Onlayn ictimai-siyasi qəzet
İsrailin cənubunda yerləşən Beer-Şeva şəhərindəki Ben-Qurion Universiteti 19 iyun tarixində İran tərəfindən həyata keçirilən raket hücumu nəticəsində ciddi zərər görüb.
Musavat.com xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.
Məlumata görə, Ben-Qurion Universiteti ilə əlaqəli olan Beer-Şevadakı “Soroka” Tibb Mərkəzinin ərazisinə raketin düşməsi nəticəsində universitetin 6 tədqiqat laboratoriyası tamamilə dağılıb, daha 9 laboratoriyaya isə ciddi ziyan dəyib.
Universitet rəhbərliyi bildirib ki, raket zərbəsi nəticəsində “tibb və biologiya sahələrində uzun illər ərzində aparılan müxtəlif tədqiqat layihələrinin nəticələri məhv edilib”, – deyə “The Times of Israel” qeyd edir.
Tibb fakültəsinin dərs otaqları, tədris laboratoriyaları və anatomiya kabineti də ciddi zərər görüb. Bundan əlavə, universitetin əsas kampusunun ərazisində yerləşən daha 30 müxtəlif bina da zədələnib. Rəhbərlik hələ də dəymiş ziyanın miqyasını araşdırır. İlkin qiymətləndirmələrə görə, bu zərərin həcmi “on milyonlarla, hətta yüz milyonlarla şekel” ola bilər.
Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İrana qarşı zərbələr endirib. Hədəf Tehranın nüvə və raket proqramları ilə bağlı obyektlər olub. Bundan az sonra İran cavab hücumu həyata keçirib. İyunun 22-nə keçən gecə ABŞ Silahlı Qüvvələri İranda üç nüvə obyektini bombalayıb. İyunun 23-ü axşam isə Tehran Qətərdə yerləşən və Yaxın Şərqin ən böyük hərbi bazası sayılan ABŞ-ın Əl-Üdeyd bazasına raket zərbəsi endirib. Daha sonra ABŞ Prezidenti Donald Tramp İsrail və İranın atəşkəs rejiminin tətbiqinə razılaşdığını açıqlayıb. Atəşkəs iyunun 24-dən qüvvəyə minib.
Musavat.com
25 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ