İnsanlara hürriyət, millətlərə istiqlal!

“İlin anti-qəhrəmanı”

Paşinyan “Time” jurnalı üçün də, dünya üçün də kiçik fiqurdur, amma bu il özündə Azərbaycanla sülh müqaviləsini imzalamaq cəsarəti tapsaydı, onun da adını haradasa ön səhifələrə yazmaq olardı, indi isə...

“Time” jurnalı ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampı “ İlin adamı” elan etməsi ədalətli seçimdir. İl ərzində Trampın başına gəlməyən iş qalmadı- məhkəmə, həbs təhlükəsi və nəhayət, prezident kürsüsü...

Ermənistanın baş naziri Nikol Paşinyan “Time” jurnalı üçün də, dünya üçün də kiçik fiqurdur, amma bu il özündə Azərbaycanla sülh müqaviləsini imzalamaq cəsarəti tapsaydı, onun da adını haradasa ön səhifələrə yazmaq olardı. İndi isə heç bir tərəddüd və şişirtmə etmədən Qafqazda Paşinyana “ilin anti-qəhrəmanı” adı vermək olar... 

Screenshot_2.png (163 KB) 

Paşinyanın sülh müqaviləsi imzalamayacağı haqda ilin əvvəlindən proqnozlarımızı yazırdıq. Prezident İlham Əliyevin də açıqlamalarında bu əsnada xüsusi ümidi yox idi, bunu hələ yanvarda Azərbaycan televiziyalarına müsahibəsində də demişdi: “Əgər razılığa gəlsək, sülh müqaviləsi imzalanacaq. Əgər razılığa gəlməsək, deməli, ya danışıqlar davam etdiriləcək, ya danışıqlar dayandırılacaq. Hər iki variant da mümkündür”.

Ermənistanın baş naziri sülh müqaviləsi imzalamaq vədi verə-verə ili başa vurdu, nəhayət bugünlərdə “konstitusiya dəyişikliyi etməyəcəyik” deməklə, faktiki sazişdən imtina etdi. Azərbaycan bu imtinadan heç nə itirmədi. Çünki status-kvo yoxdur və Qarabağda suverenliyimiz tam bərpa olunub. 

eef588391edee0be20fdd25175717f14.jpg (154 KB) 

Sülh müqaviləsi əlbəttə ki, çətin prosesdir. Orta və yaşlı nəsil bu münaqişənin son 30- 35 ilini yaşayıb, amma bu düşmənçiliyin kökü XX əsrin əvvəllərinə uzanır, ona görə də indi o vaxta aid də xəritələr ortaya çıxır, mübahisə doğuran ərazilər məsələsi gündəmə gəlir. Biz ötən əsrin əvvəllərində baş verən qırğınlardan gec xəbər tutmuşuq, şahidləri isə artıq bu dünyada yoxdurlar. Son 35 il və iki Qarabağ müharibəsi isə qəlbimizdə elə yaralar açdı ki, qaysaqlaması çətindir. Amma biz bundan sonra sülh istəyirik, dövlətin siyasəti də budur. Amma biz sülh üçün minnət etmirik və etməyəcəyik də!

Azərbaycan dövlət olaraq dağılmaq həddinə gələndə atəşkəsə məcbur oldu. Bu zaman fasiləsi bizə çox gərək oldu- ordu quruldu, dövlət gücləndi. Ermənilər və havadarları o zaman Azərbaycanı sülhə məcbur etmək istədilər. Biz də təklif olunan ən müxtəlif “sülh planlarında” diplomatik gedişlər etdik, yenə zaman qazandıq. Bizə təklif olunan “sülh müqaviləsi” ömrümüz boyu silə bilməyəcəyimiz ləkə olardı. İndi ermənilər də prinsipcə, eyni taktikanı edirlər, təməlli sülhdən yayınmaq üçün hər cür bəhanədən yararlanırlar. Amma anlamırlar ki, Azərbaycana alçaldıcı sülh şərtlərini yeritmək ayrı, bizim indi Ermənistana şərtlərimiz tam fərqli hadisədir. Çünki biz Qarabağın itirilməsini ehtiva edən hər hansı saziş imzalasaydıq, gələcək nəsil bizim gorumuza söyərdi ki, dədə- baba torpaqlarımızı necə düşmənə vermək olardı? Paşinyan gələcək nəslin onun yeddi arxa dönənini Azərbaycanla sülh sazişinə görə qəbirdən çıxaracağından ehtiyat edir. Amma bu saziş erməni xalqının tarixində nəyi kölgələyə bilər ki? Biz Şuşasız yaşamağı ar bilirdik, Paşinyan isə oranı “darıxdırıcı şəhər” hesab edirdi. Xankəndinin, Hadrutun xiffətini çəkən ermənilər yəqin var, amma bu torpaqların onlara məxsus olduğunu göstərən bir arayışları belə yoxdursa, nədən narahatdırlar, gələcək nəslin hansı tarixi ittihamdan qorxurlar? Bu səbəblərdən Azərbaycanla sülh müqaviləsi onlara ağır gəlməməlidir. Əksinə, çalışmalıydılar ki, bu düşmənçiliyi heç olmaza Ermənistandakı “Z” nəslinə saxlamasınlar, heç olmasa onlar bu regionda qonşuları ilə dinc, müharibəsiz şəraitdə yaşasınlar.

Bizə qarşı ərazi iddialarını sırtıqca konstitusiyalarında saxlamaq istəyirlər və buna yüz cür “hüquqi izahat” verməyə çalışırlar. Bəllidir ki, ermənilər yenə boş xəyallarla “gələcəyə” ümid edirlər. Bizi yaşadan o ümid idi ki, tarixi torpaqlarımıza geri qayıtmaq istəyirdik, bəs, ermənilər millət olaraq nəyə ümid edib sülh sazişindən qaçırlar ki? Azərbaycan indən sonra torpaqlarından bir qarış belə nə erməniyə, nə başqasına verəsi deyil.

o4gmkakpzch4e6ej3h8823n44ywdv2ne.jpg (164 KB)

Sülh sazişi imzalamamaqla Ermənistan bölgədə əvvəlki “tayqulaq imicində ” qalacaq. İndi ağalarının adları və əmr verənlərinin dilləri dəyişib. Amma o dil də onları yaxşı yola dəvət etmir.

Sülh müqaviləsi heç də təhlükəsizlik üçün təminat deyil, hələ imza atanlardan biri erməni olacaqdırsa...Ona görə Roma səlnaməçisinin məşhur deyimini yenə unutmayaq: “Si vis pacem, para bellum”- “Sülh istəyirsənsə, müharibəyə hazır ol...”


Nazim Sabiroğlu,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Dekabr 2024

12 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR