölkə ilə müharibəni davam etdirmək istəmir".
Musavat.com xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu bildirib. “Məsələnin bununla yekunlaşıb-yekunlaşmaması Tehrandan asılı olacaq. İrandakı rejim İsraillə davamlı müharibədən çəkinir. Ona görə də İsrailin zərbələrinin İranın hərbi infrastrukturuna ciddi xələl yetirmədiyi müəyyənləşərsə, Tehran növbəti zərbədən çəkinəcək. Ancaq bu, son olmayacaq. İsrail Yaxın Şərqdəki düşmənlərinə qarşı müharibəni davam etdirir, İranın müxtəlif ölkələrdəki silahlı qruplarını neytrallaşdırır. Deməli, hansısa mərhələdə İran-İsrail qarşıdurması yenidən qaçılmaz olacaq.”
Qeyd edək ki, İsrail bu ayın əvvəlində Tehranın raket hücumuna cavab olaraq İrana birbaşa zərbələr endirib. Hücum başa çatsa da, bu, iki güclü ordu arasında uzun sürən qarşıdurmanın daha geniş regional münaqişəyə çevrilə biləcəyi qorxusunu artırır.
İsrail ordusu İrandakı "dəqiq" hərbi hədəfləri vurduğunu bildirib, İran dövlət mediası isə bir neçə partlayışdan xəbər verib. İsrail ordusunun sözçüsü CNN-ə deyib ki, enerji infrastrukturu İrandakı hədəflər arasında deyil.
Rəsmi İran mediası zərbələrin üç əyalətdə - Tehran, İlam və Xuzistanda hərbi hədəflərə endirilməsi barədə məlumat verib, lakin hava hücumundan müdafiə sistemlərinin uğurla işlədiyini və zərərin "məhdud" olduğunu qeyd edib.
Afaq Mirayiq,
Musavat.com
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ