İnsanlara hürriyət, millətlərə istiqlal!

İmkan versin, Mark Libbinin Azərbaycan dili sevgisinə inanaq!

ABŞ-ın aparıcı media orqanı, Sorosun ruporu olan “Vaşinqton Post” Azərbaycanda demokratiya və insan hüquqlarının, söz azadlığının “təəssübünü çəkir”. Bu təəssübkeşlik əndazəsini aşıb, Sorosun uşaqları ağ etməyə başlayıblar. Dünyanı qəbiristanlığa çevirən “sülh quşları” yenə iş başında...

Əslində onlar Azərbaycanda qurduqları, maliyyələşdirdikləri, dövlətə və xalqa qarşı istifadə etdikləri şəbəkənin, onun bariz mümunəsi olan “Abzas Media”nın ifşa olunmasından və əl-qolunun bağlanmasından narahatdırlar.

Bu şəbəkə dövlətə və xalqa qarşı xəyanət yolunu tutmuş ünsürlərin cəmləşdiyi, çirki şəkildə ABŞ tərəfindən maliyyələşdirilən, çirkli pulların yuyulması üçün istifadə edilən mexanizmdir.

Xatırladım ki, “Abzas Media” saytının direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Abbasova barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.

SEVİNC SON.jpg (28 KB)

ABŞ, Almaniya və Fransanın Azərbaycandakı səfirlikləri “Abzas Media”nın qanunsuz maliyyələşdirilməsində iştirak edib.

Bu barədə ABŞ-ın və Almaniyanın müvəqqəti işlər vəkilləri, habelə Fransanın fövqəladə və səlahiyyətli səfiri ayrı-ayrılıqda Xarici İşlər Nazirliyinə (XİN) çağırılarkən bildirilib.

Bir sözlə, ABŞ öz “qrant şəbəkəsi”nin diktəsi ilə hərəkət edən qullarından məhrum olub.

Azərbaycanın dünyaya səs salan tarixi ZƏFƏRİ Amerikanın yuxusunu əməlli-başlı ərşə çəkib. Körpə, ahıl qatili Ermənistanın qanlı əməllərinə göz yuman ABŞ işini-gücünü atıb, Azərbaycanı izləyir. Bu dəfə “Vaşinqton Post”un qələmi ilə.

Az qala qanla qidalanan, ayaq basdığı yerlərdə insan hüquqlarını çeynəyən, ən eybəcər forma və metodlarla dünyada anarxiya və xaos yayan ABŞ demokratik bir ölkədə qurcalama aparmağa çalışır.

ABŞ Qarabağı azad edən Prezident İlham Əliyevin müstəqil siyasətini həzm edə bilmir və ona qarşı belə çirkin kampaniya, materiallar təşkil edir. Bu, təkcə Prezident İlham Əliyevə qarşı deyil, ümumilikdə Azərbaycan xalqına və dövlətinə qarşı hörmətsizlik, təhqirdir.

Təbii ki, Dövlət Departamentinin bir kabinetində sıravi bir işçinin aldığı tapşırığa uyğun sərgilədiyi cızmaqara Azərbaycanın uğurlarına kölgə sala bilməz.

“Vaşinqton Post” bu gün SSRİ-nin dövründə “Komsomolskaya pravda”, “Pravda” kimi nəşrlərin ənənəsini ən eybəcər formada nümayiş etdirir. Sifarişlə, cibinə işləyərək müxtəlif ölkələrə, xalqlara, ictimai-siyasi xadimlərə, iş adamlarına çirkab atır. Lakin Azərbaycan ona qarşı aparılan bütün təxribatları bu günədək darmadağın edib, bu gündən sonra da belə olacaq.

MESAJ XANKENDİ.jpg (289 KB)

Divar kağızı ənənəsini yaşadan təxribat mexanizmi məhvə məhkumdur.

Yaxşı olardı ki, öz Səfirliyinin dili ilə “Biz ABŞ-Azərbaycan münasibətlərini inkişaf etdirmək, regionda davamlı və uzunmüddətli sülhə doğru çalışmaq üçün işə başlamağı səbirsizliklə gözləyirik” deyən Amerika ikiüzlü siyasətindən çəkinərək öz yerində oturmağı öyrənsin.

İmkan versin, Mark Libbinin Azərbaycan dili sevgisinə inanaq!

LİBBİ.jpg (240 KB)

“Vaşinqton Post”un Azərbaycanla bağlı “təəssübü”nə münasibət bildirən politoloq İlyas Hüseynov Musavat.com-a açıqlamasında deyib ki, həmin məqalə sifarişlidir:

“Belə görünür ki, ABŞ-da bəzi dairələr həm yeni geosiyasi reallıqları qəbul etmək istəmirlər, həm də əllərində olan təsir mexanizmləri, təzyiq rıçaqları ifşa olunduqdan sonra narahatdırlar. “Abzas Media” və digər bu kimi qurumların iç üzü və destruktiv fəaliyyəti aşkara çıxdıqdan sonra bu cür qarayaxma kampaniyalarına start veriblər.

ilyas 1.jpg (33 KB)

Prezident İlham Əliyev müstəqil xarici siyasət yürüdür. Xalqın maraqlarını ifadə edir və fəaliyyətində ən başlıca prinsip milli maraqlardır. Məhz milli maraqların təminatı istiqamətində Qarabağ və Şərqi Zəngəzur işğaldan azad olunub. Qarabağın və Şərqi Zəngəzurun dünyanın ən gözəl, çiçəklənən bölgələrindən birinə çevrilməsi baş verir. Belə görünür ki, “Vaşinqton Post” ABŞ-dan bir təzyiq elementi kimi istifadə edərək sifarişli yazılar dərc edir. Digər tərəfdən, bu, azad mediaya qarşı da destruktiv yanaşmanı əks etdirən media qurumudur. Nüfuzlu iş adamlarına, ictimai-siyasi xadimlərə çirkab atır və bununla müəyyən konyuktur dairələrin, marginal şəxslərin maraqlarını ifadə edir. Şübhə etmirəm ki, bu yazının arxasında da erməni lobbisi dayanır. Erməni dairələri, Azərbaycan liderinə qarşı bütün gücünü səfərbər etmiş qüvvələr bu gün bu cür yazıların dərc olunmasında maraqlıdırlar.

Belə görünür ki, bu, həm də ABŞ-Azərbaycan münasibətlərinə mənfi təsir göstərir. Bu media qurumları bu cür yazıları dərc etməzdən əvvəl Azərbaycanın beynəlxalq sülhə və təhlükəsizliyə verdiyi töhfəni nəzərə almalı, Azərbaycanın enerji təhlükəsizliyində oynadığı rolu qiymətləndirməli və birbaşa olaraq Prezident İlham Əliyevin sülhə verdiyi önəmli faydaları qiymətləndirməlidirlər. Əks halda bu ikiüzlü və ədalətsiz yanaşma Bakı ilə Vaşinqton arasında münasibətlərə də kölgə sala bilər. ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Mark Libbi ilk açıqlaması ilə münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu göstərdi. Ümid edirəm ki, məhz hazırkı səfirin fəaliyyəti nəticəsində ABŞ-Azərbaycan münasibətləri inkişaf edəcək və heç bir narahatlığa əsas olmayacaq.

Ancaq istənilən halda bu cür qərəzli yanaşmalara son qoyulmalıdır. Bir daha bu cür həqiqətdən uzaq fikirlər əsasında formalaşan məqalələr və yazılar dərc olunmamalıdır”.

Aytən Novruz
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR