İnsanlara hürriyət, millətlərə istiqlal!

Büdcə artımı hansı mənbələrdən formalaşacaq – TƏHLİL

Milli Məclis gələn il üçün dövlət büdcəsi layihəsini birinci oxunuşda qəbul edib. Layihəyə əsasən 2025-ci ildə dövlət büdcəsinin gəlirləri 38 milyard 316 milyon manat həcmində olacaq. Bu, 2024-cü ilə nisbətən 5,3 faiz çoxdur.

Gələn il dövlət büdcəsinin xərcləri isə 41 milyard 367,6 milyon manat və ya 2024-cü ilə nisbətən 4,1faiz çox olacaq.

Büdcə gəlirlərində proqnozlaşdırılan artıq gəlirlər hansı mənbələrdən təmin ediləcək? Gələn ilin büdcəsində nəzərdə tutulan 3 milyard 51,6 milyon manatlıq kəsir necə bağlanacaq?

Açıqlanan büdcə layihəsindən aydın olur ki, gələn il büdcənin bir sıra gəlir mənbələri üzrə daxilolmalarda artım, bəzilərində isə azalma gözlənilir. Belə ki, 2025-ci il üçün hüquqi şəxslərin mənfəət vergisinin az proqnozlaşdırılmasının dövlət büdcəsinin gəlirlərinə azaldıcı təsirinin Dövlət Neft Fondundun transferti, aksiz, ƏDV, fiziki şəxslərin gəlir vergisinin artırılması ilə kompensasiya edilməsi nəzərdə tutulub. Belə ki, gələn il fiziki şəxslərin gəlir vergisi üzrə büdcə daxilolmalarının həcmi 1 milyard 989,0 milyon manat proqnozlaşdırılır ki, bu da 2024-cü ildəkindən 9,9 faiz və ya 179 milyon manat çoxdur. Bu gəlir mənbəsi üzrə daxilolmaların çox olmasında minimum əmək haqqında nəzərdə tutulan artımın mühüm rolu olacaq. Məlumdur ki, yanvar ayından ölkədə minimum əmək haqqı məbləğinin 400 manata çatdırılması nəzərdə tutulur. Bu isə gəlir vergisi hesablanan əmək haqqı fondunda ciddi artıma səbəb olacaq.

Hesablama Palatasının büdcə layihəsinə rəyinə görə, bu tədiyə növü üzrə proqnozlaşdırılan daxilolmaların 89,8 faizi və ya 1786,3 milyon manatı muzdlu işlə əlaqədar gəlir vergisi üzrə müəyyən edilib ki, bu da cari illə müqayisədə 162,7 milyon manat və ya 10 faiz çoxdur. Maliyyə Nazirliyinin büdcə layihəsinə dair izahatında iqtisadi təsnifata uyğun olaraq 2025-ci il dövlət büdcəsində əməyin ödənişi xərclərinə 2024-cü illə müqayisədə 762,5 milyon manat və ya 8,5 faiz çox olmaqla 9 milyard 704,1 milyon manat nəzərdə tutulub. Palata hesab edir ki, bu, büdcənin ümumi gəlir vergisi üçün proqnozunun icrası üzrə risklərin minimallaşdırmasına xidmət edəcək.

Büdcə təşkilatlarında işləyənlərin muzdlu işlə əlaqədar əldə etdikləri gəlirlərindən gəlir vergisi üzrə 2025-ci ilin proqnozu 2024-cü illə müqayisədə 70,0 milyon manat artımla nəzərdə tutulub. Bundan əlavə, gələn il ölkə üzrə minimum aylıq əməkhaqqının 55,0 manat artırılaraq 400,0 manata çatdırılması neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyiciləri istisna olmaqla, digər vergi ödəyiciləri üzrə muzdlu işlə əlaqədar gəlir vergisinin artımına səbəb olacaq.

Növbəti ilin büdcəsində neftin dünya bazar qiyməti 2024-cü ildəki 75 dollardan 5 dollar aşağı 70 dollar hesablanıb. Buna görə də əsasən Azərbaycan neft-qaz sektorunda fəaliyyət göstərən xarici şirkətlərin ödəmələrindən formalaşan hüquqi şəxslərin mənfəət vergisi üzrə gəlir proqnozu bu ilkindən 6,2 faiz və ya 418,6 milyon manat az – 6 milyard 344 milyon manat müəyyənləşdirilib. Nəzərə alsaq ki, 2025-ci il üçün demək olar ki, bütün analitik mərkəzlər tərəfindən neftin orta bazar qiyməti 75 dollardan yuxarı proqnozlaşdırılır, onda bu mənbə üzrə dövlət büdcəsinə daxilolmaların proqnozdan artıq olacağını gözləmək olar.

Gələn ilin büdcəsində hüquqi şəxslərin torpaq vergisi proqnozu bu ilki ilə müqayisədə 5,5 faiz və ya 2,7 milyon manat az olmaqla 46,7 milyon manat, hüquqi şəxslərin əmlak vergisi 27,9 milyon manat və ya 7,7 faiz çox olmaqla 392,6 milyon manat, əlavə dəyər vergisi üzrə 2,7 faiz və ya 222,3 milyon manat çox olmaqla 8 milyard 326,2 milyon manat, ölkəyə malların idxalına görə hesablanan əlavə dəyər vergisi üzrə 2,5 faiz və ya 112 milyon manat çox olmaqla 4 milyard 568 milyon manat, sadələşdirilmiş vergi üzrə 8,6 faiz və ya 32 milyon manat çox olmaqla 405 milyon manat, aksizlər üzrə proqnoz 18,5 faiz və ya 287,7 milyon manat çox olmaqla 1 milyard 840,7 milyon manat, yol vergisi üzrə proqnoz 12,1 faiz və ya 15,4 milyon manat çox olmaqla 142,8 milyon manat

AR-da istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən yığımlar üzrə 20,6 faiz və ya 43 milyon manat az olmaqla 166 milyon manat, dövlət rüsumlarından 8,6 faiz və ya 31 milyon manat çox olmaqla 390 milyon manat, gömrük rüsumları üzrə 3 faiz və ya 53 milyon manat çox olmaqla 1 milyard 810 milyon manat, Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə 9,7 faiz və ya 54 milyon manat çox olmaqla 612,2 milyon manat, Dövlət Neft Fondundan transfert 13,3 faiz və ya 1 milyard 700 milyon manat çox olmaqla 14 milyard 481 milyon manat, Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar üzrə 1,1 faiz və ya 9 milyon manat çox olmaqla 840 milyon manat, Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fondları üzrə daxilolmalar üzrə 68,5 faiz və ya 24,9 milyon manat çox olmaqla 61,2 milyon manat nəzərdə tutulur.

Hesablama Palatası apardığı təhlillərlə növbəti ildə bəzi tədiyələr üzrə proqnozların icrasında risklərin olmayacağı halda, bəzi mədaxil mənbələri üzrə proqnozların optimist ssenari əsasında tərtib edildiyi qənaətinə gəlib: “Növbəti ildə vergi gəlirlərinə azaldıcı təsir əsasən hüquqi şəxslərin mənfəət vergisindən formalaşıb. Növbəti ilin makroiqtisadi proqnozları, o cümlədən neft-qaz sektorunda hasilatın və qiymətlərin nəzərə alınması şəraitində hüquqi şəxslərin mənfəət vergisi üzrə daxilolmaların cari ilin proqnozuna nisbətən 418,6 milyon manat və ya 6,2 faiz az olacağı və 6 milyard 344 milyon manata enəcəyi proqnozlaşdırılıb. Müvafiq vergi növü üzrə proqnozun 65 faizi və ya 4 milyard 123 milyon manatı qeyri neft-qaz sektoru üzrə nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 408,0 milyon manat və ya 11 faiz çoxdur. Mənfəət vergisinin 35 faizi və ya 2 milyard 221 milyon manatı neft-qaz sektoru üzrə müəyyən edilib. Bu, cari illə müqayisədə 826,6 milyon manat və ya 27,1 faiz azdır. Qanun layihəsinə dair izahata əsasən, bu azalma Hasilatın Pay Bölgüsü sazişləri çərçivəsində 2025-ci ildə Azəri-Çıraq-Günəşli layihəsi üzrə neft hasilatının 1,8 milyon barel azalması, Şahdəniz layihəsi üzrə qazın orta satış qiymətinin cari il üzrə gözləniləndən 10,3 faiz az olmaqla hesablanması ilə bağlıdır”.

Gələn ilin dövlət büdcəsində Azərbaycanın ikinci əsas ixrac məhsulu olan təbii qazın qiymətinin 2024-cü ildəkindən az götürülməsinə rəğmən Avropanın qaz bazarında gedən proseslər göstərir ki, 2025-ci ildə qiymətlərin artımın şərtləndirən amillər daha çoxdur. Havaların sərt keçməsi fonunda Avropanın qaz anbarları sürətlə boşalır, artıq onlardakı ehityatların həcmi 96 faizə qədər azalıb. Daha sərt havaların qarşıda olduğunu nəzərə alsaq, 2025-ci ilin yazın Avropanın keçən ilkindən kəskin az ehtiyatlarla çıxacağı heç kimdə şübhə doğurmur. Bu isə gələn il anbarlarda zəruri ehtiyatların yaradılması üçün daha çox qaz alınmasını tələb edəcək. Asiyada qaza tələbatın sürətlə artdığı bir dövrdə Avropanın alış ehtiyaclarının yüksəlməsi qaz qiymətlərinin ən azı 2024-cü ildəkindən aşağı olmayacağından xəbər verir. Buna görə də Azərbaycanın dövlət büdcəsinin neft-qaz sektorundakı xarici şirkətlərin ödəyəcəyi mənfəət vergisi üzrə gəlirlərinin layihədə nəzərdə tutulandan çox olacağı daha realdır.

Onu da qeyd edək ki, hökumət növbəti il 3,1 milyard manat proqnozlaşdırılan büdcə kəsirinin 1,8 milyard manatının daxili dövlət borclanması hesabına maliyyələşdirilməsini nəzərdə tutur.Hesablama Palatası bu yanaşmanı riskli hesab edir: “Dövlət istiqrazları hesabına daxili borcun artımı davam etməkdədir ki, bu da özündə faiz xərclərinin artması ilə bağlı faiz riski, borcun yenidən maliyyələşdirilməsi zərurətindən irəli gələn təkrarmaliyyələşmə riski, maliyyə bazarlarında kifayət qədər vəsait cəlb etməklə əlaqəli likvidlik riskinin aktuallaşmasının göstəricisidir. Borca xidmət üzrə faiz xərclərinin ötən illə müqayisədə 308 milyon manat çox nəzərdə tutulması, daxili borc portfelində müşahidə edilən qısamüddətli borcların üstünlük təşkil etməsi, dövlət istiqrazlarının orta gəlirlilik dərəcəsindəki fərqli dinamika bu risk amilininin xüsusi diqqətdə saxlanılmasının vacib olduğunu göstərir.

Cari ilin 10 ayının icra göstəricisinə əsasən dövlət büdcəsinin gəlirləri xərcləri 3 milyard manat üstələyir ki, bu da büdcədə ilin sonuna əhəmiyyətli qalıq vəsaitlərin yaranması gözləntilərini formalaşdırır. Təklif edirik ki, vaxtı çatmış öhdəliklərin birbaşa sərbəst qalıq hesabına ödənilməsi ilə bağlı icra mexanizmi yaradılsın. Bununla yanaşı, profisitli büdcə şəraitində borclanmadan istifadə edilməməsinə və monetar siyasətin hədəfləri nəzərə alınmaqla qısamüddətli istiqrazların vaxtından əvvəl investorlardan geri alınması məsələsinə də baxıla bilər. Qeyd olunan bu hallar dövlət borcunun həcminin azaldılması ilə yanaşı, növbəti illərdə faiz xərclərinin əhəmiyyətli dərəcədə artımının qarşısının alınmasına imkanlar yaradar”.

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR