İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat: “Ölən şəxsin pensiya vəsaiti ailəsinə verilməlidir”

Deputat Arzuxan Əlizadə Milli Məclisin bu gün keçirilən plenar iclasında 2025-ci ilin büdcə zərfinin müzakirəsi zamanı çıxış edərək bəzi vacib məsələlərə toxunub.

Musavat.com-un məlumatına görə, A.Əlizadə bildirib ki, dünyasını dəyişən şəxsin pensiya fonduna yığılmış vəsaiti onun ailə üzvlərinə verilməlidir:

“Şəxs dünyasını dəyişirsə, onun pensiya fondunda yığılmış vəsaitinin vərəsəlik əsasında ailə üzvlərinə verilməsi qanunvericilikdə öz əksini tapmalıdır. Hazırda əmək müqaviləsi olan işləyənlərin, eləcə də reallıqda olduğundan aşağı əməkhaqqı fiksə olunmaqla bir çox hallarda əlavə ayırmalar olmasın deyə minimum əməkhaqqı göstərilməklə işləyənlərin sayı kifayət qədər çoxdur. Bundan əlavə, bir sıra sahələr üzrə mütəxəssislərin pensiyaya çıxmasında könüllülük prinsipi tətbiq olunmalıdır. Xüsusilə, 65 yaşlı həkim və müəllimlərin mütləq şəkildə pensiyaya çıxması şərtləndirilməli deyil. 65 yaşına çatmış müəllim və həkimlərin mövcud təcrübəsindən yararlanmaq əvəzinə, onları təqaüdə göndərmək nə dərəcədə faydalı və ədalətlidir?”

Deputatın fikrincə, yaxşı olardı ki, müəllim və həkimlərə ən azından 70 yaşa qədər öz istəyi əsasında işləmək imkanı verilsin:

“Onsuz da bu kateqoriyadan olan şəxslər 70 yaşına qədər hər il müəssisə rəhbəri ilə bir illik müqavilə bağlamaqla işdə qala bilirlər. Bu amil özü də bir sıra neqativ hallara səbəb olur”.

A.Əlizadə hökumətə xitabən müəllimlərin və həkimlərin təqaüdünün artırılmasını da zəruri sayıb. Bildirib ki, onların təqaüdü çox azdır və heç dərman almağa çatmır: “Əvvəlki illəridə mövcud olmuş az məvaciblə təqaüdə çıxan müəllimlər və həkimlər aldıqları məvacib müqabilində olduqca az təqaüd alırlar. Hər iki həssas qrupun təqaüdlərini artırmağa ciddi ehtiyac var”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR