Onlayn ictimai-siyasi qəzet
HƏMAS İsrailin Qəzzada hərbi əməliyyatlarını genişləndirmək qərarını dəyərləndirən bəyanat yayıb. Bəyanatda bu qərarın İsrailin girovların vəziyyətinə məhəl qoymaması kimi şərh edildiyi bildirilib.
Musavat.com xəbər verir ki, bəyanatda həmçinin Beynəlxalq Cinayət Məhkəməsinin İsrailin baş naziri Binyamin Netanyahu haqqında həbs qərarına istinad edilərək, İsrail rəhbərliyinin Qəzzada mülki şəxslərə qarşı siyasəti tənqid edilib.
HƏMAS rəsmiləri İsrailin son qərarını regionda humanitar vəziyyəti daha da pisləşdirə biləcək addım kimi qiymətləndiriblər.
"İşğalçı hökumətin Qəzzada quru əməliyyatlarını genişləndirmək planlarının təsdiqlənməsi Qəzza zolağında israilli məhbusların qurban verilməsi ilə bağlı açıq qərardır", - bəyanatda deyilir.
Qeyd edək ki, İsrailin təhlükəsizlik kabineti mayın 5-də Qəzzaya hücumların genişləndirilməsi planını təsdiqləyib.
Plana Qəzzada daha çox ərazinin işğalı və “bufer zonaları”nın genişləndirilməsi daxildir. Plana, həmçinin İsrail ordusunun işğal olunmuş ərazilərdən geri çəkilməməsi və fələstinlilərin məcburi olaraq Qəzzanın cənubuna köçürülməsi də daxildir. Planın təsdiqindən sonra yerli mətbuata açıqlama verən İsrailin ifrat sağçı maliyyə naziri Bezalel Smotriç Qəzzanı daimi olaraq işğal edəcəklərini bildirib.
Bundan başqa, İsrail mediası yazıb ki, ABŞ prezidenti Donald Trampın bu ay Yaxın Şərqə səfərinin sonuna qədər əsir mübadiləsi ilə bağlı razılıq əldə olunmayacağı təqdirdə, ordu Qəzza zolağına genişmiqyaslı hücumlar təşkil etməyi planlaşdıracaq.
Musavat.com
06 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ