Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Prezidenti İlham Əliyev hazırda ABŞ-da rəsmi səfərdədir. Bu səfər çərçivəsində yaxın saatlarda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi və şahidliyi ilə keçiriləcək görüşlər Azərbaycan-Ermənistan münasibətlərində yeni bir səhifə açacaq.
Vaşinqton platformasında baş tutacaq danışıqlar, regionda uzun illər davam edən münaqişənin həlli istiqamətində tarixi dönüş nöqtəsi olacaq.
Gözlənilir ki, bu görüşlərin nəticəsində Azərbaycan və Ermənistan liderləri arasında Birgə Bəyannamə imzalanacaq. Bu sənəd, iki ölkə arasında yekun sülh müqaviləsinə aparan yolun əsas mərhələlərindən birinə çevriləcək.
Sülh gündəliyinin əsas şərtləri
Azərbaycan tərəfi sülh müqaviləsinin imzalanması üçün iki əsas şərt irəli sürüb və bu şərtlərin Birgə Bəyannamədə təsdiqlənməsi gözlənilir:
1. Minsk Qrupunun ləğvi ilə bağlı ATƏT-ə birgə müraciət;
2. Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların çıxarılması.
Gözlənilir ki, Vaşinqtonda bu prinsiplər rəsmi sənəd kimi təsbit olunacaq. Bu, Ermənistanın uzun müddət "daxili məsələ" kimi təqdim etdiyi konstitusiya dəyişikliyi mövzusunun artıq sülh prosesinin tərkib hissəsi kimi qəbul olunması demək olacaq.
Zəngəzur Dəhlizinin açılması
Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanın əsas hissəsinin Naxçıvanla maneəsiz quru əlaqəsi təmin edilməlidir. Vaşinqton görüşlərinin nəticəsində bu prinsipin də qəbul olunması və Zəngəzur Dəhlizinin reallaşması gözlənilir.
ABŞ ilə Ermənistan arasında ayrıca imzalanacaq sazişdə isə ABŞ-ın Zəngəzur Dəhlizinin beynəlxalq zəmanətçisi rolunu üzərinə götürəcəyi ehtimal olunur. Bu, layihənin regional deyil, qlobal əhəmiyyətini bir daha göstərir.
Sülh müqaviləsinin paraflanması
Yaxın saatlarda Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin sülh müqaviləsinin mətnini paraflaması gözlənilir. Bu, sənədin bütün maddələrinin razılaşdırıldığını təsdiqləyəcək. Paraflanma hələ yekun imzalanma demək olmasa da, bu istiqamətdə atılacaq ən ciddi addımlardan biri olacaq.
Prosesin yekun mərhələsi isə 2026-cı ildə Ermənistan Konstitusiyasında dəyişikliklər edilməsi üçün keçiriləcək referendumdan sonra sülh sazişinin tam imzalanması olacaq.
Tarixi müqayisələr
Donald Trampın bu prosesdə iştirakı bəzi analitiklər tərəfindən 1978-ci ildə ABŞ Prezidenti Cimmi Karterin vasitəçiliyi ilə imzalanmış Kemp-Devid sazişi ilə müqayisə olunur. Həmin sənəd Misir və İsrail arasında tarixi sülhün əsasını qoymuşdu.
İlham Əliyevin diplomatik qələbə strategiyası
İlham Əliyevin liderliyi ilə Azərbaycan son illərdə bütün strateji hədəflərinə nail olmaq yolunda ardıcıl addımlar atıb.
* 2020-ci ildə Vətən müharibəsi nəticəsində işğal altındakı torpaqlar azad edildi və Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu.
* Qələbədən sonra Azərbaycan sərhədlərdə və regionda mövqelərini möhkəmləndirmək üçün “Qisas” əməliyyatı da daxil olmaqla bir sıra lokal əməliyyatlar keçirdi, Laçında sərhəd-keçid məntəqəsi quruldu.
* 2023-cü ilin antiterror əməliyyatı ilə ölkənin tam suverenliyi bərpa olundu.
Siyasi müşahidəçilər hesab edir ki, İlham Əliyev təkcə müharibədə qalib gələn lider deyil, həm də sülh gündəliyinin banisidir. 2022-ci ildə təqdim olunan “5 əsas prinsip” bu gün imzalanması gözlənilən sənədlərin əsasında dayanır.
Qərbin təzyiqlərinə qarşı diplomatik iradə
Danışıqlar prosesi zamanı bəzi Qərb dairələri, o cümlədən ABŞ-ın Bayden administrasiyası və Fransa Prezidenti Makron, Azərbaycan-Ermənistan normallaşma prosesinə öz gündəliklərini sırımağa çalışıblar. Siyasi-diplomatik təzyiqlər, dezinformasiya kampaniyaları, hətta sanksiya hədələri ilə müşayiət olunan bu cəhdlər, Azərbaycanın prinsipial mövqeyi qarşısında iflasa uğrayıb.
Antiterror əməliyyatından sonra real danışıqlar mərhələsi başlayıb və 2025-ci ilin martında sülh müqaviləsi üzrə bütün müzakirələr yekunlaşıb.
Yeni regional reallıq
Vaşinqtonda imzalanması gözlənilən Birgə Bəyannamə ilə Azərbaycan bölgədə yaratdığı yeni status kvonu bir daha təsbit edəcək. ABŞ da daxil olmaqla beynəlxalq ictimaiyyət bu reallığı qəbul etmiş olacaq.
Siyasi ekspertlərin fikrincə, İlham Əliyevin ABŞ səfəri həm Ermənistanın, həm də regionun gələcəyini müəyyən edəcək bir mərhələdir. Bu proses Azərbaycanın diplomatik tarixində mühüm qələbə kimi yadda qalacaq.
Musavat.com
11 Avqust 2025
10 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ