Onlayn ictimai-siyasi qəzet
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, İraqda İranın dəstəklədiyi bir neçə güclü silahlı qrup ilk dəfə olaraq silahlarını yerə qoymağa hazır olduqlarını bəyan edib. Bu qərarın əsas səbəbi ABŞ-la gərginliyin yeni silahlı toqquşmaya çevrilməsinin qarşısını almaq məqsədi daşıyır.
Reuters-in yaydığı eksklüziv məlumata görə, bu addım Tramp administrasiyasına birbaşa mesaj xarakteri daşıyır. ABŞ-ın Yaxın Şərqdə, xüsusilə İraq ərazisində artan hərbi mövcudluğu və İranın nüfuz dairəsinə qarşı sərgilədiyi sərt siyasət fonunda bu qərar strateji dəyişiklik kimi qiymətləndirilir.
Silah qoymağa hazırlaşan qruplar arasında İran tərəfindən uzun illərdir maliyyələşdirilən və təlimatlandırılan bir neçə tanınmış hərbi struktur da var. Mənbələr qeyd edir ki, bu qruplar “əsas şərt olaraq ABŞ-ın bölgədəki hücum siyasətindən imtina etməsini və diplomatik kanalların açıq saxlanılmasını” tələb edirlər.
Məlumatda vurğulanır ki, bu təşəbbüs hələlik ilkin mərhələdə olsa da, regionda gərginliyin azaldılması və İran-ABŞ münasibətlərində yeni fazaya keçid üçün önəmli siqnal kimi dəyərləndirilir.
Qeyd edək ki, Tramp administrasiyası hakimiyyətə qayıtdıqdan sonra İranla bağlı sərt ritorikasını davam etdirir və Tehranla onun bölgədəki təsir agentlərinə qarşı yeni sanksiyalar və hərbi təhdidlər gündəmdə saxlanılır.
Hazırda ABŞ və İran arasında dolayısı ilə İraqda yaşanan qarşıdurma və bunun mümkün regional təsirləri beynəlxalq siyasi dairələrin diqqət mərkəzindədir.
Xəbərin qaynağı bu linkdə: https://www.reuters.com/world/middle-east/iran/
Musavat.com
10 Aprel 2025
09 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ