Onlayn ictimai-siyasi qəzet
18-ci əsrin sonunda iqtisadçı Tomas Maltus proqnozlaşdırıb ki, nəzarətsiz əhali artımı bir gün ərzaq istehsalının imkanlarını üstələyəcək. Bu fikir sonradan "maltusçuluq" adlanan ideoloji istiqamətin əsasını qoydu və bu yanaşma bu günədək aktuallığını qoruyur.
Musavat.com UNİAN-a istinadən xəbər verir ki, xüsusilə indiki dövrdə — Yer kürəsinin əhalisi artıq 8,2 milyardı keçib.
BMT-nin proqnozlarına əsasən, bu rəqəm 2050-ci ilə qədər təxminən 10 milyarda çata bilər. Jeyson Diqan yazır ki, çox zaman bizim ən böyük qorxularımız elm və texnologiyanın inqilabi kəşflərinə ayaq uydura bilmir.
Məsələn, XX əsrdə süni gübrələrin icadı ərzaq qıtlığı ilə bağlı narahatlıqları bir müddət arxa plana keçirdi. İndi isə oxşar vəziyyət yenidən təkrarlana bilər. Bu dəfə söhbət elektrokənd təsərrüfatından gedir.
Hər kəs bilir ki, bitkilərin böyüməsi üçün günəş işığı vacibdir. Lakin alimlər artıq günəşin birbaşa iştirakı olmadan da bu prosesi təmin etməyi bacarıblar.
Bu, tamamilə yeni bir əkinçilik üsuludur: burada bitkilər fotosintezə ehtiyac duymur. Günəş işığının əvəzinə günəş panellərindən alınan enerji ilə həyata keçirilən daha effektiv kimyəvi reaksiya tətbiq olunur. Bu enerji su ilə karbon qazının (CO₂) birləşərək asetat adlı sadə birləşməni yaratmasına sərf olunur. Genetik olaraq dəyişdirilmiş bitkilər isə bu birləşməni mənimsəyərək qida kimi istifadə edə bilir.
Sadə dillə desək, alimlər bitkiləri "tamamilə yeni üsulla qidalanmağa" öyrədiblər. Bu yanaşmanın səmərəliliyi isə doğrudan da heyrətamizdir.
Ənənəvi fotosintez günəş enerjisinin cəmi 1%-ni istifadəyə yararlı enerjiyə çevirə bilir. Elektrokənd təsərrüfatı isə işıq asılılığını aradan qaldıraraq kənd təsərrüfatı üçün torpaq ehtiyacını 94%-ə qədər azalda bilər. Bu isə əvvəllər yararsız sayılan ərazilərdə — səhralarda, şəhər binalarının damlarında və s. — məhsul yetişdirməyə imkan yaradır.
Bundan əlavə, bu üsul əkin üçün istifadə olunan nəhəng sahələrin təbiətin bərpası və ya yaşayış məqsədilə istifadəsi üçün azad edilməsinə şərait yarada bilər. İnsanlıq daha az sahədə daha çox qida əldə edə bilər. Hesablamalara görə, bu metod nəzəri baxımdan 136 milyard insana qədər qida təmin edə bilər. Təbii ki, yaxın gələcəkdə bu qədər insanın mövcudluğu gözlənilmir, lakin bu fakt bu texnologiyanın potensialını göstərir.
Bu inqilabi yanaşmanın əsasını asetat təşkil edir — bəzi mikroorqanizmlərin artıq enerji mənbəyi kimi istifadə etdiyi kimyəvi birləşmə. İndi alimlər bitkiləri də bu maddədən qidalanmağa öyrətməyə çalışırlar.
Adətən, bitkilər böyümənin ilkin mərhələsində, fotosintez başlamadan əvvəl, toxumda toplanmış enerji ilə qidalanırlar. Bioinjenirlər hazırda bu daxili mexanizmləri inkişaf etmiş bitkilərdə də işə salmaq üzərində işləyirlər ki, onlar asetatla qidalana bilsinlər.
İlk təcrübələr ümidvericidir. Məsələn, kahı və pomidor kimi bitkilər yalnız asetatla təkcə sağ qalmayıb, həm də inkişaf ediblər. Əgər bu uğur maniok, şirin kartof və taxıl kimi əsas kalori mənbəyi olan bitkilərlə də təkrarlansa, qlobal ərzaq sistemi tamamilə dəyişə bilər.
Bu metod, həmçinin, havadan asılı olmayaraq, il boyu qapalı və nəzarət olunan şəraitdə ərzaq istehsalına imkan verəcək.
Musavat.com
06 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ