İnsanlara hürriyət, millətlərə istiqlal!

İntiharının qarşısı alınan tanınmış telejurnalistin əsas problemi nədir? 

“Bu çirkin planın müəllifi bacım Xəyalə və onun həyat yoldaşı Zamiq Hacıyevdir”

ATV-nin  “Futbolumuz” verilişinin aparıcısı, telejurnalist Ceyhun Rzayevin sosial şəbəkə hesabından ailə münaqişəsi səbəbindən həyatına son qoyacağını açıqlaması günün ən çox müzakirə edilən mövzularında oldu.

Ceyhun Rzayevin sosial şəbəkə hesabından yazdıqlarını xatırlayaq: "Bu gün (iyunun 6-da)saat 11:00-da intihar edəcəyəm. İntihar anonsu verən hər bir şəxs, əslində xilas olmağı ümid edir. Amma mənim məqsədim başqadır. Televiziya və internet kanalları gəlib məni çəksinlər. İstəyirəm bütün Azərbaycan bunu görsün. Bəlkə bundan sonra məhkəmə hakimləri analoji qərar verərkən məni xatırlayıb fikirlərindən dönərlər. Bəlkə bundan sonra Ədliyyə Nazirliyinin icra məmurları belə həssas qərarları icra etmək üçün canfəşanlıq göstərməzlər. Mən bədbəxt oldum, başqalarını bədbəxt etməsinlər.”

Ceyhun Rzayev ünvan olaraq Nəsimi rayonu, Kaveroçkin küçəsi 8 ünvanındakı binanı göstərib. Bu anons veriləndən az sonra göstərilən ünvana polis əməkdaşları gedib. Daxili İşlər Nazirliyinin (DİN) şöbə rəisi Elşad Hacıyev telejurnalist Ceyhun Rzayevin intihar anonsu ilə bağlı açıqlama verib. “Telejurnalist Ceyhun Rzayevin çağırışı ilə əlaqədar DİN tərəfindən təcili müdaxilə edilib. O fikirindən daşındırılaraq polis orqanına dəvət edilib. Onu narahat edən hallar (ailə məsələsidir) araşdırılır. Zəruri olan tədbirlərin görülməsi təmin ediləcəkdir”, - DİN rəsmisi bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Ceyhun Rzayev "Qafqazinfo" vasitəsilə müraciət yaymışdı. O, valideynləri tərəfindən yaşadığı evdən çıxarıldığını və mülkiyyət hüququnun pozulduğunu bildirmişdi.  Ceyhun Rzayev çıxılmaz vəziyyətdə qaldığını açıqlamışdı. Bildirmişdi ki,  valideynlərinin iddiası əsasında onun həyat yoldaşını yaşadığı evdən çıxarırlar. Bunun səbəbini isə o, belə izah edib: “İki ildir psixoloji-emosional olaraq çökmüşəm. Məsələ nədir? 8 ildir ailəm - həyat yoldaşım və 2 qızımla bərabər anama məxsus 30 kv-lıq evdə yaşayıram. Dördümüz də bu evdə qeydiyyatdayıq. Anam isə atamla bərabər illərdir Masazırda 6 sotluq ərazidə yerləşən geniş evdə yaşayır. Valideynlərim həmişə məni əmin ediblər ki, indi yaşadığım bu ev mənim olacaq. Buna görə hətta Prezident jurnalistlərə mənzil verəndə heç vaxt müraciət də etməmişəm. Çünki fikirləşmişəm ki, evim var və evsiz həmkarlarımın haqqına girmiş olaram. 2021-ci ilin martında atam Ağasadıq Rzayev gözlənilmədən evi boşaltmağımızı tələb etdi. Şoka düşdüm. Sanki arxadan xəncərlə vuruldum. Fikrini belə əsaslandırdı ki, jurnalistlər yaxşı qazanır, qaz vurub-qazan doldururlar, özümə ev və maşın almışam, bankda hesabımda külli miqdarda pul var. Özümü bir anda məkrli planın içində gördüm. Bu çirkin planın müəllifi bacım Xəyalə və onun həyat yoldaşı Zamiq Hacıyevdir. Valideynlərimi inandırıblar ki, mənim maddi durumum idealdır”. 

Ceyhun Rzayev əlavə edib ki, anası Gülcahan Rzayevanın iddiası əsasında, Nəsimi Rayon Məhkəməsində mülki iş başladılıb: “Hakim Ceyhun Tağıyev absurd qərar qəbul edərək, yalnız məni evdə qeydiyyatda saxladı, həyat yoldaşımla azyaşlı qızlarımı isə qeydiyyatdan çıxarıb yaşayış hüququndan məhrum etdi. Qərardan apellyasiya verdim. Apellyasiya Məhkəməsinin hakimi Vahid Sadiqov övladlarımın qeydiyyat və yaşayış hüququnu bərpa etdi, həyat yoldaşım isə yenə havada qaldı. Ən son instansiya olan Ali Məhkəməyə müraciət etdim. O ümidlə ki, həyat yoldaşıma ən azı qeydiyyat olmasa da, ailəsi ilə bərabər yaşamaq hüququ tanınar. Əfsuslar olsun ki, Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxladı. Yəni faktiki bizim iradəmiz xaricində bizi boşayır, ailəmizi dağıdırlar”.  

Telejurnalistin sözlərinə görə, artıq ona evdən könüllü şəkildə çıxması ilə bağlı bildiriş də gəlib: “ Nəsimi rayon icra şöbəsinin məmuru Ramin Quliyevdən bildiriş gəldi ki, qərarı könüllü şəkildə icra edək. Əks halda mayın 18-i, yəni sabah özü gəlib məhkəmə qətnaməsini icra edəcək. Həqiqətən, çökmüş vəziyyətdəyəm. Ananı övladlarından necə ayırmaq olar? Ana dünyasını dəyişməyib və ya həbsxanaya düşməyib ki, övladlarından ayrı düşsün. Mən cənab Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edirəm. Xahiş edirəm, mənə yardım edin. Bilirəm ki, siz bu məsələdən xəbərdar olsanız, gənc bir ailənin belə çətin durumda qalmasına əsla icazə verməyəcəksiniz. Sizin şəfqətinizə sığınıram. Çünki mənim başqa yolum yoxdur. İcra məmuru zorla həyat yoldaşımı övladlarından ayırarkən, o an nə edəcəyimi bilmirəm. Həmin an utanc hissi ilə həyatıma qəsd də edə bilərəm”.

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR