İnsanlara hürriyət, millətlərə istiqlal!

Xarici invertorlar Azərbaycana can atır- Ölkə prezidentinin mühüm görüşləri

“Cənab Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak məqsədilə Nyu-Yorka səfəri çərçivəsində onun şəxsinə olan münasibət və keçirdiyi görüşlər yeni – Zəfər erasında, müstəqil və suverenliyini tam bərpa etdikdən sonra ölkəmizə olan etimadın, inamın və güvənin daha da artmasının göstəricisidir”.

Bu sözləri Musavat.com-a beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə deyib. Onun fikrincə, bu görüşlər Azərbaycanın ABŞ-la strateji tərəfdaşlıq qurması yolunda atılan mühüm addımlar, ölkəmiz üçün qlobal miqyasda açılan yeni qapılar olaraq da xarakterizə oluna bilər: “Hələ 8 avqust Vaşinqton görüşü zamanı Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması qərara alındı. Bu, ABŞ-la qarşıdakı dövrdə artacaq siyasi, eyni zamanda iqtisadi və mədəni münasibətlərdən, hərbi-təhlükəsizlik sahəsində birgə inisiativlərdən xəbər verir. Nyu Yorkda cənab Prezidentin “Blackstone”, “Brookfield Asset Management” və “Neuberger Berman” şirkətlərinin rəhbərlərinin istəyi əsasında keçirdiyi ikitərəfli görüşlər onu deməyə əsas verir ki, qlobal investisiya Azərbaycana gəlməyə can atır. Nəzərə alsaq ki, “Blackstone” dünyanın top 3 investisiya şirkətindən biridir, bu, olduqca böyük həcmli yeni layihələr çərçivəsində Azərbaycanla əməkdaşlığın genişləndirilə biləcəyini göstərir.

İlham Əliyevin xarici səfərləri həm də milli mövqeyin qlobal miqyasda tanıdılması və milli maraqların önə çəkilməsi məqsədinə xidmət edir, qlobal sülh və təhlükəsizlik istiqamətində çağırışlarla yadda qalır. Bu baxımdan, xatırlaya bilərik ki, cənab Prezident hələ 2020-ci ildə, BMT-nin 75 illik yubiley görüşündə (Baş Assambleyanın 75-ci sessiyası çərçivəsində), yəni hələ 5 il  öncə BMT Təhlükəsizlik Şurasının yenilənməyə və müvafiq islahatların aparılmasına ehtiyac duyduğunu bəyan etmişdi. O zaman Azərbaycan hələ tarixi 27 sentyabr hadisəsini yaşamamışkən, beynəlxalq tribunadan dünyaya səslənən, beynəlxalq ədalət axtaran Azərbaycan lideri, bu gün BMT tribunasında ölkəmizin öz gücünə ədaləti təmin etdiyini bəyan edəcək. Bununla yanaşı, cənab Prezidentin tezisini artıq ABŞ Prezidenti belə qəbul edib və BMT-nin faktiki olaraq boş sözlərlə dolu bəyanatlar verən və çağırışlar edən qurum olduğunu, real potensialını gerçəkləşdirməyə ehtiyac duyduğunu dilə gətirir. Başqa ifadə ilə, Azərbaycan Vətən müharibəsi ilə milli gündəliyini inkişaf etdirdiyi kimi, hər zaman qlobal gündəmin formalaşmasında da öncül rol oynayıb. Bu iradənin nəticəsidir ki, artıq bütün dünya Azərbaycanın şanlı qələbəsinin legitimliyinə heç bir şübhə duymadan, ölkəmizin balanslı xarici siyasətinə hörmətlə yanaşaraq, Azərbaycanla yeni əməkdaşlıq sahələri yaratmağın qarşılıqlı, o cümlədən regional və qlobal sülhə faydalı olacağına inanır”.

Cavanşir ABBASLI
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR