Onlayn ictimai-siyasi qəzet
Bakı Ağır Cinayətlər Məhkəməsində "TikTok"da əxlaqsızlığın təbliğinə qarşı keçirilən əməliyyatlar zamanı həbs olunmuş şair İlhamə Elşadqızının cinayət işi üzrə məhkəmə prosesində hökm oxunub.
Musavat.com xəbər verir ki, sentyabrın 24-də hakim Anar Sadıqovun sədrlik etdiyi proses sənədlərin tədqiqi ilə davam etdirilib.
Hakim işdə olan sənədləri elan edib. Məlum olub ki, İlhamə Elşadqızı narkomaniyadan əziyyət çəkmir. Bununla bağlı cinayət işində arayışın mövcud olduğu qeyd edilib.
Prosesdə İlhamə Elşadqızının evində əməliyyat zamanı aparılan çəkiliş nümayiş etdirilib. Çəkiliş zamanı ona deyilib ki, evində külli miqdarda narkotik vasitə saxlayır, hüquq və vəzifələri ona izah edilib. Sonra evdə axtarış aparılıb. Görüntülərdən məlum olur ki, təqsirləndirilən şəxs axtarış tədbirlərində yaxından iştirak edib.
"Mənim qanım təmizdir, təmiz kişinin qızıyam. Alnım açıqdır. Kasıb adamam. Dövlətimi sevirəm, həmişə də sevəcəm. Mən nümunəyəm, əxlaqımla yaşamışam. Hər kəs məni tanıyır, evimdə narkotik ola bilməz", - İlhamə Elşadqızı videoçəkilişlə əməliyyat aparılan zaman qeyd edib.
Daha sonra cinayət işinin materialları arasında olan digər videogörüntü nümayiş etdirilib. Həmin görüntülərin Yasamal Rayon Polis İdarəsində çəkildiyi məlum olub.
Məhkəmədə videoçəkilişlə bağlı təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarını cavablandırıb. Bildirib ki, evində aparılan çəkilişdə qeyd olunanlar yalandır:
"Hamısı hap-gopdur. Mənim evimdə kino çəkiblər. Videolar montaj olunub. Anam da orada idi. Anamı çölə çıxardılar, bu zərif əllərimə qandal vurdular. Yeddi nəfər idilər".
Əvvəlki proseslərdə İlhamə Elşadqızı həbsinin işlətdiyi drel sözü ilə əlaqəli olduğunu demişdi:
"Məni məhz bu ifadəyə görə tutublar. Ağlı başında olan qadınam, gah dəlixanaya aparırlar, gah narkoman deyirlər. Düz 5 aydır əzab çəkirəm, mənim anamı ağladıblar. Mən elə-belə adam deyiləm. O qədər əsərlər yazmışam. Cəmiyyət üçün işlər görmüşəm. Mənə dəstək olmaq lazım idi…"
Hakim məhkəmə istintaqının tamamlanması barədə tərəflərin fikirlərini öyrənib, etiraz edən olmayıb. Bundan sonra çıxış edən dövlət ittihamçısı təqsirləndirilən şəxsin əməlinin sübuta yetirildiyini deyib, onun 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
İlhamə Elşadqızının vəkili ittihamın sübuta yetirilmədiyi deyib, müvəkkilinə bəraət istəyib. İlhamə Elşadqızı bəraət istəyib:
"Mən azadlıq istəyirəm, anam məni gözləyir. Müəllim ailəsində böyümüşəm, mən narkotik qəbul etməmişəm. Məhkəmənin ədalətinə sığınıram".
Daha sonra hakimlər müşavirəyə yollanıb. Müşavirədən qayıdan hakimlər hökm elan ediblər. İlhamə Elşadqızı 3 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Qeyd edək ki, İlhamə Elşadqızına Cinayət Məcəlləsinin 234.1-1 (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi üzrə ittiham irəli sürülüb.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ