Onlayn ictimai-siyasi qəzet
İran-İsrail müharibəsi başladı? 45 ildir bu suala cavab axtarılır. Ancaq hadisələr müharibənin birmənalı şəkildə başladığını deməkdə bəzən çətinliklər yaradır.
Oktyabrın 1-də İranın İsrail ərazisinə 200-ə yaxın raket tuşladığına dair xəbərlər yayılıb. Onların neçəsinin hədəfə dəydiyi ilə bağlı müxtəlif xəbərlər var. Bununla bağlı informasiyalar manipulyasiya olunur.
HƏMAS və Livandakı “Hizbullah” İran hakimiyyəti tərəfindən himayə edildiyindən Tehranın İsrailə qarşı dolayı müharibəsi 2023-cü il oktyabrın 7-dən başlayıb.
Hər iki silahlı-siyasi qruplaşmanı İranın maliyyə, hərbi-texniki və təlimatçılarla təmin etdiyi sirr deyil. Bunlar Tehranın regiondakı əlaltısı, proksi qüvvələri sayılır. Belə görünür sanki İran hakimiyyəti bu əlaltıları ilə yəhudi dövlətini məhv etməyi qarşısına hədəfləyib.
Ancaq birillik müharibə regionda marağı olan başqa qüvvələri faş eləyib. Xüsusən bu sırada Çin pərdə arxasından boylanana oxşayır. Rusiya Yaxın Şərqdə ənənəvi rolunu davam etdirir. HƏMAS Siyasi Bürösunun keçmiş baş katibi İsmayıl Haniyənin öldürülməsindən sonra Moskva Tehranı daha təmkinli olmağa çağırmışdı. Oktyabrın 1-də İranın İsrailə raket hücumunun isə həmin hadisəyə cavab adlandırıb.
İran tərəfi isə bunu sentyabrın 27-də İsrailin Beyrutu vurması nəticəsində “Hizbullah”ın baş katibi Həsən Nəsrullah və başqalarının öldürülməsinə cavab addımı sayır.
İsmayıl Haniyənin İsrail tərəfindən öldürülməsinə dair Tehranın əlində qəti fakt olduğu ictimaiyyətə məlum deyil. Çünki İsrail onu öldürərkən İran ərazisinə hücum etməyib. HƏMAS və “Hizbullah”ın yerləşdiyi Fələstin və Livan da İran ərazisi deyil. Bu baxımdan İranın İsraili vurması yəhudi dövlətinə təcavüz sayılır. Hər iki qruplaşma bu dövlətin təhlükəsizliyini təhdid edir.
Habelə HƏMAS Fələstin dövlətinin tanınmasını, “Hizbullah” isə Livanın ərazi bütövlüyünün bərpasını, İsraillə sərhədlərin müəyyənləşməsini, iki ölkə arasında münasibətlərin qurulmasını əngəlləyir. Deməli, onların arxasında duranların hədəfi Fələstin və Livanın əmin-amanlığı, ərəblərin və başqa sakinlərin dinc yaşaması, birincinin tanınması deyil, regionda ABŞ başda olmaqla qərbin maraqlarının təmin olunmasına qarşı müqavimət göstərməkdir. Belə ehtimal etmək olar ki, bu məsələdə əlaqələndirici İrandır.
İsrailin vurulmasında Rusiya və İran arasında müəyyən sövdələşmənin də olduğunu düşünmək olar. Çünki bu ölkələr arasında əhatəli razılaşma müqaviləsi bir ilə yaxındır imzalanmır. Belə düşünmək olar ki, Rusiyanın müdafiə və dəstəkləyəcəyi halda İran həmin sənədi imzalayacaq. Başqa sözlə azından BMT Təhlükəsizlik Şurasında Moskva Tehrana qarşı yeni sanksiyaların qəbulunu əngəlləyə bilər.
İran İsrailə niyə ikinci dəfə hücum edib? Bununla bağlı bir sıra səbəbləri sadalamaq olar:
- İran hakimiyyətinin daxildə və xaricdə nüfuzu sürətlə azalır. Xüsusən prezident İbrahim Rəisinin müəmmalı ölümü, İsmayıl Haniyənin qətli, İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) çoxlu sayda yüksək rütbəli zabitlərinin, habelə Həsən Nəsrullahın öldürülməsi onun ətrafına cəmləşənlərə mənfi təsir bağışlamışdı. Bu ruh düşkünlüyünü aradan qaldırmaq məqsədi ilə “Sadeq-2” (“Sadeq-1” apreldə olub) əməliyyatı keçirilib;
- İran regionda güc, beynəlxalq qanunları pozmaq gücündə olduğunu nümayiş etdirib;
- İsraili tanımadığından ona qarşı hərbi əməliyyatları məqbul sayıb;
- Daxildə etirazları sakitləşdirmək, yaxud onlara gücü olduğunu nümayiş etdirib;
- Hakimiyyətidaxili, xüsusən güc strukturlarını, o cümlədən sepahçılar arasında parçalanma meyillərinin qarşısını alıb;
- Qərblə ehtimal olunan danışıqlara üstün mövqedə getməyi hədəfləyb;
- İkincinin birincidən daha güclü olduğunu nümayiş etdirib;
- Növbəti hücumun ola biləcəyinin anonsunu verib;
- Raketlərini nümayiş etdirib və s.
Hücum zamanı İranın səsdən sürətli raketdən istifadə etdiyi barədə də xəbərlər yayılıb. Bu halda sual olunur - belə güclü elmi-texnoloji bazası olduğu halda keçmiş prezident İbrahim Rəisi üçün etibarlı helikopter niyə istehsal etməyib? 30 ilə yaxındır İranın mülkü aviasiya xidməti sanksiyaya məruz qalıb. Ballistik raket istehsal etmək gücündə olan bir hakimiyyət bu sahədə qərbin yardımına niyə möhtacdır? Və s. suallar həm də İranın hərbi texnoloji sahədə uğurları üzərinə şübhə salır, yeni sorğuların yaranmasına səbəb olur. Bu texnologiyanı İrana məlum “dostları” verib? Bu, İranın aprel və oktyabr hücumları zamanı İsrail atdığı raketlərin keyfiyyəti və hədəf almaq qabiliyyətinin aşağı olduğu barədə xəbərlərin yayılmasına da əsas verir.
Nəzərə almaq lazımdır ki, 1980-ci ildə İran hakimiyyəti İraqla müharibədən istifadə edərək daxildəki etirazları repressiv metodla yatırtmış, müxalifəti ölkə daxilində tamamilə neytrallaşdırmış, yaxud onların ölkədən çıxmasına nail olmuşdu.
Ehtimal etmək olar ki, Tehran həmin təcrübəni İsrailə raket hücumları fonunda da tətbiq edə bilər.
Yeri gəlmişkən, hücumdan bir gün öncə İsrailin Baş naziri Benyamin Netanyahu İran xalqına müraciət edərək bildirmişdi ki, mövcud rejim hər keçən saniyə xalqını uçuruma aparır. Düzdür, yəhudi dövlətinin başçısı İranda farslardan başqa türklərin, ərəblərin, bəlucların olduğunu da deməklə daha əhatəli danışa bilərdi. O, müraciəti farslara etdiyindən İran haqqında məlumatının kasadlığını da göstərib. Ancaq bununla belə hədəfin Tehran rejimi olduğunu vurğulayaraq deyib: “Hakimiyyəti xalqın vəziyyəti maraqlandırmır. Əgər maraqlandırsa idi, Tehran Yaxın Şərqdə mənasız müharibələrə milyardlarla dollar vəsait xərcləməyi dayandırardı. Hazırda Livan və Qəzzanı müdafiə edən bir rejim görürsünüz. O rejim sizinlə maraqlansaydı, həyatınızı yaxşılaşdırmağa başlayardı”.
Baş nazir İrandakı rejim çökəndən sonra fərqli bir şəraitin yaranacağını da bildirib: “İran nəhayət azad olduqda, hər şey düşündüyünüzdən də fərqli olacaq. Həmin gün gələndə rejimin 5 qitədə qurduğu terror şəbəkəsi iflas edib parçalanacaq”.
Bu müraciətdən bir gün sonra İsrailə qarşı “Sadeq-2” əməliyyatı keçirilib.
Belə qənaətə gəlmək olar ki, Tehran bu hücumla hakimiyyətin devrilməsinin də qarşısını alıb.
Raket hücumundan sonra Netanyahu İranın “böyük səhv etdiyini” bildirib. Tehranın bu əməliyyatı İran Prezidenti Məsud Pezeşkianın Qərblə dialoqu üzərinə də kölgə salır.
Vəziyyət İranın iqtisadi vəziyyətini bir qədər də ağırlaşdıra bilər.
Hücum İsrailin HƏMAS və “Hizbullah”a qarşı “Dəmir qılınc” əməliyyatını daha da sərtləşməsinə təkan verə bilər. Bu isə onların müqavimət gücü olmayacaq dərəcədə zəifləməsi ilə nəticələnər.
Bütün hallarda hadisələrin gərginliyin artması istiqamətində inkişafı yeni hadisələrin başlaya biləcəyi üçün şərait yaradacağına da təkan verər. Bu isə bölgədə yeni vəziyyətin yaranmasıdır. O şəraitdə Tehranın tutacağı mövqe, mövcudluğu hər kəs üçün maraqlıdır. Hər halda olaylar kulminasiyaya doğru inkişaf edir. Ədəbiyyat nəzəriyyəsi dilində desək, onun razvyazkası (çözülməsi, açılması) və finalın da olacağı gözləniləndir. Maraqlar əbədi olmadığı kimi hakimiyyətlər, münaqişələr, iddialar da əbədi deyil. Bu baxımdan İranın İsraillə müharibəsinin bitəcəyi gün də uzaqda deyil...
Sədrəddin İsmayılov,
Report
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ