İnsanlara hürriyət, millətlərə istiqlal!

İrana qarşı gecə hücumuna Azərbaycandan İLGİNC REAKSİYALAR

Ötən gecə İranın müxtəlif hərbi obyektlərinə edilən dron hücumu dünya gündəminin əsas müzakirə mövzusudur.

Hələlik gerçəkdən nələrin baş verdiyi nə İran, nə də İsrail tərəfindən açıqlanıb. Amma İsraildə törədilən terror aktından sonra bu ölkənin rəhbərliyinin “cavabımız sarsıdıcı olacaq” - xəbərdarlığından sonra İran boyunca alovların qalxması diqqəti İsrailə yönəldir. Baş verənlərə Azərbaycandan da ekspertlər səviyyəsində maraqlı təhlillər var. 

Musavat.com onların bir qismini təqdim edir.

Politoloq Murad Sadəddinov bildirib ki, bu gecə İsrailin kəşfiyyat strukturları və hərbi-hava qüvvələri İran ərazisində anti-terror əməliyyatı həyata keçirib: “İsrailin rəsmi strukturları bununla əlaqədar heç bir açıqlama verməyiblər və baş verənlərlə bağlı məsuliyyəti öz üzərlərinə götürməyiblər.

“Al Jazeera” bildirir ki, bu gecə vurulmuş obyektlərin siyahısı belədir:

1. İsfəhanda hərbi-hava bazası

2. Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində hərbi zavod

3. Şərqi Azərbaycan vilayətinin Azərşəhr şəhərində silah-sursat və PUA istehsal mərkəzi, habelə neft emalı zavodu

4. Kərəcdə hərbi aviabaza

5. Həmədan şəhərində hərbi baza.

İranın “Tasnim” agentliyi məlumat verir ki, Azərşəhrdəki neft emalı zavodunda böyük yanğın var.

İranın paytaxtı Tehranda da güclü partlayış olub.

Həmədan şəhərinin elektroenerji təminatında problem yaranıb.

İranın əksər yerlərində internetlə bağlı problemlər var”.

Deputat Sahib Alıyevin sözlərinə görə, gözlənilirdi ki, İran prezidenti Azərbaycanın Tehrandakı səfirliyinin əməkdaşlarına qarşı elə terror aktı törədilən günü üzrxahlıq edəcək, bununla bağlı obyektiv araşdırma aparılacağını bildirəcək və başsağlığı verəcək: “Olayın uydurulmuş səbəbini çox operativcəsinə təqdim edənlər hər halda bunda da ləngiməməli idilər. Amma söhbət bizə yanaşmaları heç kimə sirr olmayanlardan getdiyindən bir çox ölkələrin, o sıradan da dost İsrailin prezidentinin başsağlığı diləklərindən sonra Seyid İbrahim Rəisinin də cənab İlham Əliyevə zəng etdiyi xəbər verilir. İran prezidentinin bu terrorun törədilmə səbəbi haqda nə dediyi açıqlanmır. Ola bilsin ki, terrorçu onun üçün təşkil edilmiş “brifinq”də (dünya təcrübəsində rast gəlinməyən yenilik) də söylədiklərini təkrarlayıb”.

S.Alıyev bildirib ki, Azərbaycan Prezidentinin Rəisiyə bu terror aktını şiddətlə qınadığını söyləyərək istintaqın şəffaf aparılmasını tələb etməsi isə rəsmi Tehranın onun törədilmə səbəbi ilə bağlı dövriyyəyə buraxdığı versiyalara inanılmadığını ortaya qoyur:

“Maraqlıdır ki, eyni gündə Yerusəlimin Neve Yaakov məhəlləsində sinaqoq yaxınlığında 8 nəfərin ölümü ilə nəticələnən terror aktı törədilmişdi. Bəlli oldu ki, onu SEPAH-la sıx əməkdaşlıq edən HƏMAS-a bağlı terrorçu törədib. Cavabı çox gözləmək lazım gəlmədi. Yanvarın 28-dən 29-a keçən gecə İsrail PUA-ları Tehranda, Həmədanda, İsfahanda, Rəştdə və daha bir neçə şəhərdəki hərbi obyektləri darmadağın ediblər. Azərbaycanı hədələyən, Qüdsə haradansa keçib gedəcəkərini deyən, yağlı sifət və sözün hər anlamında yüngülsaqqallılar bunun qarşısını ala bilməyiblər və bilməzdilər də”.

STM-in sektor müdiri Tural İsmayılov Musavat.com-a bildirib ki, son dövrlər İranın dünyada ortaya qoyduğu mövqe heç bir halda qəbul edilmir: “Fərqli coğrafiyalarda məzhəbçilik üzərindən ideoloji təbliğatlar aparır, başqa ölkələrin daxilini qarışdırmağa çalışır. İran terrorun olduğu hər yerdə mövcudluğu ilə özünü bu hala gətirdi. İrana bağlı olan və onun tərəfindən dəstəklənən qüvvələrin müxtəlif ölkələrdə həyata keçirdikləri terror bu gün İranı bu hala saldı. Bundan sonra İran etdiyi bütün təxribatlara görə cavab verəcək”. Ekspertə görə, rejim ölkəni çıxılmaz vəziyyətə salıb: “Xalq üsyanları dayanmır, heç bir ölkə ilə normal münasibətləri qalmayıb, nəticədə İranda vəziyyət çıxılmaz hala qalıb”.

Politoloq Ərəstun Oruclu baş verənlərlə bağlı maraqlı fikirlər açıqlayıb. O, sosial şəbəkə hesabında bunları qeyd edib:

“İranın hərbi və enerji obyektlərinə qarşı həyata keçirilmiş massiv dron hücumuna dair hələlik bunları demək istərdim:

1. Bu post yazılan anadək nə İsrail bunu etdiyini təsdiqləyib, nə də İran hər hansı rəsmi səviyyədə hücumun arxasında Təl-Əvivin dayandığını bildirib. Dünya mediasında İsrail versiyası yalnız ehtimal kimi göstərilib;

2. Bəzi mötəbər sayılan mənbələr (məsələn, “Associated Press” agentliyi) nədənsə (?) dron hücumu ilə bağlı yazısında İsrailin 2021-ci ildə İranın Natanzadakı nüvə obyektinə qarşı hücumu ilə yanaşı, həm də İranın Azərbaycanla həmsərhəd ərazilərdə keçirdiyi təlimləri və səfirliyimizə son hücumu xatırlayıb;

3. İki gün əvvəl Pressklub TV-də Kamran bəy Həsənli ilə səfirliyimizə hücumla bağlı müsahibədə aşağıdakı 3 məqamı vurğulamışdım:

- bu, müharibə anonsuna bənzəyir;

- Azərbaycanı konfliktə çəkməyə çalışırlar;

- bütün müharibələr təxribatlardan başlayır, biz buna uymamalıyıq.

4. İranın zərbələrə məruz qalmış bütün obyektləri İsfahan xaric coğrafi baxımdan ya Azərbaycan Respublikasına yaxın ərazilərdədir, ya da Cənubi Azərbaycanda;

5. Fikrimcə, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi rəsmi bəyanat verərək baş verənlərdən qəti şəkildə məsafələşməlidir;

6. Sosial mediada hadisə haqda paylaşım edən tanınmış ictimai-siyasi xadimlərimiz fikirlərində ehtiyatlı olsalar, bunun ölkəyə ancaq xeyri dəyər. Masa üzərində Azərbaycanın taleyi ola bilər, odur ki, başqalarının çirkli oyunlarına alət olmamalıyıq.

7. Nəhayət, İranla istər İsrail, istərsə də başqa bir dövlət münasibətlərini başqa məkanlarda aydınlaşdırmalıdır. Azərbaycan Suriya deyil və qətiyyən də olmamalıdır”.

Hərbi ekspert Ədalət Verdiyev qonşu ölkəyə səfərlərin təxirə salınması barədə çağırış edib: “İranda terror təhlükəsi riskinin artması ilə əlaqədar vətəndaşlarımıza yaxın gələcəkdə bu ölkəyə planlaşdırılan səfərləri ləğv etməyi şiddətlə tövsiyə edirik. Söhbət təkcə bu yaxınlarda səfirliyimizdə törədilən terror aktından getmir: ümumiyyətlə, İranda vəziyyət və onun gələcək inkişaf perspektivləri elədir ki, orada olmaq məsləhət deyil”.

“İran öz məqsədlərinə çatmaq üçün insanlıq əleyhinə bütün cinayətlərdən yararlanmağı məqbul sayan, beynəlxalq hüquq, ədalət, insan hüquq və azadlıqlarına, dövlətlərin suverenliyinə, xalqların azad və firavan yaşamaq haqlarına məhəl qoymayan, öz sərhədləri daxilində və xaricində humanizm prinsiplərinə zidd siyasət yürüdən terror dövlətidir”.

Ədalət Verdiyevin sözlərinə görə, İran 44 ilə yaxındır ki, bütün dünya üçün təhlükələr yaradan əxlaqsız molla rejimi tərəfindən idarə olunur: “Daim İslam adına ləkə gətirən, işğalçı rejimləri dəstəkləyən, onlara silah və sursat ötürən, qonşular arasına nifaq salan, onların haqqını və hüququnu tanımayan, bütün ölkələrin daxili işlərinə qarışan və terroru dəstəkləyən ləyaqətsiz molla rejimi bu gündən başlayaraq haqq etdiyi "İlahi ədaləti" ilə yaxından tanış olmağa başladı. Əvvəlcə zəlzələ, ardınca isə vəlvələ İran rejimini silkələyir.

Rusiyaya və Ermənistan kimi ölkələrə silah ötürən, bir çox ölkələrin, o cümlədən Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror hadisələri törədən, şəhid etdiyi səfirlik əməkdaşının nəşini ailəsinə vermək istəməyən bir rejimi başqa aqibət gözləyə də bilməzdi. Tezi, ya geci vardı...”

 Hərbi ekspert deyib ki, nəhayət ABŞ, Türkiyə, Azərbaycan, Səudiyyə Ərəbistanı, Böyük Britaniya,  və İsrail kimi güclü ordulara malik ölkələrə protez diş qıcayan İran ayətullahının dişi  cəmi bir neçə saat ərzində qırıldı və başına çırpıldı:

“İran rejiminin dünya ictimaiyyətinə qarşı əxlaqsız fəaliyyətlərinə cavab reaksiyası olaraq naməlum ölkə tərəfindən həyata keçirilən əks hücumlar daha çox İranın öz vətəndaşları tərəfindən dəstəklənir. Bu isə gələcək əməliyyatlarının və ümumilikdə molla rejiminin taleyini indidən həll edir. 

 Yayılan video materiallardan görünür ki, İranın hərbi obyektlərinə hücumlar əsasən kamikadze tipli pilotsuz vasitələr ilə həyata keçirilib. Naməlum PUA-lar anidən və paralel olaraq İranın müxtəlif şəhərlərində bir neçə hərbi obyektə və neft emalı zavoduna uğurlu hücum edib. İranın HHM sistemi paralel hücumların nəinki qarşısını ala bilməyib, hətta adekvat reaksiya verə bilməyib.  Tehran, İsfahan, Xoy, Rəşt, Səlim, Həmədan, Mazandaran, Cavanrud və digər şəhərlərdə partlayışlar və irimiqyaslı yanğınlar qeydə alınır. Gecə saatlarında bu şəhərlərdə əhəmiyyətli dərəcədə dağıntılar və  böyük yanğınlar barədə videolar yayılırdı. Hazırda İranda internet olmadığı üçün yeni materiallar müşahidə olunmur. İstənilən halda bu İrana xəbərdarlıq zərbəsi olsa belə, davamı mütləq gözlənilir. Suriyadakı İran qoşunlarının da zərbələrə məruz qaldığı istisna edilmir. İran ərazisinə zərbələrin 3-4 gün davam etməsi isə molla ordusunun "içi boş çürük çəllək" olduğunu bir daha dünyaya nümayiş etdirəcək.

Ə.Verdiyev bildirib ki, dünyada kifayət qədər ciddi potensiala malik ölkələrlə tərəfdaşlıq və müttəfiqlik əlaqələri mövcud olan Azərbaycana qarşı çıxan ölkələr, ən azından Ermənistanın və İranın ağrılı -acılı təcrübəsindən ciddi nəticə çıxarmalıdırlar:


“Azərbaycanımızla hansısa sahədə düşmənçilik aparmaq, bizmlə aşkar və ya gizlin şəkildə savaşmaq artıq çox təhlükəli tendensiyadır. Ən yaxşı seçim, imzasına hörmət edən, etibarlı və dürüst ölkə olan Azərbaycanla əməkdaşlıq etməkdən ibarətdir. Bu məsələdə ikinci alternativ mövcud deyil”.

Siyasi şərhçi Elçin Mirzəbəyli bu fikirləri Musavat.com-a açıqlamasında söyləyib. Analitikin sözlərinə görə, İran sadəcə terrorçuların, terror təşkilatlarının sponsoru deyil, dövlət olaraq terrorçudur: “Bu terrorçu dövlət artıq bütün sərhədləri keçib və dözülməz bir hala gəlib. Bu baxımdan on milyonlarla insanı zülm və əsarətdə saxlayan, ölkəni xalqlar həbsxanasına çevirən cinayətkar, terrorçu molla rejimi hakimiyyətdən sökülüb atılmayınca nə İranda, öz tarixi vətənlərində yaşayan xalqlara, nə də Xəzər hövzəsindən Ərəb körfəzinə və daha geniş bir ərazidə müstəqil, sivil inkişaf yolu seçən, qarşılıqlı əməkdaşlığa can atan, qonşularla sülh şəraitində yaşamaq istəyən yüz milyonlarla insana dinclik var. Əgər terrorçu sənin evin sayılan əraziyə, yaxud birbaşa sənin torpağına ayaq basırsa, onu öz yuvasında məhv etmək lazımdır. İranda yaşayan bütün xalqlar azadlığa layiqdirlər və bu mənfur rejimi çökdürmək üçün onlara dəstək vermək lazımdır”.

“İsrail rəsmiləri İrana zərbə endirəcəklərini heç zaman istisna etməyiblər. Təl-Əviv arqumentini iki amillə izah edir. Birincisi, İran nüvə çalışmalarından əl çəkməyib. İkincisi, İran İsraili hədəf alan regional terrorçu qruplaşmaları maliyyələşdirir və silahlandırır. Bu iki amil İsrail təhlükəsizliyi üçün ciddi təhdid mənbəyi sayılır. Bunun nəticəsi olaraq İsrail yanvarın 29-da gecə saatlarında İran ərazisinə zərbələr endirib”.

Bu fikirlər isə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğluya məxsusdur.

Politoloq hesab edir ki, bu zərbələr ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börnsün İsrailə səfəri ərəfəsinə təsadüf edib: “Böyük ehtimalla bu zərbələr ABŞ-la razılaşdırılıb. Təsadüfi deyil ki, ABŞ prezidenti Co Bayden son açıqlamalarında İranla qarşıdurmanın baş verəcəyini istisna etməyib. İsrail Təbriz yaxınlığındakı dron zavodunu, İsfahandakı hərbi müəssisəni və Malard şəhərindəki hərbi təchizat anbarını vurub”.

E.Şahinoğlu hesab edir ki, Tehran İsrailə qarşı cavab aksiyası həyata keçirməyə çalışacaq: “İsrail İran raketlərini havada neytrallaşdıracaq. İranın birbaşa İsrailə əli çatmayacaq. Ona görə yenə maliyyələşdirdiyi və silahlandırdığı qrupları hərəkətə gətirəcək. Aydındır ki, İsrail bu hücumdan sonra təhlükəsizlik tədbirlərini daha da artıracaq. Regional qarşıdurmanın yeni mərhələsinə qədəm qoyuruq”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR