İnsanlara hürriyət, millətlərə istiqlal!

İnsanlara tabe olmayan ağ köpək balığı: Bu qanun məhz onlara görə verilib

Uzun illərdir zooparklar, sirklər və iri akvariumlar heyvansevərlərin və heyvan hüquqlarının müdafiəçilərinin hədəfindədir. Onlar daim “heyvan həbsxanası” hesab etdikləri zooparkların, sirklərin və akvariumların bağlanılmasını, heyvanların aid olduqları yerə - təbiətə buraxılmasını tələb edirlər.

Zooparklara nisbətən akvariumların qayğısına qalmaq daha çətindir. Akvariumların texniki qulluğu bir yana, suyun kimyəvi tərkibini, temperaturunu, duzluluğunu, təmizliyini nizamlamaq qızıl zərgərliyi tələb edir. Hər su heyvanının yaşama şəraiti var. Tam dəqiqliklə həmin şərait təmin olunmazsa, balıqlar kimyəvi şok keçirə, hətta ölə bilərlər.

Bütün çətinliklərə rəğmən, dünyanın iri şəhərlərində nəhəng akvariumlar, su heyvanlarının şouları üçün hovuzlar tikilib tamaşaçıların ixtiyarına verilir.

Texnologiyanın inkişafı akvarium biznesinə də öz təsirini göstərir. Artıq nəhəng akvariumlarda planetimizin ən böyük balığı olan balina köpək balığını da izləmək mümkündür. Bu su heyvanının hələ ən böyüyünün ölçüsü müəyyən deyil, sadəcə orta hesabla 15 metr uzunluğunda və təxminən 40 ton çəkilərdə olur. Nəhəng canlının həm həyat şəraitini, həm qidalanmasını, həm də hərəkət etmə tələbatını ödəyən akvariumlar yüksək mühəndislik məharəti tələb edir.

Belə həm iri, həm də çox həssas tələbatları olan dəniz canlılarını bəzən eyni akvariumlarda, bəzən isə müxtəlif akvariumlarda izləmək olur. Amma ölçüsünə görə balina köpəkbalığından balaca olan ağ köpək balığını bir akvariumda və ya hovuzda izləmək mümkün deyil.

Musavat.com nəyə görə ağ köpək balıqlarının əhliləşməməsinin səbəbini araşdırıb.

Uzunluğu 3,4-6 metr arasında dəyişən ağ köpək balıqlarının çəkisi orta hesabla 2 tondur. Nisbətən ilıq sularda yaşayırlar. Ovlanması və qidalanması öz sinfinə məxsus digər su canlılarından fərqlənmir. Buna görə də başqa dəniz canlılarına yaradılan şəraiti onlara da yaratmaq mümkündür. Məsələ şəraitdə deyil, ağ köpək balıqlarının “xarakerindədir”. Heyvanlarda hisslərin olmaması haqqında fərziyyələr onlara qarşı ən böyük cinayətlərdən biridir. Onlar da müəyyən hislər keçirirlər və bunu büruzə verirlər. Ağrı çəkəndə hayqırırlar, hirslənəndə dişlərini qıcayırlar, sevinəndə də bir yol tapıb bunu göstərə bilirlər.

Ağ köpək balıqları canları bahasına da olsa onların “həbsini” qadağan edən qanunun qəbul edilməsinə nail olublar.

Ağ köpək balıqları tez-tez nəfəs almaq üçün suyun üzərinə çıxırlar. Qəlsəmələrinə su dolmazsa, boğulub ölürlər.

Kaliforniyanın Monterey Bey akvariumunda ağ köpək balığının yaşaması üçün bütün həyat şərtləri təmin olunur. Suyun temperaturu, duzluluğu, təmizliyi və yırtıcının hərəkəti üçün kifayət qədər geniş akvarium. Məhz onun rahat hərəkəti üçün 4 milyon litr tutumlu akvarium inşa olunur. Lakin azadlığını həyatdan üstün tutan bu dəniz canlısı səbrini yalnız 198 gün “basa bilir”. 198 gündən sonra qidaya ehtiyacı olmasa da, akvariumdakı digər canlılara hücum edib onları parçalayır. Hətta çəkinmədən digər köpək balıqlarını da məhv edir. Onun bu “etirazına” davam gətirməyən rəhbərlik məcbur ağ köpək balığını azad edir.

Ağ köpək balıqlarının “əhliləşdirilməsinə” sonuncu dəfə Yaponiyada cəhd olunur. 2016-cı ildə məhz bu azad ruhlu yırtıcı üçün xüsusi akvarium tikilir. Yaponiyadakı ağ köpək balığı azadlığı üçün canından keçir. 3 gün ərzində qidadan tam imtina edir və aclıqdan tələf olur. Məhz onun bu aksiyasından sonra onların bütün dünyada tutulub akvariumda və ya hovuzda saxlanılması qanunla qadağan olunur. Üstəlik, hazırda ağ köpək balıqlarının da sayı azalıb və digər canlılar kimi onlar da qorunmasalar, yox olma təhlükəsi ilə üz-üzədirlər.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR