Onlayn ictimai-siyasi qəzet
İran Seçki Komissiyası prezident seçkiləri üçün səsvermə vaxtını üçüncü dəfə uzadıb.
Musavat.com xəbər verir ki, məlumatı İran mətbuatı yayıb.
Qeyd edək ki, İranda prezident seçkiləri bu gün yerli vaxtla səhər saat 8-də başlayıb.
Seçki müddəti 18.00-da bitməli olsa da, əvvəlcə onu saat 20.00-a, sonra 22.00-a qədər uzadıblar. İndi isə səsvermə müddətinə daha 2 saat əlavə edilib, onun yerli vaxtla saat 00.00-da bitəcəyi açıqlanıb.
İran Seçki Komissiyası səsvermə müddətinin uzadılmasını isti hava ilə izah edib. Bildirilir ki, günün istisi səngidikdən sonra məntəqələrdə səs vermək istəyənlərin uzun növbələri yaranıb. Məsələn, İranın cənubunda termometr 46 dərəcəni keçib. Ölkənin mərkəzində havanın temperaturu 35 dərəcə səviyyəsində qalıb. Axşamüstü temperatur azalmağa başlayandan sonra vətəndaşlar seçki məntəqələrinə gedə biliblər.
Xatırladaq ki, prezidentlik yarışında dörd siyasətçi var: mühafizəkarlar Məhəmməd Bağer Qalibaf, Səid Cəlili, Mostafa Pourmohammadi və islahatçı Məsud Pezeşkiyan.
Musavat.com
26 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ