Onlayn ictimai-siyasi qəzet
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian yanvarın 8-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb, siyasi və təhlükəsizlik əlaqələrinin möhkəmləndirilməsi məsələlərini müzakirə edib.
Əliyev və Əhmədian ayrı-ayrılıqda Azərbaycan və İran arasında enerji və nəqliyyat əməkdaşlığının, o cümlədən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tamamlanması yolu ilə gücləndirilməsinin vacibliyini vurğulayıb.
Musavat.com xəbər verir ki, görüş barədə şərh verən siyasi şərhçi Aqşin Kərimov bildirib ki, İranın proseslərdəki təqdim edəcəyi mətni oxumaq üçün Ali Milli Təhükəsizlik Şurasının səlahiyyətlərinə və vəzifələrinə baxmaq lazımdır:
"İran Konstitusiyasının 176-cı maddəsi ilə yaradılan Şuranın 3 vəzifəsi var: milli təhlükəsizlik siyasətini müəyyən etmək, daxili siyasətin milli təhlükəsizlik siyasətinə uyğunlaşdırılmasını təmin etmək, daxili və xarici təhdidlərdən qorunmaq üçün resurslar toplamaq.
Bu Şura həm hökumətin rəsmi qollarını, həm də qeyri-rəsmi təsir şəbəkələrini əhatə edən təhlükəsizlik prioritetləri formalaşdırır.
Qısası, Şuraya İran sisteminin qarşısında duran kritik milli təhlükəsizlik məsələləri üzrə müzakirələr aparmaq və konsensus yaratmaq tapşırılıb.
İlham Əliyev Əhmədianın səfərindən bir gün öncə yerli televiziya kanallarına müsahibəsində İranın xarici siyasətdəki fiaskosuna eyhamlar vurmuşdu. Həmçinin cənab Əliyev İran elitasındakı fikir ayrılıqlarına, parçalanmalara işarələr vurmuşdu. Fikrimcə, İlham Əliyev İranın ciddi təhlükəsizlik boşluqlarında olduğunu İslam Respublikası elitasındakı toqquşan hekayələr fonunda siyasi-diplomatik dillə ifadə etdi.
Əliyevin Əhmədianla müzakirələrinin bu kontekstdə qiymətləndirilməsi onu deməyə əsas verir ki, İran Azərbaycanla münasibətləri ən yaxşıya doğru redaktə etməyin əhəmiyyətini başa düşür.
Bununla belə nəzərə alınmalıdır ki, Şuranın bütün qərarları son nəticədə Ali Rəhbər Ayətullah Əli Xamenei tərəfindən təsdiqlənməlidir. Lakin qurumun müzakirələri Ali Rəhbərin ofisinə gedən siyasət tövsiyələrini formalaşdırır..."
Afaq Mirayiq,
Musavat.com
10 Yanvar 2025
09 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ