İnsanlara hürriyət, millətlərə istiqlal!

Bunları bilməsəniz, pullarınız OĞURLANACAQ - XƏBƏRDARLIQ

Azərbaycana edilən kiberhücumlar – açıqlanmayan təhlükə

Son illərdə Azərbaycanda kiberhücumların sayı və miqyası əhəmiyyətli dərəcədə artıb. Dövlət qurumları, özəl sektor və sadə vətəndaşlar bu hücumların əsas hədəflərinə çevriliblər. Hücumların məqsədi məlumat oğurluğu, maliyyə fırıldaqları və sistemlərin pozulmasıdır.

Hansı nazirliklərin saytlarına hücum edilmişdi?

2024-cü il ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dövlət qurumlarının informasiya resurslarına qarşı 1069 kiberhücum indikatoru müəyyən edilib və qarşısı alınıb. Bu hücumların 550-si xidmətin apardığı monitorinq nəticəsində, 520-si isə dövlət qurumlarının müraciətləri əsasında müəyyən olunub. Hücumlar əsasən dövlət qurumlarının domenlərinə bənzədilmiş saxta domenlər vasitəsilə həyata keçirilib. Bu tip kiberhücumlar “phishing” (fişinq) üsulu ilə həyata keçirilir və əsas məqsəd istifadəçiləri aldadaraq onların şəxsi məlumatlarını, o cümlədən şifrələrini və maliyyə məlumatlarını ələ keçirməkdir. Saxta domenlər, rəsmi dövlət qurumlarının veb ünvanlarına çox bənzəyir və diqqətsiz istifadəçilər üçün ayırd etmək çətindir.

Onlayn ödəniş saytlarına bənzədilən saytlar da var. Məsələn, “asancerime.com" və “milliodeme.net” kimi saxta 2 saytın yüzlərlə qurbanı var. Guya cəriməni endirimlə ödəmək mümkün olan “asancerime.com” saytı qısa müddət fəaliyyət göstərsə də, yüzlərlə vətəndaşın aldadılmasına səbəb olmuşdu. “Instagram”da reklam yerləşdirib saxta profillərlə, “Sağ olun. Sayənizdə 400 manatlıq cəriməmi 40 manata sildirdim” tipli şərhlər yazaraq inandırıcılığı artırmışdılar. DİN məsələ qarışdı, saytlar yazdılar və bu fırıldağın qarşısı alındı.

Sadə vətəndaşın “hacked” olması neçə saniyə çəkir?

Kibergigiyena qaydalarına riayət etməyən vətəndaşlar haker hücumlarının qurbanına çevrilirlər. 2024-cü il ərzində vətəndaşlardan hakerlərə sızmış dövlət elektron xidmətlərinə aid məxsusi hesablarının sayı ümumilikdə 3,798 olub. Bu, fərdi məlumatların qorunmasının nə qədər vacib olduğunu göstərir. Daxili İşlər Nazirliyinin 2025-ci ilin fevral ayında açıqladığı statistikaya əsasən, 2024-cü ildə Azərbaycanda 16 804 fakt üzrə vətəndaşların bank kartlarından ümumilikdə 22 milyon 442 min 838 manat vəsait oğurlanıb. Bu halların əksəriyyəti xarici kiber müdaxilələrlə həyata keçirilib. Demək olar ki, hər gün vətəndaşlarımızın kartlarından minlərlə manat oğurlanır. Bu, bəzən sadəcə 30 saniyəyə başa gəlir.

Bank kartları və maliyyə təhlükəsizliyi

Kiber hücum sadəcə texniki bilgi ilə olmur. Bu həm də psixoloji hücumdur. Çox vaxt qurbanla danışan zaman fırıldaqçı iki üsul seçir. Qurbana onu müdafiə etdiyini izah edir, buna inandırmağa çalışır. “Kartınıza müdaxilə var, amma qarşısını alacağıq” kimi cümlələr buna nümunədir. İkinci üsul isə psixoloji basqıdır. Bu halda qarşı tərəf qorxudulur, hətta aşağılanır, onu əzir, özünə tabe edir.

Necə müdafiə oluna bilərik?

Kiberhücumların qarşısını almaq üçün aşağıdakı tədbirlərin görülməsi tövsiyə olunur:

  • Güclü şifrələr istifadə edin: Şifrənizin kompleks və təkrarolunmaz olmasına diqqət yetirin. Doğum günü, yadda qalan rəqəmlərdən qaçının. Çünki sosial şəbəkədə bu bilgiləriniz hər kəsə açıq çəkildə görünür. Maksimum 6 aydan bir şifrələrinizi dəyişdirin.
  • İki faktorlu autentifikasiya tətbiq edin: Hesablarınızın təhlükəsizliyini artırmaq üçün bu üsulu istifadə edin. Bunu artıq “whatsapp”da da etmək olur. Beləcə nömrənizi klonlamaq, adınızdan mesaj yazaraq yaxınlarınızı aldada bilməzlər. Hətta nömrəniz başqasının əlinə keçsə belə, kodu bilmədən nömrənizlə “whatsapp” aça bilməyəcək.
  • Şübhəli linklərə keçməyin: Naməlum mənbələrdən gələn linklərə tıklamamaq vacibdir. Hətta yaxınlarınızın adından sizə linklər göndərə bilərlər, ehtiyatlı olun. E-mail vasitəsi ilə şirnikləşdirici təkliflər, işinizlə bağlı gələn materialla bənzər məktublar gələ bilər, faylları yükləmədən qabaq kontrol edin. Bu üsulla 78 min hesab ələ keçirilib. Məşhur “YouTuber” Ruhi Çenetin kanalı bu üsulla ələ keçirilmişdi.
  • Antivirus proqramlarından istifadə edin: Kompüter və digər cihazlarınızı qorumaq üçün etibarlı antivirus proqramları quraşdırın. “Crack” proqramlar istifadə etməyin. Normalda pullu olan bir məhsulu pulsuz verirlərsə qarşı tərəfin orada mütləq marağı olduğunu unutmayın. “Futbol kanallarına pulsuz baxın”, “Filmlər pulsuz” başlığı ilə yayımlanan reklamlardakı linklər, mobil tətbiqlər siz yatanda işləyirlər. Gecə saatlarında, siz yuxuda olanda uzaqdan idarə edilən telefonunuzun ekranı qaralır, kartlarınızda olan pullar sıfırlanır. Siz oyananda artıq gec olur. Pulsuz pendir siçan tələsində olur. “Heç nə olmaz” deməyin, “crack” proqram istifadə edirsinizsə oğru üçün evinizin qapısını açıq qoymusunuz deməkdir.
  • Məlumatlarınızı mütəmadi olaraq ehtiyat nüsxələyin: Əhəmiyyətli məlumatlarınızı itirmək riskini azaltmaq üçün onları mütəmadi olaraq ehtiyat nüsxələyin.
  • Əsas bank kartınıza limitlər qoyun: Kartınıza internet resursları üçün limitlər qoyun. Məsələn, internet alış-verişinə 100 manat yox, 94 manat limit qoyun. Bu, gələcəkdə hansısa hücum zamanı fırıldaqçıların kartınızdan pul çıxarma cəhdlərindən xəbər tutmanıza kömək edəcək. Çünki onlar ilk olaraq böyük məbləğləri yoxlayırlar. Virtual kart alın, onlayn alış-verişlərinizi onunla edin. Balansının ancaq istifadə edəndə artırın. Tanımadığınız nömrılərdən görüntülü zəngləri qəbul etməyin, onlarla ekranı paylaşmayın. Ekran paylaşımı fırıldağı son zamanlarda çox istifadə edilir. Telefona gələn 4 rəqəmli şifrəni bu sayədə onlar görür və balansınızı sıfırlayırlar.

Kiberhücumlar yalnız texnoloji bir problem deyil, həm də milli təhlükəsizlik məsələsidir. Dövlət qurumları və vətəndaşlar bu təhlükələrə qarşı birlikdə mübarizə aparmalı və kibergigiyena qaydalarına ciddi şəkildə əməl etməlidirlər. Nəzərə alın ki, kiberhücumlara qarşı sizi sizdən yaxşı heç kim qoruya bilməz.

Məhəmməd Türkmən
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 May 2025

BÜTÜN XƏBƏRLƏR