İnsanlara hürriyət, millətlərə istiqlal!

İnam Kərimov məhkəmə hakimi olmaq istəyənlərin yolunu açır – mühüm QƏRAR verildi

Tanınmış hüquqşünas: “10 il hüquqşünas ixtisası üzrə işləmiş şəxslər yalnız test imtahanından keçməklə birbaşa hakim təyin edilməlidirlər”

Azərbaycan məhkəmələrində işlərə baxılma müddəti olduqca uzun, keyfiyyət isə olduqca aşağıdır. Bunun obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəb hakimlərin iş yükünün həddindən artıq çox olmasıdır. Elə hakim var ki, il ərzində 1000 işə baxmalı olur. Halbuki, 1 hakimin il ərzində 100 işə baxması da sıradan hal deyil. Vəziyyətin dəyişməsi üçün hazırda müəyyən addımlar atılmaqdadır. Yaranmış durumdan çıxış yolu kimi hakimlərin sayının artırılmasına qərar verilib. Məhkəmə hakimi olmaq istəyənlər üçün imtahanların sayı 6-dan 4-ə endirilib. Bu haqda qərar Məhkəmə-Hüquq Şurasının iclasında qəbul olunub. Qərarla “Vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsi Qaydaları” dəyişikliklər edilib. Bundan sonra hakim olmaq istəyənlər 6 deyil, 4 imtahan verəcəklər. Bu da hakimliyə namizədlər üçün daha əlverişli şəraitin yaradılması deməkdir.

Bu dəyişiklik hansı zərurətdən yaranıb?

CAVAD.jpg (64 KB)

Tanınmış vəkil Cavad Cavadov Musavat.com-a deyib ki, ümumən hər gün məhkəmədə işlərin sayı və bununla bərabər hakimlərin iş yükü ilbəil artır:

“İş həcminin artmasının obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəb əhalinin sayının artması, məhkəmələrin daha əlçatan olmasıdır. Elə məhkəmələr var ki, orada durum çox acınacaqlıdır. Misal üçün, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində iş yükü çox, hakim isə azdır. Həmin məhkəmənin yurisdiksiyasına aid olan işləri faktiki olaraq 3 nəfərdən ibarət bir məhkəmə tərkibi aparır, işlərin baxılması bəzən ildən çox çəkir. Dövlət qurumlarının vətəndaşların müraciətlərinə biganə yanaşması nəticəsində inzibati məhkəmələrin, xüsusən Bakı İnzibati Məhkəməsində hakimlərin iş yükü həddindər artıq çoxdur. Vətəndaşlar üzləşdikləri qanunsuzluqların aradan qaldırılması üçün inzibati məhkəmələrə müraciət edirlər”.

Tanınmış hüquqşünas deyir ki, 1 sentyabr 2023-cü il tarixinə olan məlumata görə, Bakı İnzibati Məhkəməsində qeydə alınmış işlərin sayı 13 min 600-ü keçib: “Bu məhkəmə instansiyasında 10-11 hakim çalışır. Beləliklə hər hakimin icraatında 1000-ə yaxın iş var. İş yükünün çox olması isə işlərin baxılmasına, keyfiyyətinə təsir edir. Son nəticədə bu hal ədalət mühakiməsinin nüfuzuna xələl gətirir. Bunun çıxış yollarından biri hakimlərin sayının artırılmasıdır. Bu səbəbdən hakimlərin seçilməsi prosedurundan imtahan mərhələlərinin sayının 6-dan 4-ə azadlılması müsbət addımdır. Bu prosedur daha da sadələşdirilməlidir. Düşünürəm ki, müəyyən müddət-misal üçün 10 il hüquqşunas ixtisası üzrə işləmiş şəxslər yalnız test imtahanından keçməklə birbaşa hakim təyin edilməlidirlər. Test imtahanından başqa digər mərhələlər obyektiv qiymətləndirilməni əks etdirə bilməz”.

Cavad Cavadov bildirib ki, “Məhkəmə-Hüquq Şurası haqqında” Qanuna edilən son dəyişikliklərdən sonra quruma Ali Məhkəmənin sədri rəhbər gətirildi: “Hakimliyə namizədlər üçün imtahan sayının azaldılması məhz bundan sonra baş verdi. Yəni icra hakimiyyətinin orqanının rəhbəri, konkret halda ədliyyə naziri məhkəmələrdəki durumu əyani olaraq görə bilməzdi. Nəticə də göz qabağındadır. Əsas odur ki, hazırda vəziyyəti dəyişmək üçün gərəkən addımlar atılır və yaxın 1 il ərzində vəziyyətin nisbətən dəyişəcəyini görəcəyik”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR