Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda restoran biznesində kök salmış bir "ənənə" formalaşıb. Sifariş verib rahat oturursan, menyuda qiymətlər aydın göstərilib. Amma hesab gəldikdə birdən-birə ümumi məbləğin 10 faizi həcmində əlavə pul ortaya çıxır. Sən demə, bu, "servis haqqı" imiş.
"Bakı" Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov Musavat.com-a deyib ki, bu cür praktika istehlakçı hüquqlarının açıq-aşkar pozulmasıdır:
"Azərbaycan Respublikası "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanunu 20.2 maddəsi bu məsələni konkret şəkildə tənzimləyir. Həmin maddənin tələbinə görə, satıcı (icraçı) istehlakçıya malların (işlərin, xidmətlərin) satılması (göstərilməsi) şərtləri barədə tam və düzgün məlumat verməlidir. Yəni, əgər restoran hesabın üzərinə əlavə 10 faiz "servis haqqı" tətbiq edirsə, bu barədə müştəriyə qabaqcadan açıq və aydın məlumat verilməlidir. Menyuda, masada, kassada açıq şəkildə bu haqda məlumat olmalıdır. Əgər bu bildiriş yoxdursa, o zaman hesabdakı əlavə məbləğ qanunsuzdur və müştəri tərəfindən ödənilməsi məcburi deyil!"
N.Ələsgərov bildirib ki, eyni qayda "Reklam haqqında" Qanunun 14-cü maddəsində də təsdiqlənir:
"Göstərilən xidmətin şərtləri və qiyməti barədə tam informasiya verilməlidir. Heç bir "sonradan çıxarılan" 10 faiz qanunla əsaslandırıla bilməz. Söhbət xidmət haqqından getmir, söhbət aldatmadan gedir! Heç bir restoranın müştəriyə əvvəlcədən xəbərdarlıq etmədən cibinə girmək hüququ yoxdur. Bunu edən obyektlər sadəcə qanunu pozmaqla yanaşı, həm də aldatma yolu ilə gəlir əldə edirlər. Bu isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin dələduzluqla bağlı müddəalarını da aktual edir.
İstehlakçı hüquqları hüquqi cəhətdən qorunur və heç bir restoranın "bizdə belə qayda var" bəhanəsi bu qanunu dəyişə bilməz. Azərbaycan Respublikasının "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanunu (24 sentyabr 1995-ci il, № 1118) açıq deyilir ki, müştəriyə əvvəlcədən əlavə haqq alınacağı barədə məlumat verilməlidir, əks halda bu ödəniş tələb edilə bilməz".
Natiq Ələsgərov vurğulayıb ki, belə halla üzləşən müştərinin hesaba əlavə olunan haqdan imtina etmək hüququ var:
"Əgər müştəri belə faktla qarşılaşsa, əlavə ödənişdən imtina edə bilər. Obyekt rəhbərliyindən tələb edə bilər ki, 10 faiz haqqın əvvəlcədən harada göstərildiyini sübut etsinlər. Cavab alınmırsa, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi şikayət edə bilər. Hətta restoranın kassir və ya administratoru "bizdə belə qəbul olunub" desə belə, bu onların daxili qaydasıdır, amma dövlət qanunlarını heç bir restoranın daxili qaydası ləğv edə bilməz! Bu "ənənəyə" son qoymağın vaxtıdır!"
Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com
25 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ