İnsanlara hürriyət, millətlərə istiqlal!

İlon Maskın adamları Bakıda - internetin qiymətini onlar qaldırıb?

“Starlink”in Azərbaycanda 50 Mbit/s-dən 500 Mbit/s-ə qədər internet sürətini təmin edəcəyi gözlənilir, amma...

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev  İlon Maska məxsus “Starlink” şirkətinin Bakıda səfərdə olan qlobal lisenziyalar və yeni bazarlar üzrə direktoru Rebekka Slik Hanter ilə görüşüb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verilən məlumata görə, görüşdə “Starlink” genişzolaqlı peyk internet xidmətinin Azərbaycanda tətbiqi məsələləri müzakirə olunub. Müzakirələr yüksəksürətli, aşağı gecikmə müddəti olan internetin ənənəvi xidmətlərin hazırda məhdud olduğu ucqar ərazilərə və tranzit xətlərinə genişləndirilməsi ətrafında aparılıb. Bu, Azərbaycanın Kosmik Agentliyi olan “Azərkosmos” və SpaceX-in “Starlink” şirkəti arasında 9 may 2023-cü il tarixində imzalanmış reseller müqaviləsindən sonra baş verir. Müqavilə “Azərkosmos”a bütün ölkə ərazisində “Starlink” peyk internet xidmətlərini təklif etməyə imkan verir.

Tərəfdaşlıq “SpaceX”in prezidenti və baş əməliyyat direktoru Qvin Şotvellin iştirak etdiyi imzalanma mərasimində açıqlanıb.

Artıq Azərbaycanda sınaqdan keçirilmiş “Starlink” xidmətləri axın ötürülməsi, onlayn oyun və video konfrans kimi fəaliyyətləri dəstəkləməyə yönəlib.

Bu xidmətlərin həmçinin dəniz və quru əraziləri və məlumat mərkəzləri də daxil olmaqla, kifayət qədər xidmət göstərilməyən bölgələrdə əlaqəni yaxşılaşdıracağı gözlənilir.

2023-cü ilin noyabrında “Starlink Azerbaijan”ın törəmə şirkəti Bakıda qeydiyyatdan keçərək fəaliyyətə rəsmi start verib. Bununla belə, ölkədə “Starlink” xidmətlərinin tam aktivləşdirilməsi hələ də tənzimləyici orqanların təsdiqindən asılıdır.

“Starlink”in Azərbaycanda 50 Mbit/s-dən 500 Mbit/s-ə qədər internet sürətini təmin edəcəyi gözlənilir ki, bu da yükləmə sürətinin adətən 25 Mbit/s-dən 100 Mbit/s-ə qədər olduğu digər regionlarda müşahidə olunan sürətlərlə müqayisə oluna bilər.

Xidmətin qiymətlərinin fərqli olacağı gözlənilir: Baza paketləri standart buraxılış zolağına giriş üçün ayda 90 dollardan başlayacaq və daha yüksək sürət tarifləri üçün ayda 5000 dollara qədər qalxacaq.

“Starlink” xidmətlərinin ilkin olaraq 2023-cü ilin dördüncü rübündə Azərbaycan vətəndaşları üçün əlçatan olacağı gözlənilirdi. Lakin bu müddət 2024-cü ilə qədər uzadılıb və daha çox gecikmələr mümkündür.

“Turan”ın iddiasına görə, Azərbaycan hökuməti “Starlink”in tətbiqinə ehtiyatlı yanaşır, diqqətini yerli yayım üçün eksklüzivlik hüququnun təmin edilməsinə yönəldib və kənar subyektlərin ölkədə “Starlink” əməliyyatlarını idarə etməsinə mane olur.

Elvin Abbasov: “Kibertəhlükəsizliklə bağlı məsələyə kompleks yanaşma  olmalıdır” | 1news.az | Xəbərlər

Elvin Abbasov 

“Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası”nın (AİKTSA) İdarə Heyətinin sədri ekspert Elvin Abbasov “Yeni Müsavat”a deyib ki, bütün ölkələrdə bir neçə seçimlə internetin qiyməti təklif olunur: “Burada geniş zolaqlı, yəni fiber optik internet üzərindən edilir. Digəri isə ”Starlink" kimi peyk internetidir, burada da bir neçə seçim var, yalnız “Starlink” deyil.  Həmçinin mobil internet kimi başqa yanaşmalar da var. Ümumiyyətlə internet infrastrukturunda yüksək sürətli internet anlayışı 5 Mbit/s-in üzərindən başlayır. Yüksək sürətli internet dedikdə 25 Mbit/s-in üstü nəzərdə tutulur. Analoji təcrübələrə, misal üçün Avropa, qonşu ölkələrə baxanda 100 Mbit/s-dən təkliflər başlayır. Azərbaycan da aşağı limit paketi olaraq 100 Mbit/s-i tətbiq etməyi düşünür. Azərbaycanda buna qərar verən qurum yoxdur. Bu, dövlət və özəl provayderlərinin ortaq qərarının nəticəsidir ki, digər ölkələrlə balanslaşmış olaraq100 Mbit/s təklif olunsun. Azərbaycanda “Starlink” xidməti test olunub, artıq test uğurla yekunlaşıb. Sadəcə xidmətin başlaması aidiyyəti qurumların birgə səyləri nəticəsində yaxın zamanda gözlənilir. Qiymətin müəyyən edilməsi ilə bağlı məndə məlumat yoxdur. Məncə, Azərbaycan üçün qiymət tam müəyyən olunmayıb. Çünki “Starlink”in Azərbaycanda qiymət siyasətinin olduğunu görürük. Adətən bir çox ölkələrdə ümumilikdə 90 dollar olaraq tətbiq edilir. Ümumiyyətlə, internet xidmətlərinin istifadə coğrafiyası fərqlidir. Məsələn, əgər hər hansı yaşayış massivinin internetə çıxışını təmin etmək istəyiriksə, burada fiberoptik xətlərin çəkilməsi hamı üçün sərfəlidir. Fiberoptik kabellər kifayət qədər investisiya tələb edən, bahalı infrastruktur olmasına baxmayaraq, hər hansı yaşayış massivində fiberoptik kabellərin çəkilməsinə investisiya qoymaq çox məntiqlidir. Ancaq, tutaq ki, yaşayış olmayan ərazidə, dağların arasında meliorasiya xidməti göstərən bir qurumun obyekti yerləşir. Elektron idarəetmə həmin qurğunun avtomatlaşdırılmasını tələb edir. Həmin əraziyə bir obyektə görə bahalı fiberoptik internet xəttinin çəkilməsi çox məntiqsiz olardı. O bölgələrdə CSM operatorlar da ötürücü qüllə quraşdırmaqda maraqlı deyillər. Buna görə də bir çox ərazilərdə avtomatlaşdırma problemli işdir. “Starlink” artıq bütün bu problemləri həll etməyə imkan verəcək. Peyk vasitəsilə yaşayış yerlərindən kənar, yüksək dağlıq ərazilərdə, yaxud xüsusi yerlərdə tikilən obyektlərə birbaşa internet verilə bilər. Bunun üçün əlavə infrastruktura ehtiyac yoxdur. Bəzi məkanlarda hansısa layihə çərçivəsində işlər aparılarkən “Starlink”lə müddətli internet verilişi mümkündür. Tutaq ki, ucqar bir kənddə və ya dağda tədqiqat işləri aparılır. İşlər gedən müddətdə həmin məkan internetlə təmin olunacaq. Layihə başa çatdıqdan sonra intermetə ehtiyac olmadıqda isə ötürmə dayandırılacaq. Bu, xərclərin optimallaşdırılmasına xidmət edəcək".

O ki qaldı qiymət siyasətinin formalaşmasındakı digər amillərə, ekspert əlavə edib ki, Azərbaycanda özəl və dövlət provayderləri öz büdcələri hesabına geniş internet infrastrukturunu öz daxili büdcələri hesabına yaradıb: “Onlar da bu istiqamətdə öz planlamalarını çıxarıblar. Qiymətlərlə bağlı iddialar o qədər də təcrübəyə əsaslanmır.  Azərbaycandakı qiymət siyasətinin formalaşması kənar amillərə söykənmir. Amma alt limitin 100 Mbit/s təyin olunması dünya təcrübəsinə əsaslanır. Qiyməti da ararşdırmaq olar. Bəzi ölkələrdə 100 Mbit/s çox bahadır. Misal üçün, Niderland, Avropa ölkəsidir, qiymət çox yüksəkdir. Qonşu ölkələrdə isə demək olar ki, qiymət bizimlə eyni balansdadır. Daha aşağı qiymətlər də bir neçə Avropa ölkəsində tətbiq olunur. Biz Türkiyə, Gürcüstan modeli ala bilərik, oradakı qiyməti müşahidə edə bilərik ki, bizdən yuxarı deyil”.

Osman Gündüz — Vikipediya

Osman Gündüz 

Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz hesab edir ki,  “Starlink” peyk operatorunun ölkəmizdə fəaliyyətə başlaması istiqamətində RİNN və “Azərkosmos”un addımları təqdirəlayiqdir: “Hədsiz ucqar ərazilərə keyfiyyətli internet üçün bahalı infrastruktur qurmaq əvəzinə, alternativlərə üstünlük vermək məntiqlidir. ”Starlink" internet xidməti yetərincə baha olduğundan güman ki, bu xidmət daha çox korporativ sektor, işğaldan azad olunan ərazilər və ənənəvi internet bağlantıların əlçatan olmadığı ərazilər üçün cəlbedici olacaq.

Xatırladıram ki, müharibə şəraitində olan Ukrayna bu peyk operatorunun imkanlarından yetərincə bəhrələnmişdi.

İstənilən halda, alternativ bir internet xidməti olaraq “Starlink”in ölkəmizə gəlişi yetərincə faydalıdır.

Düşünmək olar ki, “Azərkosmos” bu əməkdaşlıq çərçivəsində yeni istehsal olunacaq peyklərin də “SpaceX” vasitəsilə orbitə qaldırılmasını nəzərdə tutub.

Daha öncə də “Azərkosmos” rəhbərliyi belə bir əməkdaşlıq üzərində çalışdıqlarını bildirmişdi. Fikrimcə, son illərin də təcrübəsi göstərir ki, əlçatanlıq, qiymətlərin sərfəli olması və daha müasir həllər baxımından “SpaceX” şirkəti ilə əməkdaşlıq əhəmiyyətlidir və doğru seçimdir.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR