Onlayn ictimai-siyasi qəzet
Ötən gün Goranboy rayonunun Nizami kəndində ər-arvad dəm qazının qurbanı olub. 1958-ci il təvəllüdlü Kamal Qurbanlı oğlu Əkbərov və həyat yoldaşı 1960-cı il təvəllüdlü Ayidə Əli qızı Əkbərova yaşadıqları evdə dəm qazından boğulublar.
Həyatını itirən ər-arvad Kəlbəcər rayonundan olan keçmiş məcburi köçkünlərdir.
Onların övladları Daşkəsən rayonunda yaşayırmış. Ölənlərin yaxınları deyirlər ki, mərhum ər-arvadın qızları və digər qohumları gün ərzində onlara dəfələrlə zəng etsələr də, əlaqə qura bilməyiblər. Daha sonra keçmiş məcburi köçkünlərin vəfat etdiyi məlum olub.
Yaxınları onların meyitini qonaq otağında tapıblar. Qohumlarının sözlərinə görə, qonaq otağında quraşdırılan "İran sobası" adlanan qızdırıcı düzgün quraşdırılmayıb və otağa dəm qazı sızıb. Hər iki şəxs hadisə yerində ölüb.
Mərhumların meyitləri müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsinin Goranboy rayon şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır./Modern.az
06 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ