Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Trampın müşavirləri arasında intriqa davam edir. İlon Maskın qardaşı və özü tərəfindən “bir torba kərpicdən də axmaq” adlandırılan ticarət məsələləri üzrə prezident müşaviri Piter Navarro zahirən özünü təmkinli apararaq multi-milyarder İlon Maskın “böyük adam” olduğunu söyləsə də, saraydaxili savaşdan imtina etmiş deyil.
Navarro bazar günü NBC-nin "Mətbuatla tanış" verilişində Maskın günlər əvvəl ona ünvanladığı təhqirlərlə bağlı verdiyi uzun şərhdə "Məni daha betər adlandırıblar" deyib. Maskın Hökumətin Effektivliyi Departamentindəki (DOGE) işini tərifləyən Navarro əlavə edib ki, İlon yaxşı işləyir.
“Qardian” yazır ki, Navarronun Maskın tənqidinə və təhqiramiz hücumuna yumşaq cavab verməsi milyarderin Trampın qlobal tariflərlə bağlı təkliflərini tənqid etməsindən sonra baş verib.
Məlumdur ki, Navarro tariflərin hazırlanmasında mərkəzi rol oynayıb. Bunun nəticəsində Maskın biznes maraqlarına ciddi ziyan dəyib. O, bu avantürada milyardlarla dollar pul itirib. Yəni Maskın Navarronu təhqir etməsi heç də onun Amerika xalqına və başqa ölkələrə ziyan gətirən “islahatları” üzündən deyil, sırf öz biznesinə görədir.
Bununla belə, Navarro nə qədər Maskın qabağından qaçırmış kimi görünsə də, ilan kimi dişində zəhər gəzdirdiyini büruzə verib və elektrik avtomobil istehsalçısı “Tesla”nın rəhbərinin istehsalçı olmadığını, "avtomobil yığan" olduğunu bildirib.
Dünən isə "Meet the Press"in aparıcısı Kristen Uelkerlə söhbəti zamanı Navarro ona ünvanlanmış uyğun suala belə cavab verib: "İlon və mən əla işləyirik. Problem yoxdur".
Məsələ ondadır ki, onlar əla işləmirlər və arada problem var. Hətta Navarro ilə müqayisədə İlon Mask daha yaxşı işləyir, Amerikada on minlərlə dövlət məmurunun havayı maaş aldığın, ortaya iş qoymadıqlarını sübut edib və göstərib ki, onların ixtisar edilməsi dövlət idarəçiliyinin işinə heç bir mənfi təsir göstərməyəcək, əksinə, külli miqdarda büdcə vəsaitinə qənaət olunmasına gətirib çıxaracaq.
Navarro isə öz “tarif islahatı” ilə ABŞ-ni dünya dövlətləri ilə üz-üzə qoyub, ölkənin siyasi nüfuzuna zərbə vurub, iqtisadiyyatını risk altına atıb. Bu adam “çomağın iki başı olduğunu” nəzərə almayıb. Bu, Çinin yeni tariflərə reaksiyası zamanı açıq-aşkar üzə çıxdı. ABŞ-nin tətbiq etdiyi tariflərə cavab olaraq, Çin də ABŞ-yə “qiymət oxudu”. Daha sonra, ABŞ Çindən idxal etdiyi malların rüsumunu artıranda, Çin pəs etmədi, o da eyni addımı atdı. Nəticədə “tarif savaşı” absurd səciyyə aldı, dalana dirəndi, ticarət sövdələşmələrini heç-puç etdi.
İndi Amerika isteblişmentində düşüncə budur ki, əgər Navarro yaxşı maliyyəçi olsaydı, Trampı dünya ölkələri ilə, əsasən də Çinlə “ticarət savaşı”na girməkdən çəkindirər, onun üçün dalana aparan “yol xəritəsi” hazırlamazdı.
Yuxarıda sözügedən verilşdə Uelker Navarrodan onun köməyi ilə tətbiq edilmiş tariflərlə bağlı Maskın tənqidinin sonradan Trampın əksər ölkələr üçün tarif artımlarını 90 gün müddətinə dayandırmasında rol oynayıb-oynamadıını soruşub.
Navarro suala birbaşa cavab verməyib, əvəzində 2024-cü ilin martından başlayaraq dörd ay həbs cəzası çəkdiyindən danışıb. O, bu cəzanı 2021-ci il yanvarın 6-da Trampın tərəfdarlarının Kapitoliyə hücumunu araşdıran Konqres üzvlərinin çağırışı ilə Konqresdə ifadə verməkdən boyun qaçırdığı üçün alıb. Konqres üzvləri onun ifadə verərək Trampın üzünə durmasını istəyirdilər və düşünürdülər ki, bu yolla Trampın prezidentliyə namizəd olmasının qarşısını ala biləcəklər. Ancaq Navarro Trampa qarşı ifadə verməkdənsə, həbsdə yatmağı üstün tutub.
O, ötən ilin iyul ayında həbsdən azad edilib və Trampın noyabr seçkilərində ikinci müddətə qalib gəlməsindən sonra Ağ Evdə ticarət və istehsal üzrə baş məsləhətçi təyin edilib. Navarro bu epizodu xatırlamaqla, güman ki, Trampın yolunda türməyə düşməkdən çəkinmədiyini vurğulamaq istəyib.
“Qardian” qeyd edir ki, Mask Navarronun yeni müsahibəsi barədə hələlik heç bir şərh verməyib. Ağ Evin sözçüsü Kerolayn Levitt Mask və Navarro arasındakı mübahisə ilə bağlı fikrini soruşan jurnalistlərə belə cavab verib: "Onlar oğlan uşağıdır və biz onların ictimai çəkişmələrinin davam etməsinə icazə verəcəyik".
Xatırladaq ki, həmin “oğlan uşağı”ndan birinin (İlon Maskın) 54, o birinin (Piter Navarronun) 76 yaşı var. Onların hər ikisi dünyanın ən qüdrətli dövlətinin prezidentinin müşavirləridir.
Beləliklə, Tramp iki sevimli müşavirinin arasında qalıb. Onlardan biri onun üçün külli miqdarda pulundan keçib, o biri ondan ötrü türmədə yatıb. Görək, Tramp axırda hansının tərəfini tutacaq və ya onları necə barışdıracaq.
Araz Altaylı, Musavat.com
15 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ