İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyev Minsk Qrupunu Şuşada “torpağa tapşırdı”

Prezident İlham Əliyev Şuşada çıxışında Minsk Qrupunun fəaliyyətinə son verilməsinə də toxunub.

Prezidentdən sitat: “Vasitəçilərə gəldikdə, əfsuslar olsun ki, bu gün hələ də Minsk Qrupu haqqında Ermənistanda yüksək vəzifəli şəxslər sözlər deyirlər. Hesab edirəm ki, bu, əbəsdir, bunun heç bir mənası yoxdur. Minsk Qrupu faktiki olaraq 2019-cu ildə iflic olmuşdur. 1992-ci ildə bu məsələni həll etmək üçün mandat almış bu qrup faktiki olaraq heç bir nəticə əldə etməmişdir. İndi bu qrupun tarixçəsinə və hərəkətlərinə, verdiyi təkliflərə nəzər yetirərkən bir daha görmək olar ki, bu qrup məsələni həll etmək üçün yaranmamışdır. Sadəcə olaraq, biz o vaxt bir qədər sadəlövh idik. Bu qrup məsələni həll etmək üçün yox, işğalı əbədiləşdirmək üçün yaradılmışdır. Minsk qrupunun həmsədr ölkələrində erməni lobbi qrupları çox təsirlidir. Məhz buna görə 28 il bu qrupun heç bir nəticəsi olmamışdır”.

İlham Əliyevdən daha bir sitat: “ATƏT, hansı ki, çox yaxşı başa düşür ki, Minsk qrupu artıq yoxdur. Düzdür mən, bir neçə ay bundan əvvəl, hələ Rusiya-Ukrayna müharibəsindən əvvəl demişdim, məndən soruşmuşdular ki, Minsk Qrupu nə ilə məşğul olacaq? Dedim ki, 2022-ci ildə onların yaranmasının 30 illik yubileyidir. Yubiley keçirəcəklər, sonra pensiyaya gedəcəklər. Amma Rusiya-Ukrayna müharibəsi başlayandan sonra heç yubiley keçirməyə bunlarda fürsət olmadı”.

Yeri gəlmişkən, Rusiya Minsk Qrupundakı keçmiş həmsədrinin missiyasını dəyişib, onu Azərbaycan və Ermənistan üzrə xüsusi nümayəndə təyin edib. Eyni addımı ABŞ da atıb. Ötən həftə Birləşmiş Ştatlar Minsk Qrupundakı həmsədrinin missiyasını dəyişdirib. İndi qalıb Fransa. O da yəqin ki, eyni addımı atacaq. Beləliklə, 30 ildir mənasız danışıqlar aparan, Azərbaycanın əl-qolunu bağlayan Minsk Qrupu tarix oldu.

Politoloq: “Taliban Əfqanıstanda sabitliyi qoruyub, ölkəni inkişaf etdirə  bilər”

Əhəd Məmmədli: “Fransa və Amerika faktiki olaraq Minsk Qrupuna son qoydular”

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli bildirdi ki, Minsk Qrupu ilə bağlı Prezident İlham Əliyevin çıxışı reallıqlara cavab verir: “Bu qrupun fəaliyyəti Qarabağda ermənilərlə kabab yeməkdən o tərəfə getmirdi. İndi orada kabab yemək, çaxır içmək bitdi, bunların fəaliyyəti də qurtardı. Bu da bir daha Azərbaycanın status-kvodan imtinasından xəbər verir. Normaldır, çünki Azərbaycan müharibədə qalib gəlib, yeni bir status-kvo qurulub. Yeni reallıqlar yaranıb. Artıq ATƏT-in Minsk Qrupu adında qurum yoxdur. Düzdür, Rusiya, Amerika, Fransa və Ermənistan çalışır ki, onu qaytarsınlar. Xüsusilə burada Rusiya və Ermənistan daha çox canfəşanlıq edirlər. Fransa və Amerika faktiki olaraq Minsk Qrupuna son qoydular. Çünki orada Rusiya var. Onunla bir yerdə olmaqdan imtina etdilər. Kreml Sergey Lavrov səviyyəsində qurumu geri qaytarmağa səy göstərir. Amma Azərbaycan Prezidentinin çıxışı onu göstərdi ki, ölkəsi əvvəlki konfiqurasiyaya qayıtmayacaq”.

Əziz Əlibəyli: Bu qarşıdurmanın davam etməsində Rusiya ona görə maraqlı idi  ki...

Əziz Əlibəyli: “Sülh müqaviləsi olacaqsa, bu, Rusiyanın rəhbərliyi altında baş tutacaq”

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli bir sıra vacib məqamlara toxundu: “Rusiyanın belə bir addım  atmasının əsas səbəbi əslində Minsk Qrupu ilə bağlı tək qalması və onu başqası ilə əvəzləməsinə bağlı idi. Çünki Rusiya prezidenti Vladimir Putinin özü də qeyd etdi ki, hər iki ölkə, yəni Avropa cəbhəsində yer alanlar Rusiyaya qarşı düşməndirlər və onların fəaliyyəti Minsk qrupunun sonunu gətirib. Bu istiqamətdə alternativ addım atmağı hədəfləmişdi. Məhz Brüssel görüşündən sonra bu addım atıldı. Rusiyanın əlinə bu imkanlar keçdi ki, Brüsselin əlində olan imkanları özünün təşəbbüsləri ilə əvəz etsin. Həmin təşəbbüslərin əvəz olunması prosesində Minsk Qrupunun fəaliyyət dairəsinin aradan qaldırılması mühüm rol oynadı. Bu baxımdan düşünürəm ki, Minsk Qrupunun yaradılmasının 30 illiyinə gətirib çıxaracaq hadisələr baş verməyəcək. Çünki faktiki Rusiya-Ukrayna müharibəsindən sonra bu əməkdaşlıq mexanizmi aradan qalxmış oldu. Rusiya bölgədə nüfuz gücünə sahib olduğu üçün Amerika və Fransanın problemin həlli ilə bağlı mövqeləri həlledici deyil. Bu mənada Brüssel danışıqlarından dərhal sonra Rusiyanın rusiyalı həmsədri sülh məsələləri üzrə xüsusi nümayəndə təyin etməsi onun cəhdidir ki, Avropa istiqamətindən aparılan sülh danışıqları da Rusiyanın əlinə keçsin. Şimal qonşumuz hər zaman olduğu kimi bölgədə üçlü, dördlü, yaxud beşli formatdansa, üçlü formata, yəni Rusiya, Azərbaycan və Ermənistan formatından yana olduğunu göstərmişdi. Görünən odur ki, sülh müqaviləsi olacaqsa, bu, Rusiyanın rəhbərliyi altında baş tutacaq, Kremlin maraqları qorunacaq, bölgədə başqa xarici gücün maraqları təmin oluna bilməz. Bu mənada Rusiyanın önə çıxması Avropaya mesaj olmaqla yanaşı, ola bilsin ki, gələcəkdə Qafqaz üzərində Rusiya-Türkiyə münasibətləri nəzərdən keçirilmiş olsun”.

Akif Nağı — Vikipediya

Akif Nağı: “Azərbaycan heç kəsə taleyimizlə oynamağa imkan verməyəcək”

QAT sədri Akif Nağı isə qeyd etdi ki, Minsk Qrupu ilə bağlı ermənilərin xülyalarına artıq son qoyulub: “Bu qrupun həmsədrləri bütün dövr ərzində ermənilərin işğalçı və ilhaqçı niyyətlərinə xidmət edib. Cənab Prezident bu məsələni tamamilə doğru və konkret şəkildə qoyub, bununla da super dövlətlər də razılaşmalı olublar. Rusiya və ABŞ-ın öz həmsədrlərinin statusunu dəyişmələri, Fransanın da bu addıma faktiki olaraq qoşulduğu onların Azərbaycanın yaratdığı yeni reallıqlar, tələblərlə razılaşdıqlarını göstərir. Azərbaycan bu illər ərzində həm dövlət, həm də cəmiyyət səviyyəsində dəfələrlə bildirmişdi ki, həmsədrlər ermənilərin maraqlarına xidmət edir. Biz də təşkilat olaraq həmişə bu mövqedən çıxış etmiş, onların fəaliyyətinin dayandırılması üçün praktiki müstəvidə də çalışmışıq. İndi hər şey yerini aldı. Ermənilərin bütün əyri-üyrü yollarla həmsədrlərin fəaliyyətini bərpa etmək cəhdləri, onların ətəyindən ikiəlli yapışmaları hər şeyi aydın şəkildə göstərdi. Amma Azərbaycan artıq hər şeyi çox gözəl bilir, bir daha heç kəsə taleyimizlə oynamağa imkan verməyəcəkdir. İstənilən situasiyada Azərbaycan tərəfi ermənilərin üzünə cavabı bəlli olan sualla müraciət etməlidir ki, həmsədrlərin fəaliyyətinin bərpa olunmasını nə üçün bu qədər təkidlə gündəmə gətirirsiniz, az qala yalvarırsınız? Ermənilər onları himayə edən həmsədrlərin fəaliyyətindən bir daha yararlanmaq istəyirlər. Amma Azərbaycan buna bir daha imkan verməyəcək, Azərbaycan Prezidenti Şuşa açıqlamasında xüsusi vurğuladı ki, biz təkcə Ermənistana deyil, həm də onların himayədarlarına qalib gəlmişik. İndi həmin himayədarlara imkan vermək olmaz ki, mənfur fəaliyyətlərini davam etdirsinlər. Müşahidələr göstərir ki, Azərbaycan buna imkan verməyəcək. Üstəlik, bu himayədarların ”xüsusi nümayəndə “ statusu ilə də çox əl-qol açmalarına imkan vermək olmaz. İndi regiona gəlməyə başlayıblar, amerikalı ”xüsusi nümayəndə" təşrif gətirib. Rusiyanınkı da gəlməyə hazırlaşır, xeyli vaxtdır anonsunu veriblər, amma hələ gəlib çıxmayıb, görünür, Azərbaycan rəhbərliyinin “yaşıl işığı”nı gözləyir. Belə də olmalıdır, onlar bizim işıqforlardan asılı olmalıdırlar. İnanırıq ki, elə də olacaq".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR