İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər

Politoloq deyir ki, Azərbaycan diplomatiyası əks-hücumlar edir; “Prezident tənqidlərində tamamilə haqlıdır”

“30 illik bir müddətdə özlərini beynəlxalq birlik adlandıran Fransa, ABŞ və Rusiya - həmsədrlər ədalətin bərpa olunması üçün heç bir addım atmadılar. Və biz öz torpaqlarımızı azad etməyə başlayanda bu üç ölkə bizə təzyiqlər göstərməyə başladı”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Dövlət başçısı vurğulayıb ki, həmin ölkələrin hər biri Azərbaycanı öz yolundan döndərmək üçün müxtəlif alətlərdən istifadə edib: “Hər biri bizi öz yolumuzdan döndərmək üçün müxtəlif alətlərdən istifadə etdilər. Onlar istəmirdilər ki, biz öz torpaqlarımızı azad edək. Ötən ilin sentyabrında biz separatizmə son qoyduğumuz zaman onlar yenə də səhv etdilər. Onların bəziləri indi də səhv edirlər. Mən ABŞ və Fransanı nəzərdə tuturam. Düşünürəm ki, Rusiya indi nəyin baş verdiyini yaxşı anlayır və yeni reallıqları qəbul edir. ABŞ və Fransa da eyni cür hərəkət etməlidirlər. Əks təqdirdə vəziyyət onların planlaşdırdığı kimi olmayacaq. Bu ölkələr Cənubi Qafqazda buranın aparıcı ölkəsi, iqtisadiyyatı, ordusu, geniş beynəlxalq əlaqələri olan Azərbaycanla işləməlidirlər”, - deyə Prezident xəbərdarlıq edib.

Aydındır ki, Rusiyadan haqlı narazılıq həm də 44 günlük müharibədən sonra Qarabağda separatçı ünsürlərin tərk-silah edilməsinə yaradılan əngəllər, bu azmış kimi, üstəgəl, sülhməramlılar hesabına onların silahlandırılması və Ermənistandan ərazimizə minaların daşınması, habelə Ruben Vardanyan layihəsi ilə bağlıdır. 

Ancaq İlham Əliyev daha çox iki dövlətin - ABŞ və Fransanın adını çəkib. Bu o anlama gəlirmi ki, hazırda az-çox vasitəçi kimi yenə elə Rusiya işə yarayır? Çünki Moskva reallığı artıq qəbul etmiş kimidir...

Elşən Musayev: “Fotbol böyük siyasətdir”

Elşən Musayev 

Deputat Elşən Musayev dedi ki, cənab Prezident hər zaman reallıqları və həqiqətləri cəsarətlə dilə gətirib və onun 3 ölkə, xüsusən də 2 ölkə haqda söylədikləri də həmin qəbildəndir: “Nə Amerika, nə Fransa, nə də Rusiya Qarabağ münaqişəsinin həlli üçün 30 il ərzində heç nə etməyib. Və indi də həmin "ənənə", estafet Amerika və Fransanın timsalında nə təəssüf ki, davam edir. 

Məsələ burasındadır ki, adıçəkilən dövlətlər uzun illər boyunca həm də ATƏT-in Minsk Qrupunun həmsədri olublar. Söhbət o Fransadan gedir ki, hazırda ancaq iş korlamaqla, sülhü əngəlləməklə, suyu bulandırmaqla məşğuldur. Amma biz bir vaxtlar sadəlöhvcəsinə onların ədalət, sülh axtarışlarına inanmışıq. Ya da olsun Amerika. Ukraynanı hazırkı vəziyyətə salan, o boyda xalqı bu duruma gətirən dövlətdən ədalət, adekvatlıq gözləməyə dəyərmi? Əlbəttə ki, xeyr! Onların marağı harda toqquşursa, məhz orda peyda olurlar. Onların marağı harada təmin olunursa, o zaman dəstək olurlar. 

Amerika və Fransa bu gün keçmiş səhvlərini davam etdirmək əvəzinə, həmin səhvlərdən nəticə çıxarmağı bacarmalı, barı bundan sonra adekvat davranmalı, Qafqazın və ümumilikdə bölgənin ən güclü dövlətlərindən biri olan Azərbaycanla normal münasibət qurmalıdırlar. Bizə kimsənin yaxşılığı lazım deyil. Bircə pislik eləməsinlər. Azərbaycan öz ayaqları üzərində dayanmağı bacaran dövlətdir, sülhü, sabitliyi təşviq edən ölkədir. Və həqiqi dostluğa, əməkdaşlığa, sağlam müttəfiqliyə də daim sadiqdir. Amma nə yazıq ki, biz həmin mərdliyi və kişiliyi bəzən özümüzə münasibətdə görmürük, görə bilmirik. Bəzən elə ədalətsizliklərlə üzləşirik, elə haqsızlıqlara tuş gəlirik ki, bunu sözlə, hətta diplomatiyanın dili ilə belə təsvir etmək imkansızdır, mümkünsüzdür".

Deputat dedi ki, Ali Baş Komandan İlham Əliyev kimi ləyaqətli, müdrik lideri olan ölkəni yolundan kimsə döndərə bilməyəcək: “Eyni zamanda əminəm ki, enində-sonunda Amerika da, Fransa da biz deyəni deyəcək, bizimlə razılaşacaq, bizimlə hesablaşacaq və bütün həqiqətləri gec də olsa dərk edəcək”.

Deputat Sona Əliyeva: "Şagirdlər üçün xüsusi dərsliklər hazırlanır" -  AzEdu.az AZƏRBAYCAN TƏHSİL PORTALI

Sona Əliyeva 

Keçmiş deputat, siyasi şərhçi Sona Əliyeva hesab edir ki, ötən ilin sentyabrında gerçəkləşən antiterror tədbirlərindən sonra Kreml bölgədəki yeni reallıqları tam şəkildə qəbul etdi: “Çünki ortada Qərbə meyllənən Ermənistan və Gürcüstan nümunələri var. Moskva Tiflis və İrəvanın ardından Bakını da itirmək istəmir. Bu, Rusiyanın 250 illik Qafqaz hakimiyyətinin sonu deməkdir. Ona görə də imperiya ənənələrini davam etdirən Rusiya Azərbaycanın yaratdığı geosiyasi reallıqları qəbul və həzm etməyə məcbur qaldı. Yəni Rusiya bu addımı öz xoşu ilə atmır. Məhz bu baxımdan da Kreml hazırda Azərbaycanın maraqlarının müdafiəsinə kəskin reaksiya göstərmir. Qərbdəki ABŞ və Fransa koalisiyası isə əks yol tutub. Birləşmiş Ştatlar və Fransa təzyiq maşını vasitəsilə Azərbaycanın addımlarının qarşısını alacağını düşünür. Bu isə əbəsdir. Ona görə ki, Azərbaycan diplomatiyası masada 30 illik atəşkəs dövründəki müdafiə döyüşü aparmır. İndi Azərbaycan diplomatiyası əks-hücumlar edir və hücum oyunları qurur. Qərb Cənubi Qafqazın sonuncu həlqəsi kimi Azərbaycanı da öz qütbünə çəkməyə çalışır. Bunun baş verəcəyi təqdirdə Rusiyanı Cənubi Qafqazdan tamamilə sıxışdırıb çıxaracaqlarını düşünürlər. Əlbəttə, bu baş verməyəcək. Çünki Qərb platsdarma çevrilmiş Ukraynada Rusiyanın dizini yerə gətirə bilmədi. Deməli, şimal qonşumuz hələ də dünyanın iki-üç nəhəng söz sahibindən biridir. Üstəlik, Azərbaycanın yaratdığı reallıqlara qarşı "mülayim" mövqe sərgiləyir. Rusiya Azərbaycan vasitəsilə Zəngəzurda daha da möhkəmlənə biləcəyini yaxşı başa düşür. Üstəlik, Moskva anlayır ki, Bakı ən həssas məsələlərdə Ankara ilə birgə hərəkət edir. Ona görə də Kreml Azərbaycanın yanında olmağa çalışır. Üstəlik, ortada müttəfiqlik haqqında bəyannamə də var. Deməli, yaxın müddətdə vasitəçi kimi işimizə az-çox yaraya biləcək ölkə yenə də Rusiya olacaq. ABŞ və Fransanın Ermənistanın yanında olduğunu və vasitəçi kimi heç bir işə yaramadığını son 30 il ərzində gördük. Yenə də İrəvanın yanında olduqlarını aşkar şəkildə ifadə edirlər. Bu isə onların vasitəçilik missiyasını tamamilə bloklayıb".

Elxan Şahinoğlu: "Paşinyan həqiqətən sülh istəyirsə..."

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Ermənistan-Azərbaycan arasında sülhün əldə olunmasında vasitəçiyə ehtiyac görmür: “Prezident açıq-aşkar Fransa və Amerikanın mövqeyindən narazılığını ifadə etdi. Bu da təbiidir. Çünki Fransa qatı ermənipərəst mövqedən çıxış edir, Ermənistanı silahlandırır. Amerika isə Ermənistanı silahlandırmasa da, bu ölkənin Konqresində anti-Azərbaycan çıxışları, bəyanatları davam edir. Dövlət Departamenti ara-sıra Azərbaycan əleyhinə bəyanatlar verir, sənədlər qəbul edir. Amma buna baxmayaraq, Fransadan fərqli olaraq, Azərbaycan Amerika ilə təhlükəsizlik və enerji sahəsində əməkdaşlığını davam etdirir. Rusiyaya gəldikdə isə doğrudur, prezident Ermənistan-Azərbaycan arasındakı məlum məsələyə Rusiyanın çox da müdaxilə etmədiyini desə də, Rusiyanın vasitəçiliyi də hələ ki mümkün deyil. Bu heç tərəflər üçün də faydalı deyil. İndi əsas vasitəçi kimi, hələlik Almaniya çıxış edir. Brüssel də buna çalışır. Azərbaycan bundan imtina etmir. İlham Əliyev faktiki şəkildə Berlinin vasitəçiliyinə müsbət yanaşır. Çünki tərəflərdən bərabər məsafədə dayanıb. Bu mənada prezident tənqidlərində tamamilə haqlıdır. Əslində heç bir vasitəçiyə belə baxanda ehtiyac da yoxdur. Bunu daha öncə andiçmə mərasimində qeyd etmişdi. Birbaşa danışıqlara üstünlük verildiyi bəyan edilmişdi. Buna baxmayaraq, Berlin və Brüsselin vasitəçilik təşəbbüsünə də müsbət yanaşılır”. 

Cavanşir ABBASLI,
Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR