İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda Hüseynzadə edam olundu - Bakıda Ocaqnecatın ofisinin açılması xəbəri var

Azərbaycanın İrandakı səfirliyinə terror hücumu etmiş İslam Respublikası vətəndaşı Yasin Hüseynzadənin cəzaya çatdırılmasının ardından Bakıda İranın ali dini lideri Xameneinin Azərbaycandakı nümayəndəsi höccətülislam Seyid Əli Əkbər Ocaqnecatın ofisinin açılacağı xəbəri yayılıb.

Xatırladaq ki, 2023-cü il yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30-da Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib.

YASİN EN.jpg (36 KB)

Səfirliyin mühafizə xidmətinin əməkdaşları Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar. Terror hadisəsi baş verəndən dərhal sonra Prezident İlham Əliyev səfirliyin fəaliyyətinin dayandırılması, diplomatların geri çağırılması ilə bağlı tapşırıq vermişdi. Məsələ ilə əlaqədar Azərbaycanın prinsipial mövqeyini açıqlamışdı.

Rəsmi Bakı cinayətkarın həbs olunması və cəzalandırılmasını tələb etmişdi. İran səlahiyyətliləri hadisənin “şəxsi motivli” olduğunu iddia edib cəza tətbiqini uzatsa da, bu il mayın 21-də cəzanı sürətlə icra etdi.

Bunun ardından Bakıda Ocaqnecatın ofisinin açılışına hazırlıqlar başladığı xəbəri yayılıb.

NECAT.jpg (71 KB)

Bu barədə Musavat.com-a daxil olan məlumatda deyilir ki, İran tərəfinin Azərbaycanın irəli sürdüyü 2 tələbindən biri – Yasin Hüseynzadənin layiqli cəzasına çatdırılmasından sonraya təsadüf edir.

Azərbaycanın digər tələbi isə deputat Fazil Mustafaya qarşı terroru maliyyələşdirmiş, hazırda İranda gizlənən şəxslərin təhvil verilməsi ilə bağlıdır. Hələ ki, İran tərəfi bu istiqamətdə addım atmağa tələsmir.

Azərbaycan tərəfinin bu tələbi irəli sürməsi təsadüfi deyil. Deputat Fazil Mustafaya qarşı cinayət işinin matertiallarında, sonradan məhkəımə araşdırmalarında cinayətin sifariş verilməsi və maliyyələşməsində konkret şəxslərin adları keçib.

FAZİL TERROR.png (590 KB)

Fazil Mustafaya qarşı sui-qəsd cəhdi ilə bağlı saxlanılan Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə məhkəmədə müttəhimlərin ifadələrindən cinayətin İrandan idarə olunması aydınlaşırdı.

Müttəhim Azər Səricanov istintaqda deyib ki, Fazil Mustafaya qarşı terror aktı törətmək üçün plan qurmaqla məşğul olub. Bununla əlaqədar Rəşad Əhmədova Fazil Mustafa ilə bağlı sosial şəbəkələrdə olan paylaşımları tapmasını və özündə fikir formalaşdırılmasını tapşırıb. Onun sözlərinə görə, görüşlərində Fazil Mustafa ilə bağlı danışanda Rəşad özü də onun fikirləri ilə razılaşmadığını bildirib.

“Əsas məqsədim Rəşadda Fazil Mustafaya qarşı nifrət və kin oyatmaq olub. Daha sonra həmin ərəfələrdə Rəşada açıq olaraq Fazil Mustafanı cəzalandırmaq niyyətində olduğumu açıqladım. O, özünün Valeh adlı uşaqlıq dostunun olduğunu və onun İranda “Hüseyniyyun” təşkilatı ilə əlaqəsinin olduğunu bildirdi.

Mən də Fazil Mustafaya qarşı sui-qəsd törətmək fikrimin olduğunu, bu cinayətdə iştirak edən şəxslərin İranda himayə olunması üçün Rəşada Valehlə gedib danışmasını və bu işdə iştirak edə biləcək adamları Rəşadın qeyri-qanuni yollarla İrana keçirməsini istədim. Rəşad da Fazil Mustafaya qarşı həyata keçirilməli olan sui-qəsddə iştirak edən adamları qeyri-qanuni yollarla İrana keçirməyinə və İrana gedib Valehlə bu məsələni danışacağına söz verdi”, - o deyib.

Bundan başqa, Fazil Mustafaya sui-qəsd cəhdindən əvvəl onu sosial şəbəkələr üzərindən terrorla öldürəcəkləri barədə təhdid ünvanlanmışdı. Təhdidi ünvanlayan Hüseyn Ramiz oğlu Hüseynovun qardaşı Həsən Ramiz oğlu Hüseynov idi. Bu şəxs - Həsən Hüseynov Tural Məmmədova İran xüsusi xidmət orqanlarının tapşırıqlarının icrası müqabilində pul vəsaitlərinin göndərilməsini təşkil edib.

Tural Məmmədov xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycanda güdmə, tapşırılan ünvanların gizlin videoçəkilişlərini apardığına görə, hava məkanında obyektlərin hərəkət trayektoriyası müşahidə edən İrandan göndərilmiş xüsusi qurğu ilə həbs edilib. Məlum olub ki, Həsən Hüseynov terrorçuluğa cəhd və dövlətə xəyanət əməllərinə görə İranda gizlənən İsgəndər Hüseynovun qardaşı oğludur.
Hazırda İranda yaşayan və dini dairələrin himayəsi altında olan terrorçuların Azərbaycana təhvil verilməsi gündəmdədir. Azərbaycan xüsusi xidmət orqanlarının araşdırmalarına görə, Fazil Mustafaya qarşı törədilən sui-qəsdin arxasında İran xüsusi xidmətlərinə bağlı dini ekstremist şəbəkə dayanır.

Bu şəxslərin böyük əksəriyyəti vaxtilə Azərbaycanda fəaliyyət göstərmiş, sonradan İrana sığınıb dini təşkilatların qanadları altına keçmiş şəxslərdir. Onlar təkcə Fazil Mustafaya qarşı yox, ölkədə sabitliyi pozmağa yönəlmiş daha geniş terror planlarının iştirakçıları kimi də tanınır. İran Azərbaycanın iki şərtindən birini yerinə yetirdi – Yasin Hüseynzadə edam olundu.

İndi ikinci, bəlkə də daha vacib olan şərtin də yerinə yetiriləcəyi gün uzaqda deyil. Fazil Mustafaya qarşı sui-qəsdi sifariş edənlər, Azərbaycanda sabitliyi pozmağa yönəlmiş daha geniş terror planları quranlar da Azərbaycana təhvil verilməlidirlər! Bu addım atılmasa, Tehran özünü terrora qarşı mübarizədə səmimi və ardıcıl tərəfdaş kimi təqdim edə bilməyəcək.

Əks halda, Yasin Hüseynzadənin edamı sadəcə ictimaiyyətin gözündə İranın reputasiyasını qorumaq üçün atılmış kosmetik bir addım kimi qiymətləndiriləcək. Azərbaycan cəmiyyəti və dövləti bu məsələnin davamını gözləyir. Çünki bu yalnız bir nəfərə – Fazil Mustafaya qarşı yox, ümumilikdə Azərbaycan dövlətinə və onun müstəqillik iradəsinə qarşı törədilmiş terror hücumudur.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Hücum edən Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib.

ASGEROV.jpg (198 KB)

Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı - Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar. Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilib. 3 fevral 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əsgərov Orxan Rizvan oğlu (ölümündən sonra) "Vətən uğrunda" medalı ilə təltif edilib. Vasif Natiq oğlu Tağıyev 1-ci dərəcəli “Rəşadət” ordeni ilə, Mahir Kamil oğlu İmanov “Vətən uğrunda” medalı ilə təltif edilib.

Terror aktını törədən Yasin Hüseynzadə saxlanılıb. Hadisədən sonra Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyəti dayandırılıb. Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları 29 yanvar 2023-cü il tarixində Tehrandan Bakıya təxliyə olunub. Səfirlik əməkdaşları və onların ailə üzvlərindən ibarət ümumilikdə 53 nəfər Vətənə qayıdıb. Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında aparılmış danışıqlar nəticəsində 15 iyul 2024-cü il tarixindən etibarən Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib. Səfir və səfirliyin heyəti İrana geri dönüb.

Səfirliyimizə xain hücumdan sonra 2 ay sonra Bakıda, evinin qarşısında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fazil Mustafaya qarşı sui-qəsd baş verib. 2023-cü il martın 28-də saat 21:51-də deputat idarə etdiyi avtomobillə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanına gəlib. Evin darvazasında onun idarə etdiyi avtomobilə “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib. Fazil Mustafa möcüzə nəticəsində sağ qalıb. Həkimlər onun bədəninin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yaraları müəyyən ediblər.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 May 2025

28 May 2025

BÜTÜN XƏBƏRLƏR