Onlayn ictimai-siyasi qəzet
İranda insan hüquqlarının pozulması ilə bağlı dəhşətli statistika açıqlanıb. Hüquq müdafiəçilərinin hazırladığı aylıq hesabatda bildirilir ki, 1404-cü ilin Fəvərdin ayında (mart-aprel 2025) ölkə üzrə 58 nəfər dar ağacından asılaraq edam olunub.
Musavat.com-un hazırladığı xəbərə görə, “Azad İran” hüquq təşkilatının yaydığı hesabatda göstərilir ki, bu edamların əksəriyyəti siyasi, ictimai və ya mübahisəli hüquqi qərarların nəticəsində baş verib. Hesabatda həmçinin qeyd olunur ki, həmin dövrdə 70 nəfərə hökm oxunub – onlardan 5 nəfəri həbsə, 5 nəfəri isə yenidən edama məhkum edilib.
Hesabat müəllifləri vurğulayır ki, İran rejimi ifadə azadlığı, toplaşma hüququ və hüquqi müdafiə təminatı kimi fundamental hüquqları pozmaqda davam edir. Xüsusilə də müxalif fikirlərə qarşı sərt repressiya siyasəti, məhkəmələrin ədalətsiz fəaliyyəti və qeyri-insani cəzalandırma üsulları beynəlxalq insan hüquqları prinsiplərinə ziddir.
Sənəddə yer alan statistikaya əsasən, hüquq pozuntuları təkcə paytaxt Tehranda deyil, ölkənin bütün bölgələrində – o cümlədən azərbaycanlıların yaşadığı əyalətlərdə də geniş yayılıb. Hüquq müdafiəçiləri beynəlxalq ictimaiyyəti bu vəziyyətə biganə qalmamağa çağırır.
Qeyd edək ki, İran son illər edamların sayı baxımından dünyada ilk sıralarda qərarlaşır və insan haqları təşkilatları bu gedişatı “sistematik terror” kimi qiymətləndirirlər.
Musavat.com
22 Aprel 2025
21 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ